AzTV və İdman Azərbaycan xüsusilə fərqlənir
Avropanın idman hərəkatının tarixində yeni bir dövrün başlanması dünyanın diqqətini Odlar Yurduna cəmləşdirib. İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə olunduğu gündən bunu müşahidə edirik. Ölkəmiz 2 il yarım ərizində Avropa Oyunlarının ən yüksək səviyyədə keçirmək üçün qüvvəsini səfərbər edərək qısa zamanda bütün lazımi tədbirləri həyata keçirdi. Bu tədbirlər Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən siyasi kurs və Azərbaycan hökumətinin həyata keçirdiyi davamlı tədbirlər hesabına reallaşdı. Ölkəmizin beynəlxalq imici, sabit və sürətlə inkişaf edən dövlət kimi tanınması belə möhtəşəm oyunların ilk tarixi səhifəsinin ölkəmizdə açılmasına səbəb oldu.
Görülən işlər, həyata keçirilən tədbirlər Azərbaycanın təkcə Avropaya deyil, bütün dünyaya nəyə qadir olduğunu nümayiş etdirir. Qeyd edək ki, ilk Avropa Oyunlarına kompleks hazırlıq prosesi başlanan zamandan görülən işlər bir hesabat olaraq ictimaiyyətə təqdim olundu. 21 idman obyektində keçiriləcək oyunlar üçün yeni arenalar inşa edildi, mövcud qurğular yenilənərək hazır vəziyyətə gətirildi. Bütün bunlar Azərbaycan və dünya mediyası tərəfindən geniş sferda işıqlandırıldı. Britaniyanın "The Guardian", Fransanın "Le Parisien", RF Federal Məclisinin mətbu orqanı olan "Parlamentskaya qazeta", Argentinanın "Host News Traveller", "Daily Web", "Pulso Turistico", "Norte en Linea" xəbər portallarında, mərkəzi İstanbulda yerləşən Xəzər Strateji Araşdırmalar İnstitutunun "Hazar World" jurnalında və onlarla belə nüfuzlu mətbuat orqanlarında Olimpiya Bakısının rekordlarından bəhs edən məqalələr dərc olundu, reportajlar hazırlandı. Bakıda 21 məkanda keçiriləcək birinci Avropa Oyunları üçün şəhərdə yeni inşa edilən arenalar, mövcud məkanların yenilənərək oyunlara hazır vəziyyətə gətirilməsi, xülasə, hər görülən iş təfsilatı ilə diqqətə çatdırıldı. Aprelin 26-da Avropa Oyunlarının məşəlinin alovlandırma mərasimindən sonra Azərbaycanı diyarbadiyar gəzən məşəli belə dünya izlyəicisi seyr edə bildi. Beyləqandan, Ağdamdan, Ağcabədidən, Qəbələdən, Qubadan, Şabrandan və Azərbaycanın neçə-neçə diyarından keçən məşəl Azərbaycanın coğrafiyasından, təbiətindən, mədəniyyətindən izləyicilərə söz açdı. Avropa Oyunları ismarıcını yayan bu məşəl Azərbaycanın 60 bölgəsini ziyarət etdi. Daha sonra dünya izləyicisi küləklər şəhərinin Ağ Şəhər Bulvarını, Bayraq Meydanını, gözəlliklərini seyr edə bildi. Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirən Ceyran və Nar "Bakı-2015" Avropa Oyunlarının idman tədbirinin rəsmi simvolları kimi təqdim edildi.
İsti ocağımız qapılarını dünyaya açdı. Avropanın iri paytaxt şəhərlərində Roma, London, Paris, Afina, Ankara, Berlin və başqa şəhərlər də bu sehri görmüş oldular.
İyunun 12-də ilk Avropa Oyunlarının paytaxtımızda möhtəşəm açılış mərasimini dünya xalqları izləyə bildi. Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin dünyanın Avropadan kənarda oyunların yayımlanacağı ölkələri ilə bağladığı müqavilələrin nəticəsində təkcə qeyri-Avropa ölkələrində 579 milyon evdə açılış mərasimi izlənildi və sonrakı günlərdəki yarışlar da təqdim olunur. Təkcə ərəb ölkələrində 10 milyondan artıq tamaşaçı açılış mərasimini izləyə bildi. Açlış mərasimi Avropanın 45 ölkəsində yayımlandı. ABŞ-ın "CNN" telekanalının rəsmi internet səhifəsində birinci Avropa Oyunlarının ev sahibi - Bakı şəhərinin heyrətamiz görüntülərini əks etdirən fotoşəkillər yerləşdirildi. ABŞ-ın "RTTNEWS" saytı Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının açılışından bəhs etdi.
AVROPA OYUNLARINI AZƏRBAYCAN TELEVİYASI VƏ İDMAN AZƏRBAYCAN TELEKANALI PEŞƏKAR YARADICI VƏ TEXNİKİ HEYƏTİ İLƏ İZLƏYİCİLƏRƏ CANLI TƏQDİM EDİR
Artıq oyunların 13 günü arxada qalıb. Avropa Oyunlarına hazırlıq işlərinə başlanıldığı zamandan bu günə qədər görülən işlərin, keçirilən oyunların birbaşa yayımlanmasında Avropa Oyunlarının ölkəmizdə eksklüziv yayım hüququna malik Azərbaycan Televiyası və İdman Azərbaycan telekanal işıqlandırır. Oyunların rəsmi yayımçısı kimi Azərbaycan Televiziyası peşəkar yaradıcı və texniki heyəti ilə üzərinə düşən işin öhdəsindən yüksək səviyyədə gəlir.
"Bakı-2015" birinci Avropa Oyunlarının təntənəli açılış mərasimini canlı olaraq yayımladı. Paytaxtın xəritəsinə yeni daxil olmuş Bakı Olimpiya Stadionunun möhtəşəmliyi, əsrarəngiz gözəlliyi dünya izləycilərinin diqqətindən kənarda qalmadı. Dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou izlənildi.
Bu gün canlı olaraq oyunlar zamanı hər bir idman növünə yer ayıran bu kanallar vasitəsilə yarışların gedişi ilə tanış oluruq. Yarışlara maraq həddən artıq böyükdür. Bunu arenalara toplaşan azarkeşlərin sayından da müəyyən etmək olar.
Azərbaycan necə varsa, elə də qonaqlara təsir bağışlayır. Etiraf edək ki, dillə izah olunmayan, gözlə görüləndə daha təsirli, yaddaqalan olur. Oyunların hər anı, hər dəqiqəsi belə izləyicilərin diqqətindən kənarda qalmır. Elit idman tədbiri beynəlxalq aləmdə diqqətdədir.
Əlbəttə ki, Avropa Oyunlarını təşkil etmək, ona ev sahibliyi etmək şərəf olduğu qədər də böyük məsuliyyət tələb edən məsələdir. 6 mindən çox atletin iştirak etdiyi Avropa Oyunları bütün gələcək oyunlar üçün səviyyə və standart müəyyən edir.
Bu oyunlar çərçivəsində yüksək səviyyədə keçirilən Azərbaycan dünyaya gücünü, qüdrətini, inkişafını, sülsevər, sabit dövlət olduğunu göstərir. Bu potensial və dəyərlər, reallıqlar Azərbaycanda ehtiva olunur. Avropa Oyunlarını möhtəşəm şəkildə keçirən Azərbaycan dünya dövlətləri sırasında sözünü deyən ölkə, qüdrətli ölkə olduğunu bir daha nümayiş etdirir.
NƏZAKƏT