"Milli Şura"nın "fəxri sədri" ictimai qınaq hədəfində
Bu günlərdə "Milli Şura"nın fəxri sədri Rüstəm İbrahimbəyovun "The New Times"ə müsahibəsində "biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq" ifadəsi ictimaiyyət tərəfindən kəskin etirazla qarşılanıb. YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov "SƏS" qəzetinə sözügedən məsələ ilə bağlı münasibətlərini bildirərək vurğulayıblar ki, Rüstəm İbrahimbəyov vaxtaşırı ermənilərə olan sevgisini bildirmək üçün belə sərsəm çıxışlar edir.
Mehriban Abasquliyeva: "Rüstəm İbrahimbəyov xalqın düşməni olduğunu etiraf edib"
"Rüstəm İbrahimbəyovun ermənilər barəsində dəstəkləyici, dostyana, hətta qardaşyana fikirlər səsləndirməsi birinci hal deyil və bunu bilənlər yaxşı bilir. Hesab edirəm ki, İbrahimbəyov və onun kimiləri hər nə qədər ermənipərəst mövqedən çıxış etsələr də, onların mövqeyi tənqid edilməlidir. Çünki onun bütün həyatı, fəaliyyəti erməni xalqına xidmət etməkdən ibarət olub. Hazırda da o, ermənilərlə sıx əməkdaşlıq edənlərdən biridir".
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva "Milli Şura"nın "fəxri sədri" Rüstəm İbrahimbəyovun erməniləri düşmən hesab etməməsi açıqlamasına münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, əslində, bu kimi fikirlərin səsləndirilməsi bilavasitə "Milli Şura"nın qaranlıq siyasi dairələrlə iş birliyində olmasına, həmin dairələrin tapşırıq və təlimatlarını həyata keçirməsinə yetərli sübutdur: "Baxın, Rüstəm İbrahimbəyov bu qurumun "fəxri sədridir". Cəmil Həsənli isə sədrdir. Onları idarə edən yerli təlimatçı AXCP sədri Əli Kərimlidir. Ümumilikdə isə bunların hər birini müxtəlif siyasi dairələrdən idarə edirlər. Xüsusilə, Rusiyada və Qərbdə fəaliyyət göstərən erməni lobbisi Rüstəm İbrahimbəyov vasitəsilə öz sifaişlərini "Milli Şura"ya verir. Biz bunu 2013-cü ildə keçirilmiş prezident seçkiləri ərəfəsində də görmüşdük. Yəni sübut olunmuşdu ki, "Milli Şura" qeyri-milli qurum kimi Azərbaycanda xarici qüvvələrin ayaq açıb-yeriməsinə, siyasət yürütməsinə hesablanmış bir qurum kimi, xəyanətkarlar yuvasıdır".
Mehriban Abasquliyeva daha bir amilə toxunaraq deyib ki, uzun müddət susqun dayandıqdan sonra birdən-birə mediaya çıxıb, erməniləri tərif etmək məsələsini Rüstəm İbrahimbəyov elə-belə etməyib: "Bilirsiniz ki, Azərbaycan hazırda da dünyanın və Avropanın diqqət mərləzindədir. Ölkəmizdə I Avropa Oyunları tam sürətlə və uğurla davam edir. Belə bir məqamda Azərbaycanı istəməyən qüvvələr ciddi narahatlıqlar keçirir, hər an təxribatlar törətməyə çalışırlar. Bu səbəbdən, Azərbaycandakı zəif müxlaifətin heç nəyə yaramadığını dərk edən bu qüvvələr, hazırda xaricdə olan Rüstəm İbrahimbəyov kartından istifadə edərək, məlum açıqlamalar yayırlar. Bunu edirlər ki, Azərbaycanın ictimai rəyi etiraz etsin və onlar da bəyan etsinlər ki, azərbaycanlılar müharibə tərəfdarı kimi həm də aqressivdirlər, düşmənlə barışıq edib, sülh danışıqlarına getmək istəmirlər və s. Bax, bu kimi məsələlər də təbii ki, bir təxribat kimi ortaya atılıb. Rüstəm İbrahiməyov isə real aqressor, işğalçı, separatçı ermənilərə dəstəyini onları özünə düşmən hesab etməmək açıqlaması ilə sərgiləyib. Mən, sadəcə, ona və onun ətrafında olan dırnaqarası azərbaycanlılara ar olsun deyirəm. Xalq onları bağışlamayacaq".
Aydın Hüseynov: "Cəmil Həsənli də, Əli Kərimli də Rüstəm İbrahiməyov kimi erməniləri özlərinə dost-qardaş bilirlər"
"Bu adamın hansı dairələrə işləməsi çoxdan hər kəsə bəllidir. Bəllidir ki, onun erməni sevgisi, erməniçilik marağından çıxış etməsi arxasında dayanan faktorlardan biri də qrant əldə etmək marağıdır. Çünki Rüstəm İbrahimbəyov həm də bir pul hərisidir". Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov "Milli Şura"nın "fəxri sədri" statusunu daşıyan Rüstəm İbrahimbəyovun erməniləri özünə düşmən hesab etməməsinə, əvvəl-axır azərbaycanlıların onlarlan (ermənilərlə-red.) barışmalı olacağına münasibətini bildirərkən deyib.
Partiya rəsmisi bildirib ki, Rüstəm İbrahimbəyov uzun illər erməni iş adamları, biznesmenləri, sənət adamları ilə yaxınlıq edib, onları hər zaman azərbaycanlılardan üstün tutub: "Məgər xatırlamırsınızmı, bu, məhz həmin Rüstəm İbrahimbəyovdur ki, ermənilərin getməsindən sonra Bakının elitasının yox olması açıqlamasını vermişdi. Üstəlik, hələ Kinomatoqrafçılar İttifaqının sədri olduğu dövrlərdə keçirdiyi kinofestivallarda Ermənistanın millətçi, antitürk "Daşnaksütyun" partiyasının üzvü olan erməni rejissorunu belə, Bakıya gətirmişdi. Onu gəzdirmiş, yedirib-içirtmiş, böyük təmtəraqla da yola salmışdı. Bax, budur Rüstəm İbrahimbəyovin əsl siması, gerçək üzü. O, açıq-aydın şəkildə deyir ki, ermənilərlə dostdur, qardaşdır. Ona görə də onun məlum açıqlaması məni qətiyyən təəccübləndirmir.Rüstəm İbrahimbəyovdan başqa hansı bəyanatı gözləmək olardı ki?"
Aydın Hüseynov, həmçinin deyib ki, Rüstəm İbrahimbəyov "Milli Şura"nın fəxri sədri ola-ola, onun təmsil olunduğu qurumun sədri Cəmil Həsənli, eləcə də AXCP sədri Əli Kərimli bu kimi açıqlamaya qarşı mənfi münasibət bildirməyiblər: "Demək, bu məsələ də aydındır. Aydındır ki, Cəmil Həsənli, Əli Kərimli Rüstəm İbrahiməyov kimi erməniləri özlərinə dost-qardaş bilirlər. Yox, belə deyilsə, bunu inkar edirlərsə, buyursunlar onu tənqid etsinlər, "Milli Şura"nın "fəxri sədri" postundan çıxartsınlar, qurumun tərkibindən qovsunlar. Amma bunu etmirlər. Niyə? Ona görə ki, Rüstəm İbrahimbəyov getsə, onların maliyyə mənbələri də gedəcək, əldən çıxacaq. Görünür, onlar həm də buna görə İbrahimbəyovun məlum bəyanatına susqun yanaşırlar. Hər halda fakt göz qarşısındadır. Xalqın, ölkənin, Vətənin düşmənləri bizim hər birimizin gözlərimiz qarşısındadırlar. Ancaq onlar heç vaxt öz istəklərinə nail olmağı bacarmayacaqlar. Çünki Azərbaycanda olan mövcud dövlət quruluşu, xalq-iqtidar vəhdəti belələrinin ayaq açmalarına nə qabaqlar, nə də indi imkan verməməkdədir. Gələcəkdə də belə olacaq. Hər halda bu reallığı qulaqlarında sırqa edərək assalar daha yaxşı olardı həmin bu ermənipərəstlər toplumu".
R.HÜSEYNOVA