PDF Oxu

Əsas

  • 1 810

Siyavuş Novruzov: “Ölkəmizdə söz və mətbuat azadlığı həmişə qorunub”

image

"Azərbaycanda mətbuata göstərilən diqqət və qayğını yüksək qiymətləndirirəm. Çünki ölkəmizdə söz və mətbuat azadlığı hər zaman qorunub". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ilə bağlı fikirlərini bildirərkən deyib. YAP rəsmisinin sözlərinə görə, mətbuata dövlət tərəfindən həmişə qayğı göstərilib: "Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra mətbuat hər zaman diqqət mərkəzində olub. Mətbuatın dövlətə olan borclarının dondurulması, mətbuat üzərindən senzuranın götürülməsi hər bir qəzet çapı üçün əlverişli şəraitin yaradılması, o cümlədən mətbuata dövlət tərəfindən yardımların olunmasının həmişə şahidi olmuşuq. Azərbaycan yeganə dövlətlərdən biridir ki, ölkəmizdə Prezident yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fəaliyyət göstərir. Hər bir mətbuat orqanı mövqeyindən asılı olmayaraq, dövlət tərəfindən bərabər şəkildə yardımlar alır". S.Novruzov hesab edir ki, dünyanın heç bir ölkəsində belə bir hal yoxdur mətbuat nümayəndələrinə mənzillər tikilib verilsin: "2013-cü ildə 155 mənzil jurnalistlərə təqdim olunub. Yeni mənzillərin tikintisi isə artıq başa çatmaq üzrədir. Bu proses davam edir. Yəni Azərbaycanda hərtərəfli şəkildə mətbuata diqqət və qayğı var. Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ilə əlaqədar bütün mətbuat işçilərini təbrik edirəm. Onların Azərbaycan müstəqilliyinin inkişafında, möhkəmlənməsində rolları böyükdür. O cümlədən ayrı-ayrı mətbuat nümayəndələrinin müxtəlif dövlət təltifləri ilə mükafatlandırılması - "Əməkdar jurnalist", "Tərəqqi medalı", "Şöhrət ordeni" və s. mətbuatın inkişafına böyük imkanlar yaradır". YAP İcra katibinin müavini əlavə edib ki, bu gün Azərbaycanda ən azad internet sistemi fəaliyyət göstərir: "Burada da ayrı-ayrı portalları, saytlar və s. mövcuddur. Yəni jurnalistlər həm öz fikirlərini, rəylərini, həm də ayrı-ayrı siyasətçilərin, siyasi partiyaların mövqeyini ictimaiyyətə tam sərbəst şəkildə çatdırırlar. Bu baxımdan Azərbaycanda söz və mətbuat azadlığı həmişə qorunub və bundan sonra da qorunacaq".

Digər xəbərlər