PDF Oxu

Köşə

  • 3 105

1 nömrəli həyat marşrutu

image

Əvvəllər 1 nömrəli marşruta minməkdən qorxurdum, bu marşrutun çox qəribə xətti var idi. Bu avtobusun üstündə hansı xətt üzrə hərəkət etdiyi yazılmışdı: "4 nömrəli doğum evi", "80 nömrəli məktəb", "Tibb Universiteti", "Semaşko xəstəxanası", "Xutor qəbiristanlığı...". Bir ömür yaşamaq üçün 1 nömrəli marşruta minmək bəs edirdi, doğum evindən qəbiristanlığa qədər özü aparırdı səni... Bəlkə də təsadüfdür, amma bir neçə dəfə "Xutor qəbirisatnlığı"nın yaxınlığında qəza eləmişdi. Doğum evindən çıxıb evinə getmək istəyənlərin bir neçəsinin də elə son mənzili "Xutor qəbiristanlığı" olmuşdu. Sağ olsun, bizi əzab-əziyyətə salmırdı, sadəcə otururdun və bir ömür 20 qəpiyə başa gəlirdi adama. Dünyada bu qədər ucuz başa gələn həyat harda tapmaq olar!? Kimsə bu avtobusdan istifadə edibsə, bilər. Etməyənlər deyərdim ki, çox böyük fürsəti əldən veriblər. Çox maraqlı idi. Məsələn, avtobusu sürücülük vəsiqəsi olmayan gənclər, ayağının biri olmayan yaşlılar, gözü 92% görməyən ahıllar sürürdülər. Gənc sürücü telefonu başına yaylıqla bağlayıb, qulağına sıxmışdı ki, rahat danışsın, daha əlini yuxarı qaldırmasın. Qulaqcığın düyməsini basan kimi, səs açılırdı. Dünya vecinə də deyildi. Bu marşrut dayanacaqdan başqa, hər yerdə saxlayırdı. Uzun illər keçdi, sürücülərə hələ də başa sala bilmədilər ki, ay oğlum, avtobusu dayanacaqda saxlamaq lazımdır. Təzə eşqə tutulmuş, Əmrahın, Mahsun Kırmızığülün "Bəlalım" mahnısından təsirlənib şirinçayla özünə "çolka" düzəldən sürücülərdən biri hələ də yaddaşımda kök salan bir şeiri qələmlə yazıb, içəridən qabaq şüşüəyə yapışdırmışdı:

Ben sana hep üşüyordum,

Çünkü kıştım...

Nakıştım, bakıştım.

İnkar etmiyorum da bunu,

Seni sevmek gibi büyük

İşlere kalkıştım.

Ve lütfen inkar etme,

Sana en çox ben yakıştım...

Qadın tarix müəllimimə (guya sevirdim...) Baloğlan Əşrəfovun "Ana" muğamatı kasetini verməyim yadıma düşmüşdü. Müəllifini bilmirəm, amma bu şeiri oxuyana qədər heç vaxt poeziyadan bu qədər həzz almamışdım. Qoltuq altı qoxuyan marşrut gözümdə poeziya məclisi kimi canlandı, artıq sürücüyə qibtə edirdim. Zalım oğlu gözümdə Nazim Hikmət idi. Hələ konduktoru demirəm, Bodenştet kimi sanki sürücünün ölümünü gözləyirdi ki, sükanı bütünlüklə ələ alsın... Bu marşrutda sürücünün sərnişinə "qardaş, hara gedirsən?" sualı "hamının getdiyi yerə..." şəklində cavablanırdı. Heç kim fərqli cavab verməzdi.

P.S. İndiki gənclər qız da sevə bilmirlər. Yox əgər sevsələr, sonda ya qız özünü balkondan atır, ya da oğlan "niqodnı" hərbi biletini cırır və acıq eləyib əsgərliyə gedir..

Digər xəbərlər