Əsas

  • 4 758

Müasir İncəsənət Muzeyində əməkdar rəssam Müseyib Əmirovun fərdi sərgisi açılıb

image

Yanvarın 15-də Müasir İncəsənət Muzeyində əməkdar rəssam Müseyib Əmirovun "Bax" adlı incəsənət layihəsi çərçivəsində fərdi sərgisi açılıb.

AzərTAc xəbər verir ki, açılış mərasimində Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov, layihənin kuratoru Çingiz əməkdar rəssamın yaradıcılığından danışıblar.

Bildirilib ki, Müseyib Əmirovun "Həyatın gözünün içinə bax!" vizual çağırışı onun yaradıcılığının tamamilə yeni mərhələsində yaranmış və dünyada baş verən distruktiv proseslərə münasibətdə hökm sürən laqeydliyə qarşı yönələn tənqidi baxış növüdür.

İnsanlar prosesə qapılaraq çox vaxt həyatın özünü unudurlar. Sənətkarın şüuraltından qopan, hissə-hissə, özünəməxsus ifadələrlə, bütöv poemalarla üzə çıxan əsərləri yaxınlaşmaqda olan total texniki hökmranlığa qarşı etirazın təcəssümüdür.

Rəssam tablolarında müasir dövrün düşüncə tərzini qrotesk formasında, rəsm əsərlərini dolduran, stilizə edilmiş obrazlar şəklində sənədləşdirir.

Təsvir edilən insanlar onlara qərib olan cəmiyyətdən qurtulmağa can atırlar. Ancaq paradoksal haldır ki, insanları getdikcə kölgədə qoyan sənayenin və yüksək texnologiyaların yaradıcıları da elə onların özləridir. Deməli, yaradıcı insan öz əməyinin bəhrəsindən asılı vəziyyətə düşür.

Başlanğıcda müxtəlif texnologiyalar insanların xeyri naminə nəzərdə tutularaq yaranırdısa, zamanla hər şey dəyişdi. İndi texniki nailiyyətlər insan zəkasına üstün gələrək, onu təbii formatdan kənara çıxarır və süni şəkildə hazırlanmış beton, şüşə, metal məkana doğru itələyir. İnsanın yaratdığı şəhərdə artıq onun özünə yer qalmır. Texniki tərəqqi ilə yanaşı, mənəvi tənəzzül baş verir və nəticədə insan genlərində mövcud olan harmoniya disbalansa uğrayır.

Müseyib Əmirov 1963-cü ildə Bakıda, məşhur rəssam Arif Əmirovun ailəsində dünyaya göz açıb. O, Rəssamlıq Texnikumunda və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb, bir müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında eksperimental rəsm üzrə dərs deyib.

Müstəqil rəssam kimi fəaliyyət göstərən Müseyib Əmirovun əsərləri ABŞ, Fransa, Almaniya, Litvada nümayiş etdirilir, dünyanın bir sıra muzey və fərdi kolleksiyalarında saxlanılır.

Rəssamın iştirak etdiyi ən iri beynəlxalq layihələr sırasında "Bakı-Paris. 20 rəssam", "Orangeri de Senat" (Paris, 2004), "Azərbaycanın müasir rəssamlarının sərgisi" (IMF Gallery, Vaşinqton, 2004), Lüksemburq və Parisdə beynəlxalq incəsənət sərgilərini (2003) misal göstərmək olar.

Açılış mərasimində çıxış edən Müseyib Əmirov sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə rəssamın 13 rəngkarlıq və 20-dək qrafik əsəri nümayiş olunur.

Müseyib Əmirovun Müasir İncəsənət Muzeyində fərdi sərgisi fevralın 10-dək davam edəcək.

Digər xəbərlər