Dünən "Hyatt Regency" otelinin "Quba" zalında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Keçid dövrü başa çatdı: gələcəyə baxış" mövzusunda konfrans keçirildi. YAP İdarə Heyəti və Siyasi Şurasının üzvlərinin, millət vəkillərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədov bildirdi ki, konfransın dekabrın 24-də keçirilməsi təsadüfi deyil. Bu tarix ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin doğum günüdür. Bu münasibətlə dövlət başçısını təbrik edir, ona can sağlığı, xoşbəxtlik, Azərbaycanın inkişafı, insanların rifahının yaxşılaşdırılması istiqamətində göstərdiyi səylərdə uğurlar arzu edirik.
YAP Sədrinin müavini Ə.Əhmədov bildirdi ki, dekabrın 23-də Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli hadisə - yerli özünüidarəetmə orqanlarına seçkilər keçirildi. Azərbaycan vətəndaşları növbəti dəfə ölkəmizdə həyata keçirilən siyasətə özlərinin hörmət və etiramlarını ifadə etdilər: "Bələdiyyə seçkiləri ölkəmizin siyasi inkişaf tarixinin yeni bir səhifəsinə çevrildi. Ölkəmizdə keçirilən növbəti yerli özünüidarəetmə orqanlarına seçkilər Azərbaycanın seçki praktikasının təkmilləşməsində, seçki demokratiyasının genişlənməsində, bütövlükdə, ölkəmizin demokratik inkişafında əhəmiyyətli bir mərhələni təşkil edir. Növbəti dəfə bu seçkilərdə iştirak edən Yeni Azərbaycan Partiyasının namizədlərinə göstərilən etimad ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin və onun uğurlu nəticələrinin qətiyyətlə vətəndaşlarımız tərəfindən dəstəklənməsini sübuta yetirir".
"Seçkilərin vətəndaşların yüksək fəallığı şəraitində keçməsi ölkə ictimaiyyətinin respublikamızdakı quruculuq-abadlıq, yenidənqurma işlərinə, müasirləşməyə, iqtisadi inkişafın yüksəlişinə və onların insanların həyatında özünü göstərməsinə bilavasitə münasibətini əks etdirir" fikrini söyləyən Ə.Əhmədov seçki kampaniyasının ədalətli, şəffaf, demokratik keçirilməsi üçün seçkilərə qoşulan bütün tərəflər və ilk növbədə, müvafiq strukturlar öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər: "Görülən bütün bu işlərin nəticəsində Azərbaycanda növbəti seçkilər tamamilə şəffaf, demokratik, ədalətli və bərabər yarışma şəraitində baş tutub. Seçkilərin yaxın zamanlarda elan olunacaq nəticələri bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin dəstəklənməsi şəklində özünü büruzə verəcəkdir".
Ə.Əhmədov seçki kampaniyasının həyata keçirilməsində yaxından iştirak edən, ümid edilən nəticələrin əldə olunmasında xidmətləri olan hər bir YAP üzvünü təbrik etdi: "YAP-ın seçki kampaniyasındakı iştirakı fəal və yüksək səviyyədə olub. YAP Azərbaycanın bütün bələdiyyələrinə öz namizədlərini irəli sürüb. YAP-ın seçki prosesinə ciddi yanaşması, geniş təbliğat kampaniyası aparması, əsaslandırılmış seçki konsepsiyasına malik olması və çoxlu sayda seçki kampaniyasının aparılmasına üzvlərini cəlb etməsi seçkinin nəticələrinin YAP üçün uğurlu olacağına böyük inam yaradır".
YAP Sədrinin müavini Ə.Əhmədov bildirdi ki, YAP-ın əhəmiyyətli şəkildə hazırlanmış seçki konsepsiyası var. Bu müddət ərzində, onun bütün müddəaları və proqramları uğurla həyata keçirildi. Azərbaycanın bütün bələdiyyələrinin ərazisində seçicilərlə görüşlər keçirildi. Prezidentin həyata keçirdiyi siyasətin əhalinin sosial rifahına xidmət etdiyi bir daha vətəndaşların diqqətinə çatdırıldı: "Bu fədakarlıq seçkilərin YAP üçün uğurlu olacağına böyük əsas verir. Hesab edirəm ki, bu, Azərbaycanın həm iqtisadi, həm də siyasi inkişafında çox əhəmiyyətli bir səhifənin açılması deməkdir."
YAP Sədrinin müavini qeyd etdi ki, konfrans, eyni zamanda, Bakı Dövlət Universitetinin 90 illik yubileyində Prezident İlham Əliyevin çıxışında söylədiyi "Azərbaycanın iqtisadiyyatında keçid dövrü başa çatdı" tezisinə həsr edilib: "Hesab edirəm ki, bu, Azərbaycanın yalnız iqtisadi inkişaf deyil, dövlətçilik tarixində, ictimai həyatının inkişafında çox əhəmiyyətli bir mərhələnin başa çatmasını, yeni keyfiyyət mərhələsinin əsasının qoyulmasını ifadə edən, dövlət başçısı tərəfindən səsləndirilən bəyanat idi".
"Bu bəyanatın səsləndirilməsi ilə bağlı üç tezisi xüsusi vurğulamaq istərdim" deyə bildirən Ə.Əhmədov vurğuladı ki, bunun birincisi ölkə iqtisadiyyatında keçid dövrünün başa çatması ilə əlaqədar Prezident İlham Əliyevin bu bəyanatının səsləndirildiyi zamanla əlaqədardır: "Güman edirəm ki, bəyanatın 2009-cu ilin sonunda səsləndirilməsinin çox ciddi əsası var. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın müasir tarixinin uğurlu gedişinin ən etibarlı təminatçısıdır. 2003-cü ildən ötən dövr ərzində dövlət başçısı İlham Əliyevin gördüyü işlər, reallaşdırdığı layihələr və onların əsasında dayanan Heydər Əliyev siyasəti, bu siyasətdən qaynaqlanan yeni-yeni ideyalar son altı ildə Azərbaycanın iqtisadiyyatının sürətli inkişafını təmin edib. İqtisadiyyatın yüksək dinamikasının təmin edilməsi, insanların sosial rifah halının yaxşılaşdırılması, ölkəmizin simasının yeniləşdirilməsi, müasirləşdirilməsi, müstəqil dövlətimizin beynəlxalq münasibətlər sistemində yerinin möhkəmləndirilməsi yönümündə çox ciddi addımlar atılıb. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan altı il bundan əvvəlki Azərbaycandan əhəmiyyətli dərəcədə fərqlənən bir məmləkətdir. Azərbaycan vətəndaşları 5 illik təcrübəyə istinad edərək, qəti şəkildə əmin oldular ki, İlham Əliyevin rəhbərliyi ilə növbəti beş ildə Azərbaycan daha böyük sürətlə inkişaf edəcək".
Ə.Əhmədov qeyd etdi ki, dünyanı bürüyən iqtisadi və maliyyə böhranı şəraitində iqtisadi münasibətlərin yeni keyfiyyət mərhələsinə daxil oluduğunu əks etdirən bəyanat bu böhranın ölkə iqtisadiyyatına az təsir göstərməsinin ciddi əsaslarını göstərir. 2009-cu ilin iqtisadi inkişaf nəticələri Azərbaycan iqtisadiyyatının çox ciddi və etibarlı dayaqlar üzərində qərar tutmasından xəbər verir: "Digər diqqət yetirilən məqam isə budur ki, iqtisadiyyatda keçid dövrünün başa çatması barədə bəyanat həyatımızın təkcə iqtisadi deyil, digər sferasına da şamil edilməsi ilə əlaqədardır. Son altı ildə müxtəlif sahələrdə əldə olunan nəticələr ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin uğurları kimi dəyərləndirilir. Digər tərəfdən bu uğurların mənbəyini ulu öndər Heydər Əliyev xəttini Azərbaycanda uğurla davam etdirən, özünün yüksək peşəkarlıq keyfiyyətləri ilə seçilən cənab İlham Əliyevin fədakarlığı və xalqına böyük məhəbbətlə xidmət etməsi təşkil edir".
YAP Sədrinin müavini qeyd olunan bəyanatla bağlı üçüncü məqamı da vurğuladı. Bildirdi ki, başa çatan hər bir mərhələ yeni bir mərhələ üçün əsas olur. Bu mənada, iqtisadiyyatda və digər sahələrdə keçid dövrünün başa çatması bütün sferalarda yeni bir mərhələnin əsasının qoyulmasından xəbər verir. Təbii ki, bu mərhələnin də öz vəzifələri və hədəfləri var. Görülən işlərin rəngarəngliyi fonunda qarşıda da böyük əhəmiyyətli vəzifələr dayanır.
Çıxışda o da bildirildi ki, hər bir tarixin yaranması liderlərin həyat və fəaliyyətinin bilavasitə nəticəsidir. Tarixin ayrı-ayrı mərhələləri ona görə bir-birindən fərqlənir ki, bu mərhələrdə dövlətlərə rəhbərlik edən insanlar öz xarakterlərinə, dünya görüşlərinə görə fərqlənirlər. Hər bir tarixi şəxsiyyət yaşadığı dövrə öz möhürünü vuraraq, həmin mərhələnin mənzərəsini təyin etmiş olur.
Ə.Əhmədov onu da bildirdi ki, Azərbaycanın XX əsrin 70-ci illərindən sonra başlayan mərhələsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Tam qətiyyətlə demək mümkündür ki, ölkəmizin 2003-cü ildən sonra başlayan mərhələsi də bütövlükdə Heydər Əliyev dövrünə aid olmaqla yanaşı həm də Azərbaycan xalqına rəhbərlik edən İlham Əliyevin idarəçilik üslubunu bu və ya digər şəkildə özundə əks etdirir. 2003-cü ildən sonra başlayan bu mərhələ Azərbaycanın müasir tarixinin böyük bir dövrünü əhatə edəcək və ölkəmizin yeni tarixinin yeni mənzərəsini yaratmış olacaq".
Ə.Əhmədov vurğuladı ki, cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizi inkişaf etdirdiyi, gücləndirdiyi kimi həm də Onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını möhkəmləndirir, sıralarının artmasının əsasında dayanır.
YAP-ın İcra katibi müstəqil dövlətimizin hazırkı uğurlarını şərtləndirən amillərdən biri kimi ictimai dəstəyin rolunu xüsusi qeyd etdi. Bildirdi ki, bu gün hər bir kəs belə bir ölkənin vətəndaşı olmaqdan qürur duyur.
İqtisadi inkişaf naziri Şahin Mustafayev bildirdi ki, dünya ölkələrinin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatına keçid yalnız çox mülkiyyətli iqtisadiyyat və azad rəqabət şəraitində mümkündür. Bu proses inkişaf yolu ilə baş verir, iqtisadi münasibətlərin bütün istiqamətlərini əhatə edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda yeni iqtisadi sistemə transformasiya bir sıra fərqli münasibətlərə malik olmuşdur.
Belə ki, 90-cı illərin əvvəllərində sovetlər ittifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan artıq soydaşımızın doğma yurd-yuvalarından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkəmizin sosial-iqtisadi həyatında xaosa səbəb olmuşdur. Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qaydışından sonra siyasi sabitlik bərqərar oldu, 1994-cü ildə ilk neft müqaviləsi imzalandı, irimiqyaslı iqtisadi islahatlar başlanıldı. Bunun nəticəsində iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, maliyyə vəziyyəti sabitləşdi, dinamik iqtisadi artım təmin olundu, xalqın güzaranı yaxşılaşmağa başladı, bütün sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edildi. Belə ki, 1995-2003-cü illər ərzində ÜDM 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,5 dəfə artdı. İnflyasiya səviyyəsi 2,3 faizə endirildi. Bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard dolları keçdi.
Ş.Mustafayev bildirdi ki, islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsəçdilə ən çox diqqət yetirilən məsələ bu islahatların mükəmməl qanunvericilik bazasının yaradılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması idi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında, xarici investisiyaların ölkəyə cəlb olunmasında həlledici rol oynamışdır. Beləliklə, keçid dövrünün ilk illərində həyata keçirilən uğurlu strategiya nəticəsində ölkənin maliyyə imkanlarının genişlənməsi, davamlı iqtisadi inkişaf təmin olundu. Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sektorunun, regionların inkişafı sürətləndirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 2004-2008-ci illər ərzində ÜDM-nin həcmi 2,6 dəfə artdı. Yoxsulluq səviyyəsi 13 faizə endi, 766 mindən artıq yeni iş yeri yaradıldı. 2009-cu ilin yanvar-noyabr aylarında ÜDM-nin real artımı 9 faiz təşkil etdi. Dünya Bankı Azərbaycanı ən islahatçı ölkə elan etdi. 2009-2010-cu illər üçün hazırlanmış qlobal rəqabətlilik hesabatında Azərbaycan 18 pillə irəliləyərək 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında birinci yerə yüksəldi. Bütövlükdə Azərbaycanın gələcək iqtisadi inkişafı ilə bağlı beynəlxalq təşkilatların da proqnozları nikbindir.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan regional iqtisadi inkişafın əsas aparıcı qüvvəsinə, enerji təhlükəsizliyinin təminatçısına çevrildi. İnkişaf üçün zəruri olan maliyyə imkanlarının artmasına zəmin yarandı. 2003-cü ildən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycanın bütün sahələrində sıçrayışlı inkişaf baş verib. Bu inkişaf istehsalın və isvestisiyaların həcminə, büdcə imkanlarının genişlənməsinə, əhalinin rifah halının yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərib. Ölkənin artan maliyyə potensialı sayəsində iqtisadiyyata kredit qoyuluşlarının həcmi əhəmiyyətli dərəcədə genişlənmişdir. Statistik rəqəmlərə əsasən 1995-ci ildə kredit qoyuluşlarının ümumi həcmi 290 milyon manat təşkil etdiyi halda 2008-ci ildə bu rəqəm 25 dəfə artaraq 7 milyard manatı keçmişdir. Regional inkişaf proqramları və infrastruktur layihələri uğurla həyata keçirilib. Bütün bunlar onu deməyə əsas verir ki, keçid dövrünün artıq başa çatması və Azərbaycanın bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan ölkə olması bəyan edilsin. Keçid dövründən sonra dayanıqlı inkişaf, iqtisadi artım və daimi modernləşmə dövrü başlayır.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxışında bildirdi ki, iqtisadi inkişafdan danışarkən nəinki bu günkü, eləcə də gələcək inkişafımızın əsasında iqtisadiyyat amilinin dayandığını yaddan çıxarmamalıyıq. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev iqtisadiyyatı hər bir cəmiyyətin inkişafının bazası hesab edirdi. Bildirirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bugünkü inkişafımız da ilk növbədə iqtisadi tərəqqi ilə bağlıdır. Eyni zamanda bu uğurlu inkişafın əsasında təbii ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası dayanır. Bu strategiya Azərbaycanı məhv olmaq, dağılmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, böhrandan çıxarmaq iqtidarında oldu. Azərbaycanda iqtisadi və siyasi sabitlik bərpa olundu. Bu siyasət 2003-cü ildən cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son altı ildə görülən işlər Azərbaycan iqtisadiyyatını dünya miqyasında elə bir səviyyəyə gətirib çıxardı ki, bu gün Azərbaycan iqtisadi inkişafı ilə digər ölkələrə örnək ola bilər. Altı ildə Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider ölkəyə çevrilib.
Natiq bildirdi ki, ölkəmizin bugünkü iqtisadi inkişafı uğurlu gələcəyə böyük əminlik yaradır. O da bildirildi ki, bütün iqtisadi proseslərin son nəticəsi əhalinin sosial rifah halında özünü göstərir. Ş. Hacıyev onu da qeyd etdi ki, keçid dövrünün başa çatması siyasi müstəqilliyimiz qədər əhəmiyyət kəsb edən məsələdir. Çünki iqtisadi cəhətdən ölkə müstəqil olmasa heç bir siyasi müstəqillikdən danışmaq mümkün deyil. Keçid iqtisadiyyatının başa çatmasını bir sistem dəyişikliyi kimi başa düşürük. Bu, çox mühüm hadisədir.
Sonda YAP Sədrinin müavini Əli Əhmədov çıxış edərək bildirdi ki, hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Müstəqil dövlətimiz tərəqqi yolunda inamla irəliləyir. Azərbaycanı gələcəkdə cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük inkişaf, firavanlıq, qüdrətli iqtisadiyyat, yeniləşmə, müasirləşmə gözləyir.