PDF Oxu

Əsas

  • 15

Bölgələrdə YAP-ın namizədlərinə ictimaiyyətin dəstəyi yüksəkdir

Bölgələrdə YAP-ın namizədlərinə ictimaiyyətin dəstəyi yüksəkdir
Bələdiyyə seçkilərnin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Beyləqan rayon təşkilatının rayonun seçiciləri ilə növbəti görüşü keçirilib. Tədbirdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəşiyev hakim partiyanın digər yerli strukturları kimi, YAP Beyləqan rayon təşkilatının da bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq görülən işlərin dekabrın 23-də məntiqi nəticəni verəcəyini vurğulayıb.
Beyləqanda 37 bələdiyyənin fəaliyyət göstərdiyini söyləyən R.Pəşiyevin sözlərinə görə, qarşıdan gələn seçkilərdə bələdiyyələrə 323 nəfər üzv seçiləcək. YAP Beyləqan rayon təşkilatının bütün yerlərə öz namizədlərini irəli sürdüyünü xatırladan R.Pəşiyev bu seçkilərdə qadınların və gənclərin bələdiyyələrdə təmsilçilik əmsalının artırılmasına xüsusi diqqət yetirildiyini də nəzərə çatdırıb. Beyləqan sakinlərinin dövlətə və dövlətçiliyimizə daim sədaqət nümayiş etdirdiyini vurğulayan rayon təşkilatının sədri qarşıdan gələn bələdiyyə seçkilərində də bunun bir daha təsdiqlənəcəyini söyləyib: "Beyləqanlılar Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda edilmiş səyləri, atılmış addımları yüksək qiymətləndirir. Ona görə də, rayonumuzun sakinləri YAP-a rəğbət bəsləyir, onu dəstəkləyir".
Çıxış edən YAP-ın bələdiyyə seçkilərindən səlahiyyətli nümayəndəsi, millət vəkili Aslan Şahverdiyev ölkəmizdə müşahidə olunan sosial-iqtisadi inkişafdan danışdı. Onun sözlərinə görə, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-sosial siyasətin bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz böyük inkişaf yolu keçib: "Bu gün bu inkişaf özünü hər bir regionda, ucqar kəndlərdə göstərir. "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın uğurla icra olunması nəticəsində ölkəmizin bütün regionlarında inqilabi dəyişikliklər nəzərə çarpır. Bu proqramın məntiqi davamı olaraq hazırlanmış yeni Dövlət Proqramında ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin davam etdirilməsi nəzərdə tutulub. Təbii ki, bu proqramın uğurla nəticələnməsi üçün bələdiyyələrin də üzərinə böyük yük düşəcək. Çünki yerlərdə bu tədbirlərin həyata keçirilməsi səviyyəsi həmin bələdiyyələrin işinin effektindən də kifayət qədər asılı olacaq. Ona görə də, hamımız bu seçkilərə daha məsuliyyətlə yanaşmalı, etimad göstərdiyimiz, inandığımız şəxslərin bələdiyyələrdə təmsil olunmasına çalışmalıyıq".
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, SİA-nın baş direktoru və "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı uğurlardan və əldə olunan nailiyyətlərdən söhbət açıb. Onun sözlərinə görə, 17 il öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqda, öz sıralarını genişləndirməkdədir. YAP-ın nəinki ölkəmizdə, eyni zamanda, regionda ən böyük siyasi partiya olmasının qürurverici fakt olduğunu diqqətə çatdıran B.Quliyevin sözlərinə görə, partiyanın bu qüdrətə sahib olmasının başlıca şərti onun xalq tərəfindən sevilməsi, dəstəklənməsidir.
Bələdiyyələrin Azərbaycanda ən gənc qurum olduğunu deyən B.Quliyev onu da vurğuladı ki, bu gün bələdiyyə seçkilərinə dair 15 illik qanunvericilik, 10 illik isə praktik təcrübəmiz var. Səlahiyyətli nümayəndə idarəçiliyin bir hissəsinin icra orqanlarından ayrılıb bələdiyyələrə verilməsinin nəzərdə tutulduğunu da söylədi: "İndi yeni seçiləcək bələdiyyələr çalışmalıdır ki, qazandığı 10 illik təcrübəni əməli işləri ilə doğrultsunlar. Buna nail olmaq üçün sizi, bütövlükdə, seçki kampaniyasında fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıram".
Görüşdə çıxış edən millət vəkili Səfər Məmmdov isə Azərbaycanda bələdiyyə strukturunun formalaşması və tarixindən geniş bəhs edib: "1995-ci ildə müstəqil respublikamızın ilk Konstitusiyası referendum yolu ilə qəbul olunduqdan sonra həmin sənəddə mülkiyyətin bölünməsi, hakimiyyətin formalarının müəyyənləşdirilməsi və həmçinin, yerli özünüidarənin təşkili məsələləri əksini tapmışdır. Həmin dövrdən başlayaraq cəmiyyətimizdə yeni bir idarəetmə institutunun yaradılması ideyası ortaya çıxdı. O dövrdə də Milli Məclisdə yaradılan daimi komissiyalardan biri yerli özünüidarə məsələləri daimi komissiyası idi. Həmin komissiyada ilk olaraq gələcəkdə bələdiyyələrin təşkil olunması, onun fəaliyyətinin hüquqi tənzimlənməsi üçün müvafiq bazanın formalaşdırılması istiqamətində qanunlar, normativ hüquqi sənədlər hazırlanmağa başladı. 1995-ci ildən 1999-cu ilə qədər bu proses davam etdi və 1999-cu ildə respublikamızda ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirildi. 2004-cü ildə isə ölkəmizdə ikinci dəfə bələdiyyə seçkiləri keçirildi. Hazırda 3-cü mərhələnin astanasında olduğumuz bir məqamda, tam səmimi olaraq deyə bilərik ki, bələdiyyələr ölkəmizin siyasi, iqitsadi, mədəni həyatında fəal rol oynamağa başlayıblar. Mən əminəm ki, gələcək illərdə onlar üzərlərinə daha böyük missiyalar götürəcək, xalqımıza daha yüksək səviyyədə xidmət edəcəklər".
Görüşdə çıxış edən YAP-ın namizədləri partiyamız tərəfindən onlara böyük etimad göstərildiyini söylədilər və üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini bildirdilər. Namizədlər əmin etdilər ki, seçiləcəkləri təqdirdə bütün qüvvələri ilə onlara göstərilən etimadı doğrultmağa çalışacaqlar. Seçicilər də YAP-ın müdafiə etdiyi siyasi kursu əməlləri ilə dəstəklədiklərini, bundan sonra partiyanın bütün tədbirlərində fəal iştirak edəcəklərini, qarşıdan gələn bələdiyyə seçkilərində isə hakim partiyanın namizədlərinə səs verəcəklərini bildirdilər.
Sonda seçicilərin çoxsaylı sualları cavablandırıldı.

Digər xəbərlər