"Bu adamlar, eləcə də Rüstəm İbrahimbəyov ancaq öz maraqlarına xidmət edirlər. Hansısa bir dövlətə və yaxud da cəmiyyətə, quruma yox". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın "fəxri sədri" kimi təqdim olunan Rüstəm İbrahimbəyovun ermənisayağı fikirlərini müdafiə edənlərə münasibət bildirərkən deyib.
YAP rəsmisinin sözlərinə görə, İbrahimbəyov şəxsi maraqları üçün hər yola əl atır: "Ermənilərlə iş birliyi, onlarla bağlı ssenariləri bu günlərdə verdiyi açıqlamasında öz əksini tapdı. Məgər Azərbaycan torpaqlarını ermənilər işğal etməyibmi? Xocalı Soyqırımını ermənilər törətməyiblərmi? Bir milyondan artıq insan öz yurd-yuvasından qaçqın düşməyibmi, öz elinə, obasına, evinə, qəbirstanlığına, ziyarətgahına həsrət qalmayıbmı? Rüstəm İbrahimbəyov kimilərindən fərqli olaraq, zori balayanlar erməniləri hər zaman türklərə qarşı düşmənçilik ruhunda hazırlayıblar. Öz uşaqlarını hər zaman "sənin düşmənin türkdür!" ifadəsi ilə böyüdüblər".
Siyavuş Novruzov qeyd edib ki, Rüstəm İbrahimbəyov bütün ermənilərin bu kimi düşmənçiliyini bilə-bilə yenə də onları özünə dost-qardaş hesab edir: "Rüstəm İbrahimbəyov öz yazılarında ermənilərin Bakıdan getməsinə təəssüfləndiyini qeyd edirdi. O yazırdı ki, "ermənilərin getməsi ilə sanki Bakının mədəni səviyyəsi aşağı düşüb". Yəni, bu mənada Rüstəm İbrahimbəyov əlinə imkan düşdükcə azərbaycanlıları aşağılayır".
Millət vəkili daha bir amilə də toxunaraq deyib ki, Rüstəm İbrahimbəyovun yaxınlarına çevrilmiş Əli Kərimli, Cəmil Həsənli və onların ətrafları da ermənilərə qarşı eyni münasibəti sərgiləyirlər: "Digər tərəfdən Milli Şura, Əli Kərimli və Cəmil Həsənli erməni lobbisinin, xarici qeyri-hökumət təşkilatlarının maliyyələşdirdiyi yerli nümayəndələridir. Bu baxımdan, hesab edirəm ki, ermənilər bunlara hansı istiqamətdə təlimat versə o istiqamətdə də hərəkət edəcəklər. Çünki bunlar ibtidaidən belə xəyanətlərə yol veriblər".
YAP İcra katibinin müavini "Azadlıq" qəzetinin anti-Azərbaycan mövqeli mətbuatların təbliğatçısı rolu oynadığını vurğulayıb: "Ölkəmizdə I Avropa Oyunlarının keçirildiyi bir zamanda AXCP və Milli Şuranı təbliğ edən mətbu orqanlar, eləcə də "Azadlıq" qəzeti Azərbaycanı təmsil edən idmançıların uğurlarına sevinmək, onları təbrik etmək əvəzinə ayrı-ayrı Avropa mətbuatında erməni mövqeli yazıları öz qəzetlərinin səhifələrində dərc edir, hətta onlara istinad da edirlər. Təsəvvür edin ki, "Azadlıq" qəzetinin cəmi bir səhifəsinin küncündə idmançılar haqqında statistika gedir. Amma bütün səhifələrini anti-Azərbaycan təbliğatına, qarayaxma kampaniyalarına həsr edirlər".
Siyavuş Novruzov onların bu əməllərinin erməni lobbisinə və erməni havadarlarına nökərçilikdən başqa heç nə olmadığını deyib: "İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsini istəməyən Ermənistan dövləti və ora xidmət edən qurumlardır. Azərbaycanda isə Milli Şura, AXCP və Müsavat partiyalarıdır ki, müxtəlif çağırışlar edirdilər. Buradan da aydın görünür ki, onların ipini hansı tərəfə dartsan o tərəfə də xidmət edəcəklər. Müəyyən tapşırıqlar əsasında hərəkət edirlər ki, onlardan da mənbə kimi özləri istifadə edirlər. Onlar Avropanı inandırmağa çalışır ki, ölkəmizdə vəziyyət onların düşündüyü kimi ürəkaçan deyil, əksinə pisdir. Amma bir məqama toxunmaq istəyirəm, əgər kimsə bir dəfə də olsun Azərbaycanda olmayıbsa, onda buradakı vəziyyəti necə təhlil edə bilər? Ona görə də bir daha vurğulamaq istərdim, onlar erməni lobbisinin, eləcə də havadarlarının dəyirmanına su tökməklə heç nəyə nail ola bilməyəcəklər. Öz dövlətini, dövlət siyasətini dəstəkləyən, iqtidar ətrafında sıx biləşən Azərbaycan xalqı dəfələrlə onların ermənipərəst çıxışlarının şahidinə çevrilib. Bu dəfə də belə olacaq".
İntizarə Məmmədova