MİA

  • 1 263

Ermənistanda rusiyayönlü məmurlar niyə işdən azad edilir? - ŞƏRH

image

Ermənistanın dövlət sistemində bir gündə üç istefa baş nazir Paşinyanın anti-Rusiya xəttinə uyğundur,- Ermənistanın “Hraparak” qəzeti yazır. Qeyd olunur ki, hakimiyyət Rusiya Federasiyasına simpatiyası olan erməni məmurları vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir.

Qəzet xatırladır ki, oktyabrın 9-da Paşinyan “elektrik enerjisinin keyfiyyətində problemlər və onların həlli imkanlarına” həsr olunmuş iclas keçirib. Bundan sonra Rusiya ilə əlaqəsi olan 3 məmur istefa verib:

- Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasının rəhbəri Qaregin Baqramyan;

- Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan;

- İqtisadiyyat nazirinin müavini Narek Teryan.

Sonuncu nazir müavini təyin olunana qədər Rusiyada işləyib: o, VTB Qrupunun layihələrinə rəhbərlik edib və Rusiyanın kommersiya banklarında rəhbər vəzifələrdə çalışıb.

Paşinyanın Ermənistanda rusiyayönlü hökumət rəsmilərinə qarşı hücuma keçdiyini güman etmək olarmı? İndiki şəraitdə nə dərəcədə aktiv ola bilər? Bəs bu, Rusiya-Ermənistan münasibətlərində hansı nəticələrə səbəb ola bilər?

Tanınmış erməni və azərbaycanlı analitiklər bu sualları “Caliber” analitik mərkəzinə cavablandırıb. Ekspertlərin şərhlərini oxucularımıza təqdim eidirik.

“Bu siyasət altı ildir davam edir və heç də uğursuz deyil!”

Ermənistan Politoloqlar Assosiasiyasının prezidenti, siyasi elmlər doktoru Hmayak Hovannisyanın qeyd etdiyi kimi, Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi parlament müxalifəti ölkədə hakimiyyətin qaytarılmasına dair bütün ümidləri Moskvanın dəstəyinə bağlayır. Bu “müxalifətin” ruporu olan qəzet Paşinyanın “anti-Rusiya xətti” mövzusunu vurğulayır.

“Bu, Ermənistanda parlament müxalifətinin infantilizminin növbəti sübutudur- başqa heç nə. Sözügedən istefalara gəlincə, əhalinin Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının fəaliyyətindən, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin yay daşqınlarının nəticələrinin aradan qaldırılmasında gördüyü işin keyfiyyətindən narazı olması fonunda bu, kifayət qədər məntiqlidir. Seçkilərə az qalıb və Nikol Paşinyan ictimai əhval-ruhiyyəyə cavab verməlidir və bu, ümidvericidir- bu, administrasiyanın seçkidə uğur qazanacağına ümidlərini bədnam inzibati resursdan sui-istifadəyə deyil, seçicilərin dəstəyinə bağladığını göstərir”- politoloq deyib.

Rusiyayönlü fiqurlara gəlincə, o deyir ki, onlar Paşinyan administrasiyasında yaxşı təmsil olunurlar.

“Bu, ilk növbədə, baş nazirin müavini Mher Qriqoryandır ki, onun ictimai reytinqinin çox aşağı olmasına baxmayaraq, Paşinyan inadla onu öz postunda saxlayır. Digəri uzun illər prezident Robert Köçəryanın əsas müttəfiqi- onun administrasiyasının rəhbəri olmuş baş nazirin təcrübəli köməkçisi Artaşes Tumanyandır. Deməli, əslində “Rusiya-Ermənistan münasibətlərində mənfi nəticələrə” gətirib çıxaran Paşinyanın kadr siyasəti deyil, hakimiyyətə qayıtmaq ümidlərini Moskvanın köməyinə bağlayan körpə parlament müxalifətinin “təbii fırıldaqçılığı”dır. Bu siyasət altı ildir davam edir və heç də uğursuz deyil! Kreml Nikol Paşinyanı tənqid edir və deyir ki, “filankəs Moskvaya xəyanət edir, biz Paşinyanı hakimiyyətdən məhrum edib, siyasi kursu bizə qaytarmalıyıq”. Bu, acınacaqlı mənzərədir...” Hovannisyan bildirir.

“Çox güman ki, bu, Qərb paytaxtlarının məsləhəti ilə edilir”

Beynəlxalq məsələlər üzrə ekspert, Cənubi Qafqaz politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə xatırladır ki, bu, qonşu ölkədə rusiyayönlü məmurların ilk belə istefası deyil.

“İlin əvvəlində Ermənistan İqtisadiyyat Nazirliyinin rəsmiləri ilə bağlı qalmaqal yaşanmışdı. İşdən çıxarılanlar da oldu və bunların arasında karyera yüksəlişinə Rusiya strukturlarında başlayan, yəni Rusiya Federasiyasında işləyən insanlar da var idi. Bunun təsadüf olub-olmaması və ya düşünülmüş siyasət olmasından asılı olmayaraq, yalnız spekulyasiya etmək olar, lakin Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin artdığı, iki ölkə arasında siyasi münasibətlərin gərgin olaraq qaldığı bir şəraitdə heç nəyi istisna etmək olmaz”- analitik əmindir.

Digər tərəfdən, o qeyd edib ki, ötən gün Caliber.Az diplomatik mənbələrə istinadən Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dövlət orqanlarında təmizlənmə prosesinin həyata keçirilməsinə məsul olan dövlət orqanlarında aparılan təmizləmələrə dair sözlərinə istinadən yazı dərc edib. Ermənistanda təhlükəsizlik üçün bu siyasət davam edəcək.

“Təbii ki, bu kampaniyada əsas diqqət Rusiya ilə bağlı olan və ya bu ölkədə iş karyerasına başlayan kadrlara yönələcək. Ümumiləşdirsək deyə bilərik ki, çox güman ki, bu proses indiki hakimiyyət dövründə daimi olacaq. Bu prosesi müxtəlif çərçivələrdə qurmaq olar, lakin Ermənistan tərəfinin Rusiyanın dövlət aparatında belə müstəsna təsirini azaldacağı göz qabağındadır. Çox güman ki, bu, o cümlədən Qərb paytaxtlarının məsləhəti ilə edilir”, - Vəlizadə qeyd edib.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər