PDF Oxu

Köşə

  • 2 661

Güclü cəmiyyətin zəif "müxalifəti"

image

Hər bir normal, demokratik cəmiyyətdə vətəndaşların sosial fəallığının, siyasi yetkinliyinin hərarət və səviyyəsini müəyyənləşdirən meyarlardan biri, bəlkə də, öncülü seçki institutudur. Ölkədəki prezident, bələdiyyə və parlament seçkilərindən ötən dövr ərzində radikal müxalifət düşərgəsində siyasi passivliklə müşahidə olunan kəskin böhran daha da dərinləşib. Son parlament seçkilərinin demokratikliyi seçkinin nəticələrini tanımayan müxalifət düşərgəsini daxili və xarici qınaqlarla üzləşdirdi. Bu fakt özlüyündə hakimiyyət iddiasında olan müxalif düşərgənin az qala iki onilliyi əhatə edən səbatsız siyasi fəaliyyətinin məntiqi nəticəsidir. Ana müxalifətçiliyə iddialı iki partiyanın namizədlərinin parlamentdən kənarda qalması ilə nəticələnən seçkilər sübut etdi ki, ölkə vətəndaşı müxalifət liderlərinə etimad göstərmir, destruktiv və dağıdıcı siyasi qüvvələrin hakimiyyətə gəlmək istəyini dəstəkləmir. Siyasi partiyaların mübarizə tarixində qələbə çalmaq üçün onların yeniləşməsi, məzmun və forma etibarilə daha məhsuldar və effektiv gedişləri ehtiva edən yeni taktiki konsepsiya müəyyənləşdirməsi əsas şərt kimi dəyərləndirilir. Reallıq isə budur: uduzanlar siyasətdən getməli, onların yerini praqmatik və konstruktiv qüvvələr tutmalıdır. Seçki məğlubiyyətinin dəfələrlə təkrarlanmasına rəğmən, radikal müxalifət liderləri belə bu addımı çoxdan atmalı idilər. Artıq nəinki cəmiyyət, heç rəhbərlik etdiyi partiyaların üzvləri də onların gələcəyinə inanmır. Son illər ərzində Müsavat və Xalq Cəbhəsi partiyalarının sıralarındakı "yarpaq tökümü"nə nəzər salmaq kifayətdir. Kimlər getmədi? Kimlər tərk etmədi yumşaq "divan"dakı yerini..? Heç kəsə sirr deyil ki, bu gün radikal mövqe nümayiş etdirən müxalifət partiyaları maliyyə dəstəyini xarici dövlətlərdən alır, əlləri "qoca qitə"dən - Skandinaviyadan tutmuş okeanın o tayınacan səpələnmiş "dayı"larının cibindən çıxmır. Bu isə birbaşa Azərbaycanın dövləti və milli təhlükəsizliyinə təhdid və təhlükə mənbəyidir. El arasında nahaq yerə demirlər ki, özgəsinin buğda süfrəsindən yalmanan pişik məqam düşəndə özününkünün qəsdinə duran çaqqala çevrilə bilər.

Bütün geridə qalmış seçkilər bir daha göstərdi ki, müxalifətin artıq xalqa deyəsi heç bir sözü qalmayıb, o, tükənib, aşınıb, köhnəlib. Belə bir uğursuz sonluq nəticə etibarilə müxalifətin səhnədən üzüsulu getməsini şərtləndirməli idi. Bu, iqtidarın arzusu, yaxud hansısa siyasi qrupun istəyi deyil, konkret situasiyada özünü təsbit edən yeganə məntiqi variantdır. Bu gün onların arasında gənc müxalifət yetişir. Onlar tək yaşlarına görə deyil, həm də düşüncə, ideya etibarilə mütərəqqi və gəncdirlər. Sıralarındakı köhnə təfəkkürlü, antimilli adamları görürlər, müasir tipli mübarizə vasitələrinə meyil edirlər, intellektual üstünlüyə, ağıl və əməlin prioritetinə önəm verirlər. Anlayırlar ki, sivil mübarizə yolu ilə, ağılla məqsədə daha tez və rahat çatmaq mümkündür, nəinki küçələrə tökülüşüb fit calmaq, daş atmaq, məzhəkə çıxarmaqla. Belə bir davranış artıq müxalifətin öz içərisindən çıxan müxalifət yaranmasından xəbər verir. Cəmiyyət normal müxalifət və sivil mübarizə üsullarını tanıyır.

Qoy müxalifət ortaya dəbdəbəli bəlağətdən, quru boşboğazlıqdan, yazdığı donoslardan savayı bir iş qoysun, sarıdığı bir yaralı barmaq göstərsin. Məgər bu ölkənin onlara dəxli yoxdurmu?! Barmaq qatlasınlar görək, yığışıb harada bir ağac əkiblər, bir kimsəsizə hayan durub, bir imkansıza əl uzadıblar?! Bu ölkə, bu xalq üçün görülən işlərin hansınasa sevindikləri, alqışladıqları yadlarına düşürmü? Məgər bu dövlətdən barınanlar içində özcə qohumları, tanışları, qonşuları yoxdurmu? Yoxsa Allah onları sevinmək hissindən də qısır yaradıb?

Beləliklə, radikal müxalifət düşərgəsinin yeniləşməsinin zəruriliyi bir neçə amillə diktə olunur. Başlıca amil ondan ibarətdir ki, onlar son 20 ildə ölkədə keçirilmiş bütün seçkilərdə məğlubiyyətə uğrayıblar. Məğlub partiyalar isə qəbul edilmiş siyasi davranış normalarına görə ya yeniləşməli, ya da tarixin arxivinə atılmalıdır. Təəssüflər olsun ki, bizdə nə birinci proses baş verir, nə də "əbədi gənc" təqaüdçülər siyasi səhnədən çəkilmək mədəniyyəti nümayiş etdirirlər. Bu müxalifətin əsas məqsədi cəmiyyətdə siyasi qüvvələr arasında sivil münasibətlər qurmaq, ümummilli məsələlərin həllində vahid mövqe nümayiş etdirmək, Azərbaycanın Avropanın, Qərbin demokratik cəmiyyətlərinə inteqrasiyası yolunda atdığı addımlarda iqtidara yardım göstərmək deyil, əksinə, iqtidarın uzun illər gördüyü işləri, çox gərgin fəaliyyət nəticəsində əldə etdiyi uğurları inkar etmək, bütün vasitələrlə, hətta vətəndaşlar arasında qarşıdurma yaratmaq, xalqa maddi ziyan və mənəvi zərbələr vurmaq bahasına olsa belə, öz çirkin məqsədlərinə nail olmaqdır. Lakin indi onların nə əvvəlki tək zəif olaraq qalan sosial bazaları, nə də müxalifətçiliklərinin uzanması səbəblərini izah edə biləcək ciddi arqumentləri qalıb. Ona görə də onlar özlərini onları dəstəkləməyən güclü cəmiyyət üzvü hiss etsələr də, güclü cəmiyyət bu cür "müxalifəti" rədd edir...

Digər xəbərlər