PDF Oxu

Əsas

  • 3 246

Rüstəm İbrahimbəyovdan növbəti anti-milli etiraf

image
"Biz erməni xalqı ilə düşmən deyilik"

Kino çox şey deyir...

Real siyasətlə kino və faktlarla fərziyyələr arasında böyük fərqlər var. Həmişə belə olub ssenarist, rejissor və yazıçı necə görmək istəyibsə elə də çəkib və yazıb. Bu, həqiqətdən min kilometlərlə uzaq olsa da çəkilən və yazılanlar onların özlərinə həmişə "həqiqətin tərənnümü" kimi görünüb. Filmdə qoyulan hər hansı bir problem hələ o problemin həqiqətən də olub-olmadığını göstərmir. Bir sözlə, təxəyyül çox vaxt reallığı pərdələyir. Əgər biz kinolara inanmalı olsaq, o zaman ABŞ-ın İraqla və Əfqanıstanla bağlı çəkdiyi filmlərə də inanmalı olmalıyıq. ABŞ bu filmlərdə özünü "məzlum", "sülh keşikçisi" kimi təqdim edir. Bu filmlərdə öldürülən minlərlə uşaq, körpə, qadın və kişinin faciəsi göstərilmir, hansısa bir ABŞ əsgərinin yaralanmış ayağından əsl "tragediya" düzəldilir. Amma bir nəfər demir ki, ABŞ ordusu orada nə sülənir!? Biz hamımız "Piano" filmi ilə kinonun dünyada apardığı ideoloji, psixoloji müharibənin gücünə də bələd olduq, bir filmin bütün dünya xalqlarını eyni düşüncə tərzinə salması təəccüb doğurmaya bilməzdi. Bu gün heç kim "Piano"nun təsiri altında Hitlerə nifrət etməyə bilməz, elə yəhudiləri də sevməmək bir o qədər nifrətə layiq görünür. Kəsəsi, kinonun siyasi yükündən danışmaq başqa bir mövzudur, özü də bu haqda günlərlə yazmaq olar. Əsas mətləbdən yazaq, elə öz kinorejissorumuzdan- Rüstəm İbrahimbəyovun çəkdiyi yeni filmdən.

"Məgər Sarkisyan və Ohanyan erməni xalqının nümayəndəsi deyil?"

R.İbrahimbəyov "Qafqaz triosu" filmi üzərində işləyir. Filmin prodüseri və ssenaristi özüdür. Film Zaqafqaziya xalqlarının münasibətlərindən bəhs edir. İyun ayının sonunda tamamlanacaq filmin rejissoru da Eldar Şenqelayadır. R.İbrahimbəyovun film barədə verdiyi müsahibələrdən görünür ki, "Qafqaz trisou" daha çox Azərbaycan hakimiyyətinin, burada onun Azərbaycan iqtidarına olan qəzəbi, kini, düşmən münasibəti əsas yer alır. Buyurun, R.İbrahimbəyov "Qafqaz trisou" haqqında danışır: "...O, hesab edir ki, Azərbaycan öz siyasətini düzgün qurmur, neft iynəsinə oturub və ehtiyatlar qurtaran kimi hər şey bir anda dağıla bilər, əgər indidən ağıllı şəkildə postneft iqtisadiyyatı qurulmağa başlamasa".

Müsahibənin ən ürəkağrıdan məqamını kinorejissorun bütün milli hisslərdən məhrum olduğunu sübut etmiş olur. R.İbrahimbəyov "Qafqaz triosu"ndan Zaqafqaziya xalqlarından danışır: "Trio – erməni, azərbaycanlı və gürcüdür. Üç dostu ortaq uşaqlıq illəri və gənclik birləşdirir. Bizim zamanda bu mövzu risklidir... Azərbaycanda çoxlarına mənim baxışlarım xoş gəlmir. Ancaq mən səmimi qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər. Və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm".

Diqqət edin, "biz erməni xalqı ilə düşmən deyilik" ifadəsi sizlərə necə təsir edir? Həqiqətənmi ermənilərlə işbirliyi quran, filmdə əsas obrazları erməni aktyorlara həvalə edən R.İbrahimbəyovun bu fikri sizlərdə əsəb yaratmır? Necə yəni düşmən deyilik... Əgər bütün günahı erməni siyasətçilərin üstünə atırsansa, o zaman uşaqlıqdan "türk düşməni" kimi böyüdülən erməni xalqının nümayəndələrinin bundan sonrakı axmaqlıqlarından kimsə sığortalanıbmı? Sənin günahkar dediyin erməni rəhbərlər də vaxt ilə, hələ uşaq ikən "türk düşməni" kimi böyüdülmüşdü. Belə böyüdülməyən erməni, xalqımıza qarşı vəhşiliklər törədə bilərdimi? Cəbhədə əlimizə düşən erməni əsirlərin qılına belə toxunmuruq, ancaq ermənilərə əsir düşən soydaşlarımızın nə kökə salındığını hamımız yaxşı bilirik. Məgər Sarkisyan və Ohanyan erməni xalqının nümayəndəsi deyil? Yəqin ki, R.İbrahimbəyov erməni xalqı deyəndə yalnız erməni rejissorları və aktyorlarını nəzərdə tutur.

Sırada "Daş yuxular"...

R.İbrahimbəyov bir neçə ay öncə açıqlamışdı ki, "Qafqaz triosu" bitəndən sonra Əkrəm Əylislinin "Daş yuxular"ına film çəkəcək. Yəqin bu da baş tutacaq. Hər halda xeyli müddətdir ki, yadırğamağa çalışdığımız "Daş yuxular" xəyanətini bu dəfə R.İbrahimbəyovun film kimi ərsəyə gətirməyində hansı məqsəd daşıdığı gün kimi bəllidir. Rüstəm İbrahimbəyovdan sitat: "Daş yuxular" həqiqəti yazıb, kimin xoşuna gəlmirsə, gəlməsin, biz buna film çəkməliyik". Əsəri oxumusunuz, o zaman çəkiləcək filmi də təsəvvür edin. Hər şey necə varsa, elə də ortadadır.

Samir