PDF Oxu

Əsas

  • 1 838

BDU-da mətbuatın 140 illiyi ilə bağlı konfrans keçirilib

image

Əli Həsənov: "Müstəqil Azərbaycan mediasının ölkəmizdə təməlini Ümummilli Lider Heydər Əliyev qoyub"

Dünən Bakı Dövlət Universitetində Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinə həsr olunan "Azərbaycan Milli Mətbuatı-140: "Əkinçi" ənənələri və müasir jurnalistika" mövzusunda elmi praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və bir sıra KİV nümayəndələri iştirak ediblər. İlk olaraq konfransı giriş sözləri ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycanın yenidən müstəqiliyyinə qovuşduqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən ölkədə söz və mətbuat azadlığının təmin edilməsindən, KİV-in sərbəst fəaliyyətinə yaradılan şəraitdən danışıb.

O deyib ki, Ümummilli Lider Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazası, iqtisadi müstəqilliyi daha da gücləndirilib, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Əksər KİV nümayəndələrinin BDU-nun yetirmələri olduğunu deyən A. Məhhərəmov çıxışının sonunda mətbuat işçilərini təbrik edib. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkə başçısı İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb. Bugünkü tədbirin BDU-da keçirilməsini təsadüfi saymayan Ə. Həsənov bildirib ki, universitet hər zaman mətbuat sahəsində öz töhfələri ilə seçilib, mətbuat tarixinin araşdırılmasında, jurnalist kadrların yetişdirilməsində danılmaz xidmətlər göstərib: "Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi Azərbaycanın bölgələrində, rayonlarda, Bakı şəhərində, Bakı şəhərinin jurnalistika ilə bağlı olan müəyyən strukturlarında, o cümlədən Bakı Dövlət Universitetində, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və digər strukturlarda qeyd olunacaq. Biz bu tədbirlərdə bir tərəfdən milli mətbuatımızın inkişafını təkrar-təkrar şərh edəcək, bu inkişafda xidməti olan Azərbaycan ziyalılarını, jurnalistləri və ayrı-ayrı dövrlərdə mətbuatın inkişafında önəmli rol oynamış tarixi şəxsiyyətləri yada salacaq, onların xatirəsini əbədiləşdirəcəyik. Digər tərəfdən Azərbaycan milli mətbuatının keçmiş ənənələrindən istifadə edərək müasir jurnalistikanın inkişafı ilə bağlı özümüzün milli strategiyamızı, milli platformamızı formalaşdıracağıq. Hər bir gələcəyə ünvanlı inkişaf, taktika, strategiya keçmişlə əlaqəni mütləq şəkildə nəzərə almalıdır. Mətbuatın inkişafında başlanğıcdan bu günə qədər olan mühüm nailiyyətlər müəyyən olunmalıdır. Hər bir dövrün xarakterik xüsusiyyətləri və buna müvafiq olaraq, Azərbaycan jurnalistikasını bu gün gözləyən vəzifələr müəyyən olunmalıdır. BDU-nun rektoru, akademik Abel Məhərrəmova təşəkkür edirəm ki, bugünkü tədbirə Azərbaycan mediasının geniş ictimaiyyətini, bizim media rəhbərlərini dəvət edib".

Ə.Həsənov özünün "Azərbaycan Geosiyasəti" dərsliyi haqqında da məlumat verərək deyib ki, Azərbaycanda bu dərsliyə tək tələbələrin deyil, bütün milli elitanın ehtiyacı var: "Bütün milli elita bizim müasir dünya geosiyasətində yerimizi, rolumuzu, statusumuzu bilməlidir. Biz burada faktiki olaraq gündəlik yaşadığımız proseslərin ümumiləşmiş məsələsini qoymuşuq".

Əli Həsənov diqqətə çatdırıb ki, müstəqil Azərbaycan mediasının ölkəmizdə təməlini Ümummilli Lider Heydər Əliyev qoyub: "1998-ci il 6 avqust Fərmanı ilə Ulu Öndər Azərbaycanda media üzərindən bütün tənzimləyici dövlət mexanizmlərini, o cümlədən senzura yaradan bütün strukturları ləğv etmişdi. Azərbaycan milli mediasının banisi Həsən bəy Zərdabidir. O zaman çox az media nümunəsi var idi. "Əkinçi" qəzeti Azərbaycan xalqı üçün ilk milli mətbuat nümunəsi idi. Həsən bəy Zərdabidən başlayan milli mətbuat ənənələri Azərbaycan Xalq Cümhuriyyəti qurucularına qədər davam edib. Elə həmin qurucular da bu ənənələrdə yetişiblər".

PA rəsmisi vurğulayıb ki, mediamızın işi bir çox dövlətlərin qəzəbinə səbəb olur. Bu da strategiyamızın düzgün istiqamətdə getdiyinin göstəricisidir: "Jurnalistlərimiz Azərbaycan problemləri haqqında qərəzli yazılara müstəqil şəkildə tutarlı cavab verə bilir. Müasir dünyada o qədər çox standartlar yaranıb ki, qərb və digər sistemlər obyektiv gerçəkliklə çıxış edərək, həqiqəti qəbul etmək istəmirlər. Qərbin təmsil etdiyi transmilli mediada bəlli mərkəzlərin sifarişi əsasında informasiyalar hazırlanır".

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Həsən bəy Zərdabinin tarixi xidmətlərinə və ilk Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətinə toxunub: "Azərbaycan xalqı I Avropa Oyunlarında üzərinə düşən missiyanı çox böyük şərəflə həyata keçirdi. İlk Oyunları çox uğurla yekunlaşdırdıq. Hər bir xalqın həyatında mühüm hadisələr baş verir. I Avropa Oyunları da min illərlə tarixi olan Azərbaycan xalqının həyatında qlobal baxımdan baş verən ən mühüm hadisələrdən biridir. Əgər xalq bu missiyanı layiqincə yerinə yetirirsə, xalqın nümayəndələri idmanda yetəri qədər uğur qazanırsa, bu hadisə məhz həmin xalqın həyatında çox mühüm rol oynayır. Bunlar xalqın daxildə milli birliyini, xalqla rəhbər arasında əlaqəni daha da gücləndirir. Əminəm ki, xalqımız bundan sonra da qarşısında olan çox ciddi problemləri asanlıqla həll edə biləcək".

Professor Şamil Vəliyev, Bakı Dövlət Universitetində tanınmış alim və mətbuat tədqiqatçısı, Prezident təqaüdçüsü Şirməmməd Hüseynov "Əkinçi" qəzetinin yaranmasından, çağdaş mətbuat üçün yaradılmış şəraitdən danışıb. BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli isə bildirib ki, "Əkinçi"nin adını eşidəndə insanlarda bu qəzetin sahə orqanı olması ilə bağlı təəssürat yaranır. Əslində isə bu mətbuat orqanı yalnız kənd təsərrüfatı mövzularını deyil, o dövrün bütün sahələrində baş verən problemləri işıqlandırıb. Çıxışlardan sonra bir sıra mətbuat nümayəndələri "BDU-ya informasiya dəstəyi" xatirə mükafatına layiq görülüb. BDU-nun yetirməsi və BDU-ya göstərdiyi diqqət və qayğıya görə Əli Həsənov "BDU-nun fəxri dostu" mükafatına layiq görülüb. Mükafata layiq görülənlər arasında "Səs" Media Qrupu da olub.

Digər xəbərlər