PDF Oxu

Əsas

  • 1 604

Avropa Oyunlarını Azərbaycan reallığa çevirdi

image

Odlar Yurdu Azərbaycandan start götürən Birinci Avropa Oyunları dünya ölkələri tərəfindən maraqla izlənilir. Bu, beynəlxalq miqyasda ilk Avropa Oyunlarına göstərilən marağın nümunəsidir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanda keçirilən bu oyunlar ölkəmizin son illərdə idman sahəsində qazandığı uğurlardan qaynaqlanır. Oyunların yüksək səviyyədə təmini, onların dünya standartlarına uyğun məkanlarda təşkili olduqca məsuliyyətli olsa da, bu günə qədər görülən işlər öz nəticəsini verir.

Avropa Oyunlarına hazırlıq işlərinə star verildiyi zamandan dünya KİV-ləri ölkəmizi diqqətdə saxlayır, müxtəlif məzmunlu məqalələrlə çıxış edirdilər. Hər bir yazıda Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin təsadüf olmadığı, Azərbaycanın bu sahədə zəngin təcrübəyə malik olması göstərilirdi. Digər tərəfdən isə Azərbaycanda hökm sürən sabitlik, ölkənin yeraltı sərvətlərlə zənginliyi, iqtisadiyyatın sürətli inkişafı və idmana göstərilən diqqət və qayğı ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsini dəstəkləyən amillərin olması KİV nümayəndələrinin diqqətindən kənarda qalmırdı. Əlbəttə ki, bunlar Azərbaycan gerçəklikləridir ki, dinindən və irqindən asılı olmayaraq qələm sahibləri bu həqiqətləri işıqlandırırdılar. Bu gün isə paytaxtımızda keçirilən yarışlarla bağlı rəngarəng materiallar oxuculara və tamaşaçılara təqdim edilir.

Qarşıya qoyulan bütün məqsədlərə Azərbaycanın qısa bir zamanda nail olması, idman obyektlərinin dünya standartlarına uyğun qurulması diqqətə çatdırılır. Oyunlarda iştirak edən idmançıların və ölkəmizə gələn nümayəndə heyətlərinin rahatlığının tam təminatı maraqlı məqalərin yazılmasına səbəb oldu.

"Bakı-2015" ilk Avropa Oyunları "Sport in pictures" portalında da geniş şəkildə işıqlandırılıb. Avropalı fotoqraflar Garry Bouden və Dan Chestertonun Azərbaycanla bağlı fotolarında qədimliyin və müasirliyin bənzərsiz vəhdət təşkil etdiyi Azərbaycan sərgilənir. Portalda ilk Avropa Oyunlarının təntənəli açılış mərasimi, eləcə də yarışlarda qeydə alınan ən maraqlı və yaddaqalan məqamları əks etdirən fotolar paylaşılıb. Burada voleybol, güləş, avarçəkmə, sinxron üzgüçülük, karate, taekvando, stolüstü tennis, su polosu və idman gimnastikası üzrə yarışlardan bəhs edən maraqlı şəkillər yer alıb. "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı "Bakıda möhtəşəm açılış mərasimi", "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir", "Unudulmaz idman bayramı", "Avropanın idman nəbzi Bakıda döyünür" və başqa sərlöhvəli yazılarda ölkəmizlə tanış olan hər kəs avropalı fotoqraf Garry Boudenin fotolarında Azərbaycanı daha çox sevəcək. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin açılış mərasimində söylədiyi "Biz bu oyunlarla Avropada bir idman brendi yaratdıq" fikri "Sport in pictures" portalında yer alan fotolarda bir daha sübut olunur.

Bütün bunlarla yanaşı, oyunlar zamanı medallar qazanan idmançılar haqqında süjetlər də telekanallarda, portallarda yer alır. Belə ki, Avropanın nüfuzlu "Euronyus" telekanalı "Bakı-2015" ilk Avropa Oyunları çərçivəsində təqdim etdiyi silsilə reportajların davamı olaraq güləş yarışlarında qadın idmançıların mübarizəsindən bəhs edilən süjeti təqdim edib. Azərbaycan təmsilçisi Mariya Stadnik qızıl medal uğrunda bolqarıstanlı Elitsa Yankovanı məğlub edərək birinci Avropa Oyunlarının qalibi olması süjetdə əksini tapıb. Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün Bakıda yaradılmış müasir infrastrukturdan və idman komplekslərindən bəhs edən məqalələrin hər biri paytaxtımıza səyahətdir. Bütün bunlar Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsinin məntiqi nəticəsidir. Azərbaycan bütün sahələrdə uğurlu inkişafa nail olub. Onun iqtisadi yüksəlişi, ölkədə hökm sürən siyasi sabitlik belə oyunların paytaxtımızda keçirilməsinə səbəb olub. Həqiqətən də, ilk Avropa Oyunları beynəlxalq idman aləmində ilin ən çox gözlənilən hadisələrindən birinə çevrilib.

NƏZAKƏT

Digər xəbərlər