70 ildən artıq birpartiyalı kommunist rejimində yaşayan Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra çoxpartiyalı sistemə keçdi. Ölkədə müxtəlif siyasi qurumlar və partiyalar yaranmağa bşladı. Yaranan partiyalar Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq, siyasi həyata vəsiqə aldılar. Zaman keçdikcə, həmin partiyaların çoxu fəaliyyətini yarı yolda saxlayaraq, siyasi arenadan getdi. Bəziləri isə bu gün ənənəvi müxalifət adı altında hələ də çabalamaqda davam edirlər. Necə deyərlər, mənzərə göz önündədir. Ümumiyyətlə, Azərbaycan müxalifətinin bir araya gəlib, hansısa siyasi uğura imza atması heç vaxt mümkün olmayıb.
Referenduma qarşı çıxanlar bilməlidirlər ki...
İndi də bu uğursuzlar toplumu referendumla bağlı öz ətraflarında süni ajiotajlar, səs-küy yaratmağa cəhdlər edirlər. Bununla xaricdəki ağalarına sübut etməyə çalışırlar ki, xalq bunlarla bir yerdədir. Amma bunun belə olmadığını elə ağaları da yaxşı bilirlər. AXCP, Müsavat kimi partiyalar, sonradan yaranan hərəkat və bloklar ölkə həyatında bu və ya digər hadisələri şişirdərək, bunu öz faydaları, daha dəqiqi isə siyasi ambisiyalarına xidmət etdirməyə çalışırlar. Bu gün referenduma qarşı çıxanlar bilməlidirlər ki, onların ucuz oyunbazlıqları ilə xalq arasına transfer olmaları mümkün olmayacaq.
Simaları üzə çıxır
Bu gün hansı beynəlxalq təşkilat ki, Azərbaycana və onun vətəndaşlarına hörmətsizlik edir, ölkəmizin demokratik imicinə zərbə vurmağa çalışır, həmin təşkilatlar radikal müxalifət düşərgəsi tərəfindən alqışlanır. Hansı ki, reallıqlardan çıxış edərək, tam həqiqəti dilə gətirir, həmin təşkilat dağıdıcıların hədəfinə çevrilir. Bu isə, onu göstərir ki, radikal müxalifət düşərgəsi daim anti-milli, anti-Azərbaycan qüvvələrlə eyni mövqedən çıxış edir. Belə olan vəziyyətdə, xalq da satqın müxalifətdən imtina edir.
Digər tərəfdən, uzun illərdir ki, partiyalarda və onlara rəhbərlik edən liderlərdə bir-birini qəbul etməmək, güzəştə getməmək prinsipi var. Ona görə də bu məsələ barədə, ümumiyyətlə danışmağa dəyməz. Beləcə, indiki durumda müxalifət düşərgəsi yenilənmək, müasir ideyalarla çıxış etmək əvəzinə, mənasız işlərlə məşğuldur. Vaxt isə onların xeyrinə işləmir. Lakin buna baxmayaraq, müxalifət partiyaları real bir addım atıb, bir araya gələ bilmirlər. Bu isə, bütün mənalarda onların aşkar simalarını üzə çıxarır. Aşkarlıq isə acı və rüsvayçı məğlubiyyətdir...