PDF Oxu

Əsas

  • 2 036

Azərbaycan polisi 97-ci ildönümünü qeyd edir

image

Azərbaycan polisi yaranmasının 97-ci ildönümünü qeyd edir. SİA-nın xəbərinə görə, bu münasibətlə Daxili İşlər Nazirliyinin rəhbərliyi, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə tər çiçək dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad olunub, "Əbədi məşəl" abidəsi önünə gül dəstələri qoyulub. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramına və 2014-2015-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun, Milli Məclisin deputatlarının, yerli icra və hüquq mühafizə orqanları rəhbərlərinin, Olimpiya Oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşlarının, məzunların valideynlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirak etdikləri tədbirdə nazir müavini, polis general-leytenantı İsmət Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib. Nazir Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisələr - Azərbaycan Polisi Günü və tədris ilinin buraxılışı münasibətilə təbrik edib. Əvvəlcə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səslənib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mərasimdə geniş məruzə ilə çıxış edib. Sonra Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov çıxış edərək peşə bayramı münasibətilə Azərbaycanın daxili işlər orqanları əməkdaşlarına dövlətimizin başçısının təbriklərini çatdırıb. Akademiyanı fərqlənmə ilə bitirən polis baş leytenantı Yusif Hüseynov müdavimlərə olan diqqət və qayğıya, aldıqları mükəmməl təhsilə görə nazirliyin rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkürünü bildirib, onlara göstərilən yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlarına söz verib. Mərasimdə daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirən məzunlar Cavid Mirzəliyə və Yusif Hüseynova diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim edib. Akademiyanı əla qiymətlərlə başa vuran Şahin Qasımov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub. Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər "Azərbaycan Polisi" marşını ifa ediblər. Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib. Mərasimdən sonra daxili işlər naziri Ramil Usubov və Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov, eləcə də müdavimlərin valideynləri Polis Akademiyasının 400 yerlik yeni yataqxana binasının açılışında iştirak edib, yaradılan şəraitlə tanış olublar.

Digər xəbərlər