"Qanunu pozan bütün məmurlar, vəzifə sahibləri tutduqları vəzifədən azad olunacaq və məsuliyyətə cəlb olunacaqlar". SİA-nın xəbərinə görə, Bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov açıqlamasında deyib.
Deputat Prezident İlham Əliyevin ötən gün keçirdiyi iclasda dövlət əmlakını talayan və müxtəlif cinayətlər törədən bəzi dövlət məmurları, iş adamları barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərək qeyd edib ki, dövlət başçısı bu çıxışı ilə məmurlara bir daha xəbərdarlıq edib: "Cənab prezidentimiz bütün çıxışlarında məmurlara xalqın qulluğunda durmalarını, onlara xidmət etmələrini söyləyir. Hər bir şəxs xalqın xidmətində durması üçün vəzifəyə təyin olunur. Onlar xalqı narazı salmamalıdırlar. Amma əfsuslar olsun ki, vəzifəyə təyin olunan bəzi məmurlar qanunsuz hərəkətlərə yol verirlər, dövlət əmlakını külli miqdarda mənimsəyirlər, talayırlar. Təbii ki, onlar da öz cəzalarını alırlar. Həmin şəxslər qanun çərçivəsində intizama dəvət olunurlar. Bununla da bağlı dövlət tərəfindən ciddi addımlar atılır. Ölkəmizdə gedən bu prosesləri bütün vətəndaşlar izləyir. Onlar bir daha görürlər ki, insanlar tutduqları vəzifədən asılı olmayaraq qanun qarşısında bərabərdilər və qanunsuz əməllərinə görə cavab verməlidirlər".