Argentinada işləməyən adam işləyən adamdan iki dəfə artıq pul alır. Amma heç kim işdən çıxıb evdə oturmur, işsizliyi özlərinə təhqir hesab edirlər. Hansısa müsəlman ölkəsində, lap elə Azərbaycanda işləməyən adama işləyən adamdan daha çox maaş versən, hamı işdən çıxıb evdə oturacaq. Kimə yalvarsan ki, qurban olum, işə get, təpənin ortasından elə bir yumruq qoyacaq ki, peşman olacaqsan. Hərif deyil ki... Dünən bütün günü bunu fikirləşmişəm. Mark Levinin "Bir-birimizə demədiyimiz sözər" əsərindəki "android ata" kimi düşünməyə başlamışdım və bu zaman bizim yerli radiolarımızdan birinin aparıcısının fikirləri məni yuxudan oyatdı: "Ruslar bizlərə özlərinin istedadsız aktyorlarını sırıyıblar". Ardınca da bu adam N.V.Qoqolun adını çəkir və onu bir yazıçı kimi bəyənmədiyin deyir. Lermontov, Puşkin, Tolstoy və Dostoyevski haqqında elə danışır ki, elə bil maştağalı hansısa meyxanaçı haqqında fikir söyləyir. Aparıcı köhnə Nöyüt (Neft) Akademiyasını bitirib, ömrünü avtoşların həyatına, maşınlara həsr edib. Bu bədbəxt nə bilsin ki, L.Tolstoyun dünya ədəbiyyatına verdiyi qazancın sayı-hesabı başındakı qıldan çoxdur. Dostoyevskinin "Cinayət və Cəza"sını oxuyub anlamadığını söyləyir. Hörmətli aparıcı, onu anlamaq üçün adamda baş lazımdır. Təsəvvür et ki, dünya ədəbiyyatında Dostoyevski yoxdur... Ədəbiyyatın cındırından cin hürkər, dünya ədəbiyyatı o qədər kasıb, rəzil görünər ki, onu heç kim bu rüsvayçılıqdan qurtara bilməz. Orta məktəbdə oxuyanda, M.Şəhriyarın "Heydərbabaya salam" əsərini oxuyanda maraqlı hallarla rastlaşırdıq. Bir savadsız müəlliməmiz var idi, ustad Şəhriyarı qəbul etmirdi, bəyənmirdi. İş o yerə çatmışdı ki, "Heydərbabaya salam"da şairin "Heydərbaba, gün dalıvı dağlasın" misrasını bizlərə "Heydərbaba, gün yanıvı dağlasın" şəklində oxuyurdu və məcburən bizlərə də bu formada oxutdururdu.
Mən elə bilirdim ki, təkcə televiziyalarımızda acınacaqlı durum hökm sürür. Sən demə, radiolarımız daha betər gündədir. Mənim özümün də çox yaxşı tanıdığım bir xanımı radioya qonaq çağırmışdılar. Cəmi 7 şeiri, 1 hekayəsi var, amma radioda "yazıçı", "tanınmış publisist" kimi təqdim olundu. Qulaq asırdım. 10 milyonluq xalqın qulağı eşidə-eşidə yazdığı hekayəni danışırdı: "Suriyada qatillər bir körpənin ata-anasını öldürürlər. Uşaq gözü yaşlı, ucadan qışqırır ki, Allaha deyəcəm hər şeyi...". Ayıbdır, vallah, bu xanım "yazıçı" elə bilir ki, hamı çox şeydən xəbərsizdir. Bu sözü deyən 3 yaşlı suriyalı uşaqdır. Valideynlərini də vəhhabilər qətlə yetiriblər. Uşaq da yaralanmışdı və həkimlər onun yaralarını bağlayarkən uşaq bu sözləri demişdi: "Allaha deyəcəm hər şeyi...". Bunu bütün dünya mətbuatı tirajlamışdı. İndi xanım "yazıçı" bu boyda oğurluq edir, utanmadan bunu xalqa da öz əsəri kimi təqdim edir, hələ bir müsabiqəyə də təqdim edib mükafat almışdı. Xanım "yazıçı" bu hərəkəti ilə o uşağın ata-anasını öldürən vəhhabilər qədər cani və qatil deyilmi? Bəlkə də onlardan da betər qatildir.