Eyni zamanda Əli Həsənovun yazdığı kimi, Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin təbii-tarixi olaraq formalaşmış vahid inzibati ərazisi mövcud idi. Azərbaycan dövlətini yaratmaqdan ötrü bundan başqa daxili amillər-Azərbaycan xalqı və onun vahid etnik ərazisi də formalaşmışdı. Proseslərin gedişində bütün əhalini idarə edən mərkəzi hakimiyyətin də yaradılması dövlət quruculuğunu şərtləndirən əsas daxili amillərin mövcudluğunu göstərdi.
Və nəhayət, müəllif yazır: "Müstəqil dövlətin yaradılması üçün əlverişli beynəlxalq şərait də mövcud idi. Osmanlı imperatorluğunun xarici siyasət konsepsiyası, geosiyasi niyyətləri Azərbaycan xalqının arzu və istəkləri ilə üst-üstə düşürdü. Osmanlı yardımları dövlətin yaradılması üçün mühüm xarici faktor rolunu oynayırdı..." (Bax, s.43).
Burada Əli Həsənovun "Azərbaycanın geosiyasəti" kitabından böyük bir iqtibas verməli olacağam, çünki Cümhuriyyətimiz yarananda özünün coğrafi ərazisini, qonşularını, etnik əhalinin sayını və tərkibini də elan və müəyyən etmişdi. Qoy gələcək nəslimiz müəyyənləşdirsin ki, yaradılan ilk respublika hansı ərazidə yerləşmiş və etnik kimlikləri kimlər olmuşdu. O dövrün yaradılan ərazisindən təəssüflər olsun ki, beynəlxalq geosiyasətin və ermənilərin torpaqlarımızı işğalı nəticəsində, əhali sayının bir neçə dəfə artmasına baxmayaraq, ərazimizin demək olar ki, yarısına qədərini itirmişik.
Beləliklə, Əli Həsənov yazır: "Rus çarizminin yeritdiyi Qafqaz siyasəti nəticəsində regiona yerləşdirilən ermənilərə ayrılan Azərbaycan torpaqları istisna olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi belə idi: Bakı quberniyası və Dağıstan vilayəti, bütün Yelizavetpol quberniyası (keçmiş inzibati sərhədlərində), Sıqnax qəzasının qərb hissəsindən Qəbələ çayına qədər Zaqatala dairəsi, Sıqnax qəzasının cənub-qərb hissəsi, Naxçıvan, Şərur-Dərələyəz və Sürməli qəzaları, İrəvanın cənub hissəsi, (İrəvan şəhərinin özü Milli Şura tərəfindən ermənilərə verilmişdi) Göyçə gölünün şərq sahilinə qədər, Borçalı qəzasının orta hissəsi, Yeni Bəyazit qəzasının bir hissəsi.
Azərbaycan sərhədləri aşağıdakı kimi müəyyənləşdirildi: şimaldan dağlı xalqlar, şimal-qərbdən Gürcüstan, qərbdən Ararat Respublikası (Ermənistan), şərqdən Xəzər dənizi ilə Türküstan, cənubdan İran, cənub-qərbdən Osmanlı imperatorluğu.
Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazda mühüm geosiyasi mövqe tutaraq regionun ərazi baxımından ən böyük ölkəsi idi. Ölkənin mübahisəsiz ərazisi 97.297 kv.km təşkil edirdi. Ermənistan və Gürcüstanla mübahisəli ərazilərlə birlikdə Azərbaycan ərazisi ümumən 113.895 kv.km göstərilirdi.
Cənubi Qafqazda əhali baxımından ən çoxsaylı xalq da azərbaycanlılar idi. O zaman bütün Cənubi Qafqazda 7 milyon 687 min 770 nəfər əhali yaşayırdı ki, onun 3 milyon 306 min nəfəri azərbaycanlı, 1 milyon 786 mini erməni, 1 milyon 641 nəfəri isə gürcü idi.
Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi 2 milyon 861 min nəfər idi. Bunun 1 milyon 952 min 250 nəfəri və ya 68,2 % -i azərbaycanlı, 622 min 6 nəfəri və ya 14,7%-i erməni ..." (Bax, s, 44), qalan əhali isə başqa xalqların (rus, gürcü, talış, ləzgi və s.) nümayəndələri idi.
Göründüyü kimi ilk yaranan dövlətimizin coğrafi ərazisi, etnik tərkibi həm o zaman, həm də bu gün imkan verir qeyd edək ki, Xəzər-Qara dənizləri hövzəsində, xüsusən Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan dövləti özünün geosiyasi mövqeyinə, təbii qaynaqlarına görə öncül sıralardan, hətta deyərdim ki, birinci yeri tutur və buna uyğun olaraq da sərbəst siyasətini yürütməyə çalışır. Amma bu sərbəst, yaxud başqa dillə desək, balanslaşdırılmış siyasət, dünyada söz və güc sahibi olmaq istəyən nəhəngləri qane etmir, Azərbaycanı və onun başında durmaq istəyənləri sındırıb özünə tabe və işlətmək istəyirlər. Bu barədə müəllifin də qeyd etdiyi və geniş verdiyi digər bölmələrdə bəhs edəcəyik.
Hələlik isə yeni yaradılmış və müstəqilliyini elan etmiş, amma qeyd etdiyi ərazilərə tam nəzarət edə bilməyən Azərbaycan dövləti vardı və bu dövləti özünə tabe etdirmək, təbii qaynaqlarından istifadə etmək üçün nəhəng dövlətlər hərəkətə keçmişdilər.
Dediklərimizi təsdiq edirmiş kimi hörmətli professorumuz yazır: "Yeni müstəqil dövlətlərin yaradılması Antanta ölkələrini də hərəkətə keçirmişdi. Onlar nə regionun Osmanlı təsiri altına düşməsində, nə də ki, Sovet Rusiyasının nəzarəti altında qalmasında maraqlı deyildilər və hər vəchlə türk hücumlarının qarşısını almağa çalışırdılar. İngilislər Bakı neftinə sahib olmağa, Xəzər üzərində nəzarət qazanmağa və Orta Asiyaya gedən yola yiyələnməyə, Şimali Qafqazda gedən antisovet hərəkatını gücləndirməklə Rusiyada devrilmiş rejimi bərpa etməyə cəhd edirdilər. Lakin onların bu niyyətlərini reallaşdırmağa kömək edən güclü qüvvə regionda mövcud deyildi. Onlar da əsasən çarizmin müstəmləkəçilik siyasəti gedişində Cənubi Qafqazda yerləşdirdiyi xalqlara ümid edirdilər" (Bax, s. 48),
May ayının 30-da Xalq Cümhuriyyəti aktiv xarici siyasətə başladı, hətta Osmanlı dövlətinin Avropa ölkələrində yerləşən türk səfirliklərindən Azərbaycan və Avropa dövlətləri arasında vasitəçi olmağı xahiş etdi. Bununla yanaşı, Osmanlı imperatorluğu ilk addımı özü atdı, yəni Azərbaycan Xalq Cümhuriyyətini ilk olaraq tanıdı, iyun ayının 4-də Batumda Azərbaycan və Ermənistan arasında "Sülh və dostluq" müqaviləsi imzalandı.
Daha sonra Azərbaycan, Gürcüstan və Osmanlı arasında, əsasən neftin nəqli haqqında birinci saziş imzalandı. Bu isə bölgədə həm yeni geosiyasi, həm də geoiqtisadi vəziyyət yaradırdı.
Baxın, müəllif əsrin əvvəli ilə əsrin sonunda neftin nəqli ilə bağlı müqayisəli analiz aparmayıb, amma onun bu barədə geniş, ətraflı yazması və intellektual biliklərinə əsaslanan faktları bir daha sübut edir ki, nə əsrin sonunda, nə əsrin əvvəlində Azərbaycan dövlətinin yürütdüyü siyasət dəyişməyib, əksinə təbii qaynaqların nəql olunması miqyası əsrin sonunda daha da genişləndirilib və Azərbaycan Türkiyə ilə yanaşı regional oyunçundan beynəlxalq oyunçu subyektinə çevrilib. Bizim göstərdiyimiz bu amili Əli Həsənov Azərbaycanın çağdaş dövrünü əks etdirən digər bölmədə geniş şərh edib və ətraflı yazıb.
Azərbaycan hökuməti Cənubi Qafqazda aktiv geoiqtisadi fəaliyyətinin əsasını qoydu və bununla işini bitmiş hesab etmədi. Bu, hələ başlanğıc idi.
Müəllif qeyd edir ki, dəmir yoluna aid olan ikinci saziş isə Osmanlı, Azərbaycan, Gürcüstan və Ermənistan arasında imzalandı. Sənəddə Rusiya dövlətinin mülkiyyəti olan dəmiryolu nəqliyyat vasitələri müqaviləni imzalayan tərəflər arasında ərazi hüdudlarına görə bölünürdü. Belə çıxırdı ki, Cənubi Qafqazda üç dövlət arasında ən böyük payçı Azərbaycan olacaqdı. Amma bu, heç də belə deyildi, çünki...
Əli Həsənov yazır: "Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədə yerləşmişdi. Ölkənin təbii, tarixi paytaxtı olan Bakı isə Bakı Xalq Komissarları Sovetinin əlində idi" (Bax, s. 50).
Belə olan şəraitdə Osmanlı imperatorluğu ilə nəqliyyat haqqında imzalanan müqavilə də öz əhəmiyyətini itirdi, çünki bu müqavilə Xəzər və Qara dəniz hövzəsi arasında tam qüvvəyə mindikdən sonra xüsusi qeosiyasi gücə malik olacaqdı. Bakı Xalq Komissarları isə daha böyük ərazilər iddiasında idi. Bunun səbəbini isə müəllif belə qeyd edir: "... Bu hakimiyyət (söhbət Bakı Xalq Komissarları Sovetindən gedir-Y.O.) Azərbaycan xalqına zülm edirdi. Eyni zamanda Cənubi Qafqazı nəzarət altına almağa hazırlaşırdı. Bakı dövrün beynəlxalq münasibətlərində və böyük dövlətlərin xarici siyasət strategiyasında mühüm rol oynayırdı. Bakı Osmanlı imperatorluğu, Almaniya, Böyük Britaniya və Sovet Rusiyası arasında gedən amansız geosiyasi mübarizə məkanına çevrilmişdi" (Bax. s, 50).
Yunus Oğuz,
"Azərbaycan geosiyasəti"