Mütəllim Rəhimli: "Avropa Oyunlarının keçirilməsi ilə Azərbaycan bir daha öz haqq səsini dünyaya çatdırmış oldu"
"İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox təqdirəlayiq bir haldır. Azərbaycan müstəqillik əldə etdiyi dövrdən bu günə qədər belə bir təbliğat aparmamışdır". Bunu "Səs" qəzetinə açıqlamasında "Ədalət" partiyasının Ali Məclisinin sədri Mütəllim Rəhimli deyib. Onun sözlərinə görə, Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə Azərbaycan bir daha öz haqq səsini dünyaya çatdırmış olur: "Bütün dünya Azərbaycan həqiqətləri barədə bir daha məlumat əldə etməklə yanaşı ölkəmizin gücünü, qüdrətini qəbul edir. Bizim mənfur bir qonşumuz var. Tarixən ermənilər özlərini dünyaya yazıq bir millət kimi və əzilən bir xalq kimi göstərərək dünya ictimaiyyətindən kömək istəyib. Bunun fonunda isə azərbaycanlıları vəhşi bir xalq kimi təqdim etməyə çalışıblar. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə ölkəmiz dünyaya göstərə bildi ki, həqiqətən də Azərbaycan xalqı qədim bir tarixə və zəngin mədəniyyətə malik xalqdır. O cümlədən də, bu xalq sülhsevərdir. Bizim obyektiv mövqeymizi dünyaya çatdırmağımız təbii ki, erməniləri və onun havadarlarıni ciddi narahat edir. İndiki məqamda anti-Azərbaycan qüvvələrinin əlinə sanki bir fürsət düşüb. Amma Azərbaycan dövləti həmin anti-Azərbaycan qüvvələrinin nə düşünməsindən asılı olmayaraq, öz uğurlu yolunu davam etdirir. İlk Avropa Oyunları necə yüksək səviyyədə başlayıbsa, həmin templə də davam edib, başa çatacaq".
GÜLYANƏ