MİA

  • 4 202

BEH yaddaşlarda necə qaldı?

image

Ötən həftə yekun vurulan Bakı Enerji Həftəsi hər il davamlı olaraq keçirilən əhəmiyyətli enerji tədbiridir. Özündə üç mühüm tədbiri birləşdirən və bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirən bu tədbir boyunca dünyanın diqqəti Azərbaycanın üzərində olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.

İyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoydular.

Bakı Enerji Həftəsinin ilk günündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalandı. İmzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir iştirak etdilər. Sazişlər Azərbaycanda 1 külək və 2 günəş elektrik stansiyası layihəsini ehtiva edir. Bu sənədin Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəfinə nail olmasında önəmli rol oynayacağı xüsusi qeyd edildi. Ümumi gücü 1 GVt olan 3 stansiya layihəsinin icrası nəticəsində illik təxmini 2.3 milyard kVt saat elektrik enerjisinə qənaət olunacaq. Bunun da nəticəsində təxminən ildə 1 milyon ton karbon emissiyasının atmosfetə atılmasının qarşısı alınacaq.

BEH-nin ikinci gününün proqramına “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı” və “Uğurlu enerji keçidində insan kapitalının rolu” kimi aktual mövzular daxil edilib.

Forum çərçivəsində Baku Expo Mərkəzində keçirilən “İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı” mövzusunda panel də yaddaşda qaldı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Nərgiz Gülmalıyeva paneldəki çıxışı zamanı son illərin ən ciddi problemlərindən olan avtomobil sayının durmadan artması məsələsinə toxundu. Azərbaycanda hazırda 2 milyonadək avtomobil var. Bunların yarısı Bakı şəhərinin payına düşür. 2013-2014-cü illərdə Bakıda hər 100 ailəyə 120 avtomobil düşdüyünü deyən məsləhətçi hazırda bu rəqəmin bir qədər azaldığını dedi:

“Buna səbəb ölkə başçısı İlham Əliyevin ətraf mühitin qorunması ilə bağlı apardığı önəmli siyasətdir. Xüsusilə bu il ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbiri ilə əlaqədar bir sıra tədbirlər həyata keçiriləcək. COP29-la əlaqədar bu ilin sentyabrınadək Azərbaycana BYD şirkətinin istehsalı olan 160 ədəd avtobusun gətirilməsi nəzərdə tutulub. Həmçinin 2024-2026-cı illərdə Bakıda sərnişindaşımada “Brutto müqavilə” modelinə keçidin təmin edilməsi planlaşdırılır. Bununla da dizel avtobusların tamamilə dövriyyədən çıxarılaraq elektrik avtobuslar ilə əvəzlənməsi gözlənilir. Artıq 2026-cı ildə 1100 ədəd elektrik avtobusun istismara daxil olması planlaşdırılır. Həm dövlət, həm də özəl operatorlara məxsus 13-dən artıq depoda, eləcə də başlanğıc və son dayanacaqlarda elektrik enerji infrastrukturlarının qurulması nəzərdə tutulur”.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri dünya mediasının da diqqət mərkəzində oldu. Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” rəsmi informasiya agentliyi, “24 ae.”, “Əl İttihad”, “Şarjah 24”, “Mediaoffice. Abu-Dabi”, “Əl Xalic”, “uae.barq” qəzet və portalları, habelə “CNN arabic”, “Abu Dabi1” telekanalları, Səudiyyə Ərəbistanının “Saudigulffprojetcts” nəşri Bakı Enerji Həftəsi çərçivəsində Prezident İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan bin Əhməd Əl-Cabiri qəbul etməsi, habelə Azərbaycanın dövlət başçısının və Əmirliklərin nazirinin bu mötəbər tədbirdə çıxışının əsas məqamları barədə məlumat verdilər.

Açılış mərasimi haqqında Qazaxıstanın “Kazinform” agentliyi, Çinin “Siamnews”, “Chinamoneynerqork” portalları, Avstraliyanın AAP informasiya agentliyi, Tailandın “Thailand business” nəşri, Almaniyanın “Finanznachritchen”, Kanadanın “Newswire”, İtaliyanın “İnarmazione”, İngiltərənin “Morningstar”, Tayvanın “Taiwannews” elektron qəzetləri geniş məqalələr dərc etdilər.

Qlobal miqyasda investorların əsas media orqanı olan “Investor Observer” nəşri, Fransanın “Le Lezard” elektron qəzeti, Asiya ölkələri sahibkarlarının media orqanı “Enterpise Asia”, ABŞ-ın “Central Charts”, “Street Insider” portalları, Səudiyyə Ərəbistanın ingilis dilində nəşr olunan “GoalFore Advisory” analitik iqtisadi jurnalı, İraqın “Əl Ayn”, Pakistanın “Press Release Hub” saytlarında da jurnalistlərin qlobal enerji təhlükəsizliyinin barometri adlandırdıqları Bakı Enerji Həftəsinin açılışında Azərbaycanın dövlət başçısının çıxışından əsas məqamlar dərc edildi.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı” və “Uğurlu enerji keçidində insan kapitalının rolu” mövzularında panel müzakirələri baş tutdu. Həmçinin COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub. 600-dən çox nümayəndənin iştirak etdiyi konfransda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələlərinə toxunuldu.

Forumun xüsusi və son sessiyası olan “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi” mövzusunda panel müzakirəsi iyunun 7-də baş tutdu. Sessiya və panel müzakirələrdə vurğulanıb ki, Bakı Enerji Forumu özünü səmərəli əməkdaşlıq üçün etibarlı platforma kimi təsdiqləyib. 29-cu Bakı Enerji Forumu enerji təhlükəsizliyinə nail olmaq yolunda birgə həllərin axtarışı üçün gözəl imkan yaradaraq, yadda qalan, maraqlı müzakirələrlə öz işini tamamlayıb.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər