PDF Oxu

Köşə

  • 2 974

Müctəba kişi Əli Kərimliyə: "A gədə, qavaxdangəlmişlik eləmə!"

image

Dədə yurdum Qərbi Azərbaycanın Zəngibasar mahalında, Yuxarı Necilli kəndində baməzəliyi ilə seçilən Müctəba adlı bir ağsaqqal yaşayırdı. O kənd bizim kəndlə - Zəngilərlə, demək olar ki, çiyin-çiyinə idi, qonşuydu. Bu kəndləri ayıran Araz çayının qolu - Zəngi çayının üzərindən keçən taxta körpü idi. Amma rəhmətlik Müctəba kişi nəinki Zəngilərdə, elə o biri qonşu kəndlərdə də məşhuruydu. Hətta sözü-söhbəti İrəvana qədər gedib çıxmışdı. Toylarda, məclislərdə, şadyanalıqlarda, hətta yas yerlərində həmişə yuxarı başda olardı. Bir dəfə molla danışanda, o biri dəfə Müctəba kişi danışardı və yalnız baməzəliyi ilə deyil, həm də ibrətverici sözləri, kəlamlarıyla.

Rəhmətlik Müctəba kişi elə-belə yadıma düşmədi. Onu və sözlərini yadıma salan bir məsələ bu köşə yazısını yazmağa vadar etdi. Məsələ isə yenə də siyasət məsələsidir. Amma həmin məsələnin əsas məğzinə keçməmişdən qabaq bir hadisəni danışmaq istərdim. Demək, günlərin bir günü Müctəba kişi yayın cırrama vaxtında kəndimizin məscidindən çıxıb öz kəndinə - evinə sarı gedirmiş. Hava o qədər istiymiş ki, hamı evinə girmiş və axşamın sərinini gözləyirmiş ki, həmin vaxt bayıra çıxsın. Zəngi çayının yanından keçəndə, keçir salxım söyüdün altına və çayın sərin suyu ilə üz-gözünü suyub sərinləyir. Birdən görür ki, Yuxarı Necilli kəndindən bir uşaq qan-tər içində qaça-qaça gəlir buna sarı və çatar-çatmaz deyir:

-Müctəba əmi, a Müctəba əmi!

Müctəba kişi də soruşur: a bala, kimin gədəsisən, nolub əyyə? O da qayıdıb deyir:

-Sərvanlardan Kor Midoşun oğluyam da bə, Ərroşam, elə səni axtarırdım deyəm ki, əviyin anbarından iki meşəy taxılıyı oğurradılar!

Dünyagörmüş Müctəba kişi, barmağını dişlədi və başa düşdü ki, burada nə isə belə deyil, tutur Ərroşun qolundan və soruşur:

-Bə dədən hardadı a gədə?

Ərroş da qayıdıb deyə ki, elə sənin evindən təzəcə çıxdı...

Nə isə, rəhmətlik Müctəba kişi Ərroşdan bərk-bərk yapışıb, tələm-tələsik gedir evinə tərəf və görür ki, həqiqətən də, anbarında bir neçə kisə taxıl yoxa çıxıb. O, Ərroşdan şübhələnir. Çünki Ərroşun atası Kor Midoş kənddə və ətrafda oğru kimi tanınıb. Hətta uşaq vaxtı Qələm arvadın bağına nar oğurluğuna gedərkən, budağın biri gözünü vurub çıxarmışdı. Məhz bundan sonra ona Kor Midoş ayamasını qoyublar. Onun oğlu Ərroş da oğru kimi tanındığına görə, hamı onlardan ehtiyat edərmiş, toyuq-cücəsini, yumurtasını və s. gizlədərmiş. Müctəba kişi isə barmağını ona görə dişləyir ki, Ərroş özünü itirərək, atasının yenicə onların evindən çıxdığını ağzından çıxarmışdı.

Demə, Kor Midoş taxıl kisələrini oğurlamamışdan öncə işlərini planlayıbmış. Müctəba kişinin evini qaralayan Kor Midoş oğurluğu günorta namazı vaxtına salıb ki, kişi Zəngilər kəndindəki məscidə getsin, qonşular da namazda olsunlar və o da rahatca şəkildə evin anbarına girib işini görsün. Üstəlik, oğlu Ərroşu da göndərir "palundraya" ki, birdən işdi-qəzədi, Müctəba kişi rastına çıxsa, onun başını qarışdırsın. Bax beləcə, ağsaqqal bu işin üstünü açır və dayanmadan Ərroşla birgə gedir Kor Midoşun dalınca. Oğrunu yolda oğurlanan kisələrlə birgə tutan Müctəba kişi başlayır onları danlamağa, tənbeh etməyə ki, bu yaşa gəldin, hələ də əyri əməllərindən əl çəkmədin-filan. Gözünə döndüyüm Kor Midoş da qayıdıb nə desə yaxşıdı?

- A Müctəba əmi, dədəm Kəl Diloşun urfu haqqı uşaqla gedirdim Zəngilər məscidinə namaza, sənin evinin qabağından keçəndə, gördüm ki, iki Vedi kürdüynən bir İrəvan ermənisi sənin taxılını oğurruyub aparırlar üzüşəhərə. Uşağı yolladım sənə xəbər versin, mən də onları qoyladım, soyra da oğurrux taxılları yğıdım arabama ki, axşam düşəndə özüyə qaytarım.

Bu yerdə səs-küyə çıxan qonum-qonşu, kənd camaatı da hadisəni izlədikləri vaxtı Müctəba kişi dedi:

- A gədə, qavaxdangəlmişlik eləmə! Sənin dədən Kəl Diloş da qavaxdangəlmişliyin qurvanı oldu. Öyünə ikinci arvadı alıb-gətirndə anaya and-aman elədi ki, bəs bu arvad bacılığımdı, ana-babası irəhmətə gedib, yətim qalıb, aj-susuzdu, baxacam ona. Gecəleyin də gözünə döndüyüm anan gördü ki, dədən yerində deyil, yəni bacılığı dediyi arvadın qoynundadı, aldı yekə mis qazanı əlinə çırpdı dədəyin düz kəlləsinin ortasına. O çırpan, bu çırpan, dədən bircə həftə yaşamadı. Anayı da birtəhər milisin əlindən aldıq.

Bax beləcə, rəhmətlik Müctəba kişinin Kor Midoşa dediyi "A gədə, qavaxdangəlmişlik eləmə!" sözü düşdü kənd camaatının dilinə.

İndi, qayıdıram əsas məsələyə. Demək, Ə.Kərimli hələ də AXC hakimiyyəti zamanı xalqdan oğurladığı külli miqdarda vəsaitləri, rəhmətlik Alparslan Türkeşin Elçibəyin müalicəsi üçün göndərmiş bir neçə min dolları necə oğurlayıb yeməsini, çoxsaylı qaranlıq işlərini etiraf etməsi yerinə, indi də durub qabaqdangəlmişlik edir. Məsələn, ucundan tutub ucuzluğa gedərək, sərsəm-sərsəm sualları (bu adam daha çox sual verir ki, nəninki danışır) ilə millətin baş-beynini aparır, zəhləsini tökür. Parlament belə gəldi, mülk belə getdi (?!). Ay balam, xalq referenduma getdi, səsini verdi, dövlətin siyasətini, irəli sürülən təşəbbüsləri dəstəklədi da, ta bundan artıq nə sübut lazımdır axı? Xalq gördü ki, sənin gic-gic, mənasız və əttökən, mikrofonlu, bolşeviksayağı və bəlağətli natiqliyin işə yaramır! Hər kəs şahidi oldu ki, sənin "dindarlarla-ateistlər çiyin-çiyinə dayanıb referenduma yox deyir" şüarın işə yaramadı, hətta buna görə xarici səfirliklərdən qulaqburması da aldın! İndi nə qabaqdangəlmişlik edib, düşmüsən ortaya və siyasi kuklalığınla təzə oyunbazlıqlar göstərməyə çalışırsan? Lazım gələrsə, xalq bundan sonra yüz dəfə də referenduma gedəcək! Olan sənə olub, ay binəva Ə.Kərimli... Yazıq Müctəba kişi də rəhmətə gedib, deyənin də yoxdur ki, "A gədə, qavaxdangəlmişlik eləmə!"

Digər xəbərlər