Məğlub olduqları bütün seçkilərdən sonra, ənənəvi müxalifət təmsilçilərinin kağız üzərində formalaşdırdıqları şoxsaylı qurumların növbəti seçkilərə qədər ayaqda qalmaları və seçkilərdən sonra dağılma prosesini yaşamaları faktdır. Ümumiyyətlə, müxtəlif olsalar belə, fəaliyyətləri eynilik, bənzərlik təşkil edən müxalifətin sonradan "cəmlənməsi" əslində, daha çox qarğa bazarına bənzəyir. Dağıdıcı müxalifət düşərgəsinə mənsub olan bir sıra qəzetlərin çoxsaylı qeyri-ciddi qurumlar haqqında pafoslu, odlu çıxışları dərc etməsi isə quruca görüntüdən başqa heç nəyi xatırlatmır. Bəs əslində, orada nə baş verir? Məsələn, görün parlament seçkilərindən sonra düşərgədə nə qədər qurum və bilik var və onların heç biri bir qara qəpiyə belə dəymir.
Lakin bu sualın cavabını axtarmaq üçün heç bir çətinlik çəkmədən ortaya toplaşanlara səthi və ötəri nəzərə salmaq kifayətdir.
Domino-nərd oyunu gedir və bu oyunların sonu zər tutub, daş gizlətməklə nəticələnir
İlk öncə, ictimai birlik kateqoriyasında fəaliyyət göstərəcəyini elan edən bəzi QHT rəhbərləri sonradan yaratdıqları qurumlara digər siyasi partiya sədrlərini dəvət etdilər. Bu dəvətdən öz şəxsi ambisiyaları üçün istifadə etmək həvəsində olanlar da "məmnuniyyətlə" həmin dəvətləri qəbul etməkdədirlər. Məsələn, İsa Qəmbərin "Milli-Strateji Düşüncə Mərkəzi" bu sıradandır. Vaxtilə digər müxalifət birliklərində olanlar indi də bu istiqamətdə son nəfəslərini vermək məvburiyyətində qalırlar. Çünki hazırda "Böhran koalisiyası" deyilən daha bir qurum var ki, özünü ortaya atıb və "xalqı düşündüyünü" iddia edir. Halbuki bu, heç də belə deyil! Yəni az müddət sonra hərə öz "ağlını", "istedadını" müxtəlif səpkilərdə ortaya qoymaqla orada hər kəsdən üstün olduğunu sübut etməyə cəhd edir ki, bu da mövcud sübutlardan biridir.
Oxu ki, oxuyasan..!
İstənilən halda, heç bir uğura imza ata bilməyənlərin çayxana tipli yığıncaqları kimi nəzərə çarpan bu cür qurumlar daxilində ən yaxşı halda domino-nərd oyunu gedir və bu oyunların sonu zər tutub, daş gizlətməklə nəticələnir. Yəni yumruq, şillə-təpik məsələsi ortaya çıxır. Məhz bu aktivlikdən başqa heç bir fəaliyyət göstərmək gücündə ola bilməyən yöndəmsiz qurumlarda həqiqətdə deaktivlik müşahidə olunur və bu müşahidələr nəticə etibarı ilə növbəti tənəzzülü xatırladır...
Bu cür təşkilatlara xalq yaradıcılığı leksionundakı bir çox ayamalardan, ibarələrdən və ifadələrdən səsləndirmək mümkündür. Çünki həmin təşkilat Məşədi İbad demişkən, bir növ hamama bənzəyir. Daha doğrusu, hamamın qapısı taybatay açıq olduğu kimi, oranın da qapısı-bacası yiyəsiz-sahibsiz qalıb. Yəni orada "bezpredel"dir. Zira, oraya gəlib-gedənlərin də əsli-nəcabəti bilinmir ki, onlar kimlərdir və nəçidir (Yəqin ki, oraya gedənlər həm də çimib kisələnmək, illərlə yığılıb qalmış kir-paslarından təmizlənmək istəyirlər)?!
Bəli, necə deyərlər, hamamda avaz yaxşı gəlir. Ona görə də hərə əlinə bir tas alıb muğamül-üns oxuyur. Oxu ki, oxuyasan..!