Mətbuata dövlət qayğısı davam edir
Hər il iyulun 22-də Milli Mətbuat və Jurnalistika Günü ölkəmizdə təntənə ilə qeyd olunur. Bu il isə media mənsublarının peşə bayramı daha geniş və yüksək səviyyədə şəkildə qeyd olundu. Təkcə Bakıda deyil, ölkənin müxtəlif bölgələrində tədbirlər keçirildi, jurnalistlər hədiyyələr və diplomlarla təltif olundu. Bu sıradan ən böyük tədbir isə, Bakı Əyləncə Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı keçirildi.
Fondun icraçı direktoru Vüqar Səfərli milli mətbuatımızın 134 il ərzində keçdiyi kəşməkəşli və şərəfli yola nəzər salıb, XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycanda ümummilli lider Heydər Əliyevin medianın inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb.
Vüqar Səfərli deyib ki, Azərbaycan milli mətbuatının bünövrəsi 1875-ci il iyulun 22-də, Həsən bəy Zərdabi tərəfindən təsis edilmiş "Əkinçi" qəzetinin nəşrə başlaması ilə qoyulub. Lakin onun ömrü çox olmayıb, ikiillik fəaliyyəti dövründə qəzetin cəmi 56 nömrəsi çıxıb.
"Ancaq bu iki ildə qəzet ictimaiyyət arasında tanınmış və böyük nüfuz qazanıb. "Əkinçi" qəzeti maliyyə çətinliyi ucbatından nəşrini dayandırmasına baxmayaraq, onun ideyaları həmişə yaşayıb, səpdiyi toxumlar cücərib. Məhz o ideyalarla Azərbaycanda yeni-yeni nəşrlər yaranmağa başlayıb"- deyə fond rəhbəri qeyd edib.
Onun sözlərinə görə, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda milli mətbuatın inkişafı və formalaşmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolu olub: "Ümummilli lider mətbuatın problemlərini yaxından öyrənmək məqsədi ilə müntəzəm olaraq KİV rəhbərləri ilə görüşlər keçirib və problemlərin aradan qaldırılması üçün lazımi göstərişlər verib.
Söz və fikir azadlığını təmin etmək məqsədi ilə 1998-ci ildə ulu öndər tərəfindən mətbuat üzərindən senzura götürülüb. "Azərbaycan" Nəşriyyatına olan borclar müəyyən müddətə dondurulub və sonralar Prezident İlham Əliyev tərəfindən ləğv edilib".
Milli mətbuatın inkişafına şərait yaratmaq üçün qəzet və jurnalların qeydiyyatının sadələşdirildiyini söyləyən V.Səfərli bunun nəticəsi kimi indi respublikamızda 3 min 600-dən artıq KİV-in qeydiyyatdan keçdiyini xatırladıb.
O, vurğulayıb ki, ulu öndərin mətbuata qayğısını və köməyini yüksək qiymətləndirən "RUH" Jurnalistləri Müdafiə Komitəsi 2002-ci ildə Heydər Əliyevi "Jurnalistlərin dostu" mükafatı ilə təltif edib. Ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə KİV haqqında qanun təkmilləşdirilmiş və Azərbaycan Mətbuat Şurası yaradılıb.
"Bu yöndə işlər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2005-ci ildə dövlət başçısı tərəfindən "Əməkdar jurnalist" adı bərpa edilib və bir qrup jurnalist bu fəxri ada layiq görülüb. Milli mətbuatın inkişafına yardım məqsədi ilə 2008-ci ilin iyulunda "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq edilib və onun əsasında ölkə başçısının 2009-cu il 3 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bugünkü tədbir fondla Mətbuat Şurasının təşkil etdiyi ilk tədbirdir".
Tədbirdə fondun icraçı direktoru Vüqar Səfərli qurumun Milli mətbuat günü münasibətilə kütləvi informasiya vasitələrinin mükafatlandırılması haqqında qərarını oxuyub.
Qərarda deyilir: "Azərbaycan Respublikasında söz və məlumat azadlığının inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və sərəncamları ilə jurnalistlər mükafatlandırılmış, redaksiyalara birdəfəlik maliyyə yardımları ayrılmış və digər tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası təsdiq olunmuş, 2009-cu il aprelin 3-də isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edilmiş, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin həyata keçirilməsinə başlanmışdır".
İcraçı direktor fondun Nizamnaməsinin 3.1.5 və 6.23.7 bəndlərinə uyğun olaraq Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi barədə fondun Müşahidə Şurasına təklif verib. Müşahidə Şurası təklifə baxıb və müəyyən edib ki, KİV-lərə birdəfəlik maliyyə yardımının göstərilməsi Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının və fondun Nizamnaməsinin tələblərinə uyğundur.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu aşağıdakı qəzetlərə və informasiya agentliklərinin hər birinə 10000 manat məbləğində birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edib: "ASSA-İRADƏ" informasiya agentliyi, "Ayna"-"Zerkalo" qəzeti, "Azad Azərbaycan" qəzeti, "Azadinform" informasiya agentliyi, "Azadlıq" qəzeti, "Azərbaycan" qəzeti, "Azəri-Press" informasiya agentliyi (APA), "Azər-Press" informasiya agentliyi, "Azerbaydjanskiye izvestiya" qəzeti, "Bakinski raboçi" qəzeti, "Bakı-Xəbər" qəzeti, "525-ci qəzet", "Bizim yol" qəzeti, "Exo" qəzeti, "Ekspress" qəzeti, "Ədalət" qəzeti, "Həftə içi" qəzeti, "Xalq cəbhəsi" qəzeti, "Xalq qəzeti", "İki sahil" qəzeti, "Kaspi" qəzeti, "Kaspiy" qəzeti, "Mərkəz" qəzeti, "Mövqe" qəzeti, "Novoye vremya" qəzeti, "Olaylar" qəzeti, "Olaylar" informasiya agentliyi, "Palitra" qəzeti, "Paritet" qəzeti, "Paralel" qəzeti, "Respublika" qəzeti, "Səs" qəzeti, "Səs" informasiya agentliyi (SİA), "Şərq" qəzeti, "Trend" informasiya agentliyi, "Turan" informasiya agentliyi, "Üç nöqtə" qəzeti, "Yeni Azərbaycan" qəzeti, "Yeni Müsavat" qəzeti.
Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, hazırda Azərbaycanda 2500-ə yaxın jurnalist və 3500-ə yaxın kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Onun sözlərinə görə, qeydiyyatdan keçən KİV-dən yalnız 650-si fəaliyyət göstərir.
"Onlardan 400-ə qədəri qəzet, 50-yə yaxını isə elektron kütləvi informasiya vasitəsidir. Azərbaycan Respublikasının 1995- ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50- ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib", - deyə Ə.Amaşov əlavə edib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, sözün həqiqi mənasında, Azərbaycan mətbuatı yarandığı gündən bu günə kimi böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, bu inkişaf yolunda öz milli ənənələrini formalaşdırıb və mətbuat cəmiyyət qarşısında özünün təqdim etdiyi jurnalistlər, ziyalılar vasitəsilə müəyyən missiyaları üzərinə götürüb, şərəflə həmin missiyaları reallığa çevirib.
"Mən düşünmürəm ki, 1875-ci ildə böyük maarifçi alim Həsən bəy Zərdabi "Əkinçi" qəzetini Azərbaycan əkinçisi və kəndlisi üçün təsis edərkən, böyük imkanlı alim olub və onun bu qəzeti təsis etməkdə hansısa siyasi maraqları olub. O, bu qəzetdən siyasi resurs kimi öz maraqları üçün istifadə etməyib. Mən əminəm ki, Həsən bəy Zərdabi "Əkinçi" qəzetini məhz öz xalqını və millətini formalaşdırmaq, onu maarifləndirmək, o dövrdə baş verən ictimai, siyasi, iqtisadi, mədəni və digər məsələlərlə tanış etmək məqsədi daşıyıb", - deyən Ə.Həsənov "Əkinçi"dən başqa milli mətbuat öz inkişafını sonrakı dövrdə Azərbaycan maarifçilərinin simasında davam etdirdiyini bildirib.
Ə.Həsənov qeyd edib ki, o dövrdə Azərbaycanın tanınmış ziyalıları Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Məmməd Əmin Rəsulzadə, Üzeyr Hacıbəyov, Ceyhun Hacıbəyov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov və digərləri Azərbaycan mətbuatında fəaliyyət göstəriblər və Azərbaycan xalqının maariflənməsində, inkişafında, bizim mənəvi dünyamızın zənginləşməsində böyük rol oynayıblar.
Ə.Həsənov təəssüflə deyib ki, Azərbaycan mediasında bu gün ölkə cəmiyyətini inkişafa yönəldə bilən ziyalıların yazıları azlıq təşkil edir, əksinə, Azərbaycan cəmiyyətinin inkişafına lazım olmayan insanlarla bağlı qəzetlərin səhifələrində yazılar yerləşdirilir.
"Bu kimi məsələlər də bugünkü mediamızın inkişafına çox mənfi təsir göstərir. Azərbaycanın müstəqil mediasının bugünkü səviyyəyə gəlib çatmasında və inkişafında ümummilli liderimiz Heydər Əliyevin xüsusi rolu olub. Ümumiyyətlə, Azərbaycan tarixində media ilə, jurnalistlərlə bu qədər yaxından işləyən ikinci siyasətçi tanımıram.
Heydər Əliyev qədər jurnalistikaya həssas, diqqət və qayğı ilə yanaşan siyasətçi olmayıb. Azərbaycan mediasının üzərindən senzuranın ləğvi məsələsi də məhz Heydər Əliyevə nəsib olub. Bu gün media ənənələrinin əsası məhz Heydər Əliyev dövründə qoyulub", - deyə Ə.Həsənov əlavə edib.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, maliyyə vəsaiti ayrılarkən iqtidar və müxalifət mətbuatı arasında heç bir fərq qoyulmayıb. Həqiqətən də, siyahıya nəzər salanda, görünür ki, burada yalnız bir prinsip nəzərə alınıb- cəmiyyətdə nüfuz qazanmış, peşəkar jurnalistika ilə məşğul olan media vasitələri yardım alıb. Onların içində müxalifət qəzetləri də var.
"Azərbaycan tarixində tanınan və seçilən ziyalıların əksəriyyəti mətbuatdan çıxıb. Ona görə də 22 iyul- Milli Mətbuat Günü təkcə jurnalistlərin deyil, eyni zamanda, bütün ziyalıların bayramı hesab olunur". Bu barədə SİA-ya açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev bildirib.
Onun sözlərinə görə, Rusiyada, o cümlədən, MDB məkanında jurnalistlər günü Azərbaycandakı kimi yüksək səviyyədə qeyd olunmur.
"Azərbaycanda Milli Mətbuat Günü ən yüksək səviyyədə qeyd olunub. Dövlət səviyyəsində jurnalistlərə ən yüksək qayğı məhz Azərbaycanda göstərilir",- deyən Q.Əliyev 39 mətbu orqanın hər birinə 10 min manat vəsait olmaqla maliyyə yardımının ayrılmasını dövlətin jurnalistlərə olan diqqət və qayğısı kimi qiymətləndirib.
Q.Əliyev deyib ki, dövlətimiz, həmçinin, mətbuata başqa əlavə yardımlar da həyata keçirir."Dövlətimiz iqtidar və müxalifət mətbuatı arasında heç bir fərq qoymadan onlara maliyyə yardımları edib. Mən bir Prezident Administrasiyasının sektor müdiri kimi bütün bu kimi reallıqları görüb qürurlanıram", - deyə Q.Əliyev əlavə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli SİA-ya bildirib ki, qəzet redaksiyaları və jurnalist təşkilatlarının fonda təqdim etdiyi layihələrin sayı artmaqdadır.
V.Səfərli vurğulayıb ki, layihələr iyulun 31-dək qəbul olunacaq. Avqustda layihələr ekspertlər tərəfindən qiymətləndiriləcək və həmin ayın sonunda qaliblər elan ediləcək.
Qeyd etmək lazımdır ki, ölkənin cəmiyyətdə nüfuz qazanmış 40-dək mətbu orqanının hər birinə 10 min manatlıq yardımız ayrılması redaksiyaların bütün problemlərini həll etməyə qadirdir. Bu vəsaitlə hər bir redaksiya özünün iş şəraitini yaxşılaşdıra, texniki bazasını müasirləşdirə, hətta nəqliyyat vasitəsi ala bilər. Bu isə, son nəticədə jurnalsitlərin daha müasir imkanlarla çalışmasına və işin keyfiyyətinin yaxşılaşmasına şərait yaradacaq.
Fond tərəfindən elan olunmuş qrant müsabiqəsində iştirak etməklə hər bir mətbu orqan özünün həyata keçirmək istədiyi layihənin maliyyəsini əldə edə bilər. Vüqar Səfərli qeyd edib ki, 20 min manatadək dəyəri olan layihələr maliyyələşdirilə bilər.
Beləliklə, milli mətbuatın 134 yaşı jurnalistlər üçün düşərli oldu. Mətbuat orqanları isə, qısa müddətdə 30 min manatadək maliyyə ala bilər. 10 min birdəfəlik yardım, 20 min də fonda təqdim olunan layihəyə görə.
Təbii ki, bu məbləğ kifayət qədər böyük məbləğdir və hər hansı bir qəzet bu vəsaitlə daha geniş fəaliyyət imkanı əldə edəcək ki, bu cəmiyyətdə həmin qəzetin nüfuzunun artmasına səbəb olacaq. Bundan başqa, mətbu orqanlar ayrılmış yardımdan ehtiyacı olan əməkdaşlarının sosial problemlərinin həllində də istifadə edə bilər.
Bütün bu qeyd olunanlar göstərir ki, Azərbaycan Prezidenti, Azərbaycan dövləti ölkədə peşəkar, müstəqil medfianın inkişafında maraqlıdır və imkan düşdükcə bu istiqamətdə öz yardımını göstərir. Azad media demokratik vətəndaş cəmiyyətinin əsas elementlərindən biridir. Azərbaycan da demokratik inkişafda olan bir ölkə kimi, öz spesifik mediası ilə dünyada tanınır. 134 illik mətbuat tarixi olan bir ölkə azad sözə və demokratik dəyərlərə sayğı göstərən bir ölkə olmalıdır. Azərbaycanda da məhz belədir.