Əli Həsənov: "Hökumətimiz ilk növbədə, çalışacaq ki, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün bu prosesi maksimum ağrısız etsin"
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti ölkədə dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Belə ki, dekabrın 21-də dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63 faiz və ya 0,501 manat artaraq 1,5500 manat olub. Bu valyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, avrozonanın vahid valyutası da 47,88 faiz və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.
AMB-nin yaydığı bəyanatda vurğulanır ki, ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalıb. Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilib, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunub. Lakin cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda, tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlamışdır. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100 faizi ötüb. Məhz yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib.
Bəyanatda bildirilir ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə AMB-nin İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib: "Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdir".
Eyni zamanda, bank-maliyyə sektorunun sabitliyinin təmin olunması məqsədilə kompleks tədbirlər görülməsi nəzərdə tutulur.
Bəyanatdan da göründüyü kimi, yeni məzənnə siyasətinə keçid daxili amillərlə şərtlənmir. Çünki hazırda qlobal miqyasda arzuolunmaz proseslər müşahidə edilir. Bir neçə il bundan əvvəl başlayan qlobal maliyyə böhranının fəsadları tam aradan qaldırılmamış dünyada yeni kataklizmlər baş qaldırıb. Bir sıra ölkələr qlobal risklərin təsiri qarşısında, sadəcə, gücsüz qalaraq öz investisiya proqramlarından, o cümlədən də sosial layihələrindən imtina etmək məcburiyyətində qalıblar.
Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan qapalı ölkə deyil, respublikamız son illərdə dünya iqtisadiyyatına sıx inteqrasiya edib. Hazırda əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulumuzun təxminən 76 faizini təşkil edir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 12 ildə 7 dəfə artıb. Bütün bunlar ölkənin qlobal iqtisadiyyata açıqlığının göstəricisidir. Ölkəmizin qlobal iqtisadiyyata açıqlığının, inteqrasiyasının getdikcə daha da dərinləşməsi, öz növbəsində, respublikanın iqtisadi-maliyyə siyasətində qlobal məkanda müşahidə edilən proseslərin diktə etdiyi yeni çağırışların mütləq nəzərə alınması zərurətini gündəmə gətirir. Dünya miqyasında baş verən proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib.
Məsələ ilə bağlı mövqeyini bildirən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a müsahibəsində deyib ki, Azərbaycan hakimiyyəti milli valyutamızın sabit qalması üçün mümkün olan bütün addımları atdı və tədbirləri gördü. Baxmayaraq ki, neft istehsal edən əksər ölkələr, o cümlədən Azərbaycanın yaxın ticarət və iqtisadi tərəfdaşları, MDB ölkələri öz pul siyasətlərinə xeyli əvvəl dəyişiklik etmişdilər. Mütəxəssislər yaxşı bilirlər ki, valyutanın sabitliyinin müdaxilə yolu ilə qorunması dövlətə nə qədər çətin itkilər hesabına başa gəlir. Lakin o da bəllidir ki, "üzən məzənnəyə keçid" də cəmiyyət üçün itkisiz başa gəlmir və özü ilə bir çox sosial-iqtisadi problemlər gətirir, dövlətin daxili həyatına, ictimai rəyə mənfi təsirsiz ötüşmür.
Son günlər Azərbaycanda hamıya bəlli idi ki, "üzən məzənnəyə keçid" prosesi qaçılmaz həddə çatıb və Mərkəzi Bank bununla hesablaşmaq məcburiyyətindədir. Bilirsiniz ki, neçə vaxtdır dünyada iqtisadi böhran yaşanır, ölkələrin əksəriyyətində milli istehsal və gəlirlər azalır, valyutalar dəyərini itirir. İqtisadi qüdrətindən və potensialından asılı olmayaraq, əksər ölkələrdə, - dünyanın ən qüdrətli dövlətlərindən olan Çindən tutmuş, kiçik dövlətlərə qədər, - bütün ölkələrdə milli valyuta sürətlə dəyərdən düşür. Bizim ən yaxın ticarət tərəfdaşlarımız - Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstan və digərlərinin milli valyutaları çoxdan sərbəst buraxılmışdı ki, bu da onlar ilə iqtisadi və ticarət əlaqələrimizə problemlər yaradırdı.
Azərbaycanın daxili istehsalı manatın sabit və yüksək məzənnəsi səbəbindən getdikcə aşağı düşürdü. Belə bir vəziyyətdə manatın məzənnəsinin sərbəstləşdirilməsi qaçılmaz idi. Yalnız Azərbaycan hakimiyyəti əhalinin sosial vəziyyətinə mənfi təsir göstərə biləcək prosesləri mümkün qədər ağrısız etməyə və ləngitməyə çalışırdı. Amma bilirsiniz ki, ölkəmiz qlobal dünyanın bir hissəsidir və biz də planetimizdə yaşanan iqtisadi proseslərlə ayaqlaşmaq, buna uyğunlaşmaq məcburiyyətində qaldıq: "Bir faktı da qeyd etmək istəyirəm ki, Azərbaycan neft ölkəsidir və bizim kimi ölkələr dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neftin kəskin ucuzlaşması amilini nəzərə almaya bilməz. Bu ilin əvvəlindən dünya bazarlarında neft və neft məhsullarının qiyməti 3 dəfə ucuzlaşıb. Bu hal müvafiq olaraq, Azərbaycanın neft gəlirlərinin də 3 dəfə azalması deməkdir. Əsas gəlir mənbəyi neft olan digər ölkələr, o cümlədən bizim yaxın qonşularımız artıq bu ilin əvvəlindən milli valyutalarının məzənnəsini sərbəst buraxmaq məcburiyyətində qaldığı halda, Azərbaycan Mərkəzi Bankı bu kəsiri uzun müddət öz ehtiyatları hesabına ödəməyə çalışdı. Lakin bu prosesi daim valyuta ehtiyatları hesabına tənzimləmək gələcəkdə ölkənin iqtisadi vəziyyətinə daha böyük zərbələr vura bilərdi. Çünki dünya bazarlarında neftin qiymətlərinin yaxın vaxtlarda bahalaşmayacağı hamıya aydındır. Təbii ki, bu, yalnız obyektiv bazar qanunları ilə bağlı proses deyil, ortada subyektiv səbəblər də var və bunun ən başlıcası ABŞ-Rusiya münasibətləridir. Hadisələri izləyən hər kəs üçün aydındır ki, Rusiya ilə geosiyasi rəqabətin gücləndiyi bir şəraitdə Birləşmiş Ştatlar öz rəqibini iqtisadi cəhətdən zəiflətmək üçün dünya bazarında neftin qiymətlərinə süni yolla təsir göstərmək siyasətini seçib. Bunun üçün Vaşinqton əvvəlcə OPEK-i nəzarətə götürdü və bu təşkilatın qiymətlərlə bağlı qərar qəbul etmək imkanını müxtəlif üsullarla məhdudlaşdırdı. Bunun ardınca Birləşmiş Ştatlar xaricə neft satışına qoyulmuş 40 illik qadağanı ləğv etdi. Nümayəndələr Palatasının bu qadağanın ləğvi barədə qanun layihəsini dəstəkləməsi dünya bazarlarında neftin sürətlə ucuzlaşması fonunda baş verirdi. Bu qərarı da iqtisadiyyat qanunları ilə izah etmək mümkün deyil. Çünki ABŞ-ın neft satışına qiymətin rekord həddə yüksək - az qala 150 dollar olduğu zaman deyil, rekord həddə ucuz - 37 dollar olan zaman başlaması sübut edir ki, məqsəd, qanun layihəsində göstərildiyi kimi, "iqtisadi inkişaf və istehsalatın artmasından çox, qiymətlərin bu yolla tənzimlənməsindən" ibarətdir". Nəhayət, neft satışına qoyulan qadağanın ləğvi ilə eyni vaxtda ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması da dolların mövqeyini möhkəmləndirməklə yanaşı, digər ölkələrin valyutalarını zəiflətdi. Bu, onsuz da ucuzlaşmış nefti bir qədər də qiymətdən saldı və nəticədə, neft satan ölkələrin gəliri daha da azaldı. Azərbaycanın qonşusu olan İranın da gələn ildən öz neftini dünya bazarına çıxarmağa hazırlaşdığını nəzərə alsaq, bu prosesin yaxın vaxtlarda nizama düşməsi çox mürəkkəb görünür".
Bir sözlə, dünyadakı iqtisadi böhran, Azərbaycanın ən yaxın ticarət tərəfdaşlarının milli valyutalarının sərbəst buraxılması, üstəlik, beynəlxalq konyuktura, neftin kəskin ucuzlaşması və s. Mərkəzi Bankın son qərarını qaçılmaz edib. Lakin bu, o demək deyil ki, hakimiyyət bu prosesi öz axarına buraxıb heç bir tənzimləyici mexanizmlərdən istifadə etməyəcək. Hökumətimiz, ilk növbədə, çalışacaq ki, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün bu prosesi maksimum ağrısız etsin. İndiki şəraitdə daxili istehsalın stimullaşdırılması, kölgə iqtisadiyyatının hələ də haradasa qalan digər sahələrini - monopoliyaları, korrupsiya hallarını, sahibkarların fəaliyyətinə süni maneələr törədilməsini və s. aradan tam qaldırmaq üçün bütün addımlar atılacaq. İndiki mərhələdə əsas məqsəd devalvasiyanın qaçılmaz olan mənfi fəsadlarını yeni bazar mexanizmləri ilə kompensasiya etməkdir. Vətəndaşlarımız əmin olsunlar ki, Azərbaycan hakimiyyəti bunun üçün bütün lazımi tədbirləri görəcəkdir.
"Səs" Analitik Qrupu