Artıq bir faktdır ki, Azərbaycanın daxili siyasi həyatında ənənəvi müxalifət kimi təqdim olunan siyasi düşərgənin fəaliyyəti ictimai rəydə yox səviyyəsində qiymətləndirilir. Bunun nəyə görə baş verməsi, səbəbləri və nəticələri barədə hazırkı dövrə qədər bir çox məsələlər haqqında qeydlər olunub. Ona görə də yenidən həmin məsələlər barədə xatırlatmalar etməyə ehtiyac da duyulmur. Lakin ortada daha məqamlar nəzərə çarpır. Bu məqamlar ölkənin siyasi mühitində "yeni müxalifət" kimi təqdim olunan siyasi təşkilatların ənənəvi və radikal-dağıdıcı xarakterli müxalifəti arenadan çıxdaş etməsidir. Məsələn, ölkənin daxili siyasi mühitində Razi Nurullayevin sədri olduğu və Ə.Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) alternativ yaradılan AXCP-nin, Qubad İbadoğlunun liderliyi ilə Müsavatdan ayrılan və özəlliklə sabiq müsavatçıların cəmləşdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR), digər sabiq müsavatçı Tural Abbaslının təsis etməyə hazırlaşdığı "Ağ Partiya"nın, eləcə də sədri İlqar Məmmədovun həbsdə olmasına rəğmən REAL hərəkatının fəaliyyətləri aşkar şəkildə AXCP, Müsavat, "Ümid", ADP, VHP, KXCP, VİP, AMİP, ALP, ALDP və s. kimi ənənəvi düşərgə partiyalarını kölgədə qoymaqdadır. Bu partiyalar aşkar şəkildə məğlubiyyət və siyasi iflas dövranı yaşadıqlarını inkar etməsələr də, ortada olan faktların hər biri, məhz bu cür düşünməyə zəmin yaradır. Uzun illər həmin partiyaların didişmələri, çarpışmaları və müxalifətin "anası" olmaq uğrunda, hətta şillə-təpikli savaşa qalxmaları nəticə etibarilə sözügedən vəziyyətin yaranmasına səbəb olub. Ona görə də parçalanmalar və qopmalar, xüsusilə həmin partiyalar daxilindən olan ayrılmalar yeni müxalif qüvvələrin səhnəyə çıxmasına səbəb oldu. Bu qüvvələr isə, söz yox ki, çıxdıqları şinelləri bəyənməməklə yanaşı, yeni müxalifət doğmalaşması tendesnsiyasından çıxış etməyə başlayıblar. Etiraf naminə deyə bilərik ki, yeni yaranan müxalif güclər qətiyyətlə radikalizmi, dağıdıcılığı, dövlət maraqlarına qarşı çıxmaq kimi ucuz təfəkkürü rədd edir. Bunun əvəzində isə, Azərbaycanın müxalifət səhnəsinə necə deyərlər, yeni ab-hava gətirməyə çalışırlar. Düzdür, hələ ki, ciddi uğurlara və nəticələrə gəlinməsə də, ədalət naminə etiraf edə bilərik ki, yeni müxalifət konsolidasiyalara, kompromislərə getməkdən çəkinmir və iqtidarla dialoqa qatılmaq marağından çıxış edirlər.
Radikallar isə, öz köhnə və açığı desək, zəhlətökən ənənələrinə sadiq qalaraq, eyni şablon üslubundan çıxış edirlər. Yeni yaranan müxalifət isə, bu şablonçuluqdan kənarda qalmağı üstün tutur və nəticə etibarilə ənənəvi müxalifətin siyasi məhvini sürətləndirir. Hər halda, lazımsız, radikal təfəkkürlü, dağıdıcı xarakterli, küçə uşağı düşüncəsi ilə fəaliyyət göstərən müxalifətdənsə, konstruktiv, dialoqlara üstünlük verən, tənqidini normal şəkildə etməyi bacaran müxalifətin olması daha yaxşıdır. Bu, həm də "ölkəyə müxalifət lazımdır, lakin bu müxalifət dövlət maraqlarını şəxsi mənafelərinə qurban verərək, əzib keçməməlidir" prinsipin də qorunub-saxlanmasına zəmin yaradır. Çünki demokratik Azərbaycanda demokratiya prinsipləri qorunur. Hər halda, normal müxalifətin yaranması və siyasi fəaliyyəti də belə qənaətə gəlməyə əsas verir.