Türkiyədə baş verən məlum hadisələrin ardınca post-sovet məkanında, xüsusilə Ermənistanda və Qazaxıstanda cərəyan edən hadisələrin ildırım sürətilə dünya mediasına yayılması bəlkə də təsadüfdür. Təbii ki, bunun real təsadüf olub-olmamasını bir müddət sonra təmin olacaq. Amma faktiki olaraq, işğalçı Ermənistanda vəziyyətin get-gedə gərginləşməsi, birinci Qarabağ müharibəsində iştirak etmiş keçmiş hərbçilərin polis alayının qərargahını girovlarla birgə zəbt etməsi, Sarkisyan iqtidarına "get" şərti irəli sürməsi, o cümlədən, silahdaşları olan Jirayr Səfilyanın həbsdən azad olunmasını tələb etməsi belə deməyə əsas yaradır ki, Sarkisyan rejimi çökməkdədir.
Qazağıstanda bir müddət öncə radikal islamçıların silahlı hücumları və insan ölümləri ilə nəticələnən hadisələr törətmələri, dünəndən başlayaraq bu ölkədə yenidən silahlı hücumların baş qaldırması qənaətinə gəlməyə zəmin yaradır ki, bölgədə vəziyyətin stabilləşməsi, həqiqətən də, görünən, ya da görünməyən qüvvələrin marağı kontekstindədir.
Daha bir maraqlı məqam hər üç hadisənin Azərbaycanla sərhəddə olan bölgələrdə yaşanmasıdır. Türkiyə, Ermənistan və dəniz sərhədimiz olan Qazağıstan...Amma nəzərə alsaq ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizə qarşı dəfələrlə belə təxribatlar planlaşdırılıb və bütün baş verənlərə rəğmən ölkəmiz bu təxribatların hər birini köklü şəkildə dəf edib, onda hazırkı dövrdə də gözlənilən təxribatlardan yan keçəcəyimizi düşünə bilərik. Yəni nəzərə alsaq ki, 20 il öncə Azərbaycanda müstəqilik yeni qazanılmışdı, onun təməlləri zərif və həssas idi, "sadvalçılar", "muğançılar", daha nə bilim kimlər, kimlər həyasız sarmaşıq kimi hər tərəfdən Azərbaycanı bürüməyə cəhdlər edirdi, həmin dövrlərdən fərqli olaraq, Azərbaycan güclü, monolit və sarsılmaz təməllərə söykənən dövlətə çevrilib. Biz bunu ötən ilin noyabrında Nardaran hadisələri və ondan öncə bölgələrimizdə yaşanan təxribatçılıq əməllərinin ram edilməsi faktorunda görmüş olduq. O cümlədən, bu ilin aprelində işğalçı Ermənistanın hərbi təxribatlarına sərt cavab verilərkən biz dövlətimizin gücünü, qüdrətini, beynəlxalq qurumların və təşkilatların, aparıcı ölkələrin onunla hesablaşma aparıldığını gördük. Amma...
Amma Türkiyə kimi bir əsrə yaxın müstəqil Cümhuriyyətdə baş verənləri nəzərə alsaq, demək belə qənaətə gəlməliyik -gənc müstəqil dövlətimizə, millətimizə, xalqımıza qarşı bizi istəməyən qaranlıq, mənfur qüvvələr hər an dişlərini qıcayıb hücuma keçə bilərlər! Düşmən heç vaxt "mən gəlirəm" deyib də təxribatlara əl atmır. Baxın, bu gün Yerevanda azərbaycanlıların qanlarına susayaraq, millətimizin qanını içmiş biriləri, digər qaniçənə - Sarkisyana qarşı çıxırlar. Sarkisyanın Qarabağ məsələsində təslimçi mövqeyindən çıxış etdiklərini deyirlər. Ona qarşı çıxan və həbs olunan silahdaşları Səfilyanın azad edilməsini şərt kimi irəli sürürülər və yəqin ki, bu köşəm oxucularımız tərəfindən oxunarkən, Sarkisyanın ordusu polis alayını və girovları zəbt etmiş həmin dəstəni zərərsizləşdirmiş olacaq. Amma fakt faktlığında qalır.
Ona görə də bizlər öz dövlətimizin ətrafında sıx birləşib istənilən düşmənə - həm daxiliyə, həm də xariciyə layqili cavab verməyi bacarmalıyıq.