MİA

  • 2 510

Bakı ABŞ-ın yarımçıq sülh sazişi ilə bağlı təzyiqlərini qəbul etməyəcək - MÜSAHİBƏ

image

“Baydenin manipulyasiyalarına cavab olaraq Bakının güzəştə getməyəcəyinə və bu cür yarımçıq sülh sazişi tələblərindən imtina edəcəyinə şübhə yoxdur”

Politoloq, Rusiya Beynəlxalq Məsələlər Şurasının üzvü Aleksey Naumov “Moskva-Baku” portalına müsahibəsində Bakıdan İrəvan üçün sülh şərtləri, “3+3” formatında nizamlanma prosesində iştirak və Vaşinqton amili barədə danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aleksey, sizcə, hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması variantları varmı?

- Məncə, bu məsələdə formal tərəfə bağlanmağa ehtiyac yoxdur. Azərbaycan bu məsələdə öz qaydalarını diktə edir və bundan kənara çıxmayacaq, çünki o, obyektiv cəhətdən daha güclüdür. Azərbaycan Respublikası Ermənistan Respublikasında hakimiyyətdə kimin olmasından asılı olmayaraq, gələcəkdə İrəvanın qisas almaq imkanlarını istisna etmək istəyir. Müvafiq olaraq, Bakı tamamilə haqlı olaraq Ermənistanı istənilən revanş üçün hüquqi əsaslardan məhrum etmək istəyir. Qüvvələr balansı istənilən vaxt şəraitə uyğun olaraq dəyişdirilə bilər. Və nə qədər ki, Azərbaycan diplomatik, hərbi və iqtisadi üstünlüklərini qoruyub saxlayacaq, Konstitusiyanın dəyişdirilməsi və Azərbaycan Respublikasına qarşı ərazi iddialarının ondan çıxarılması ilə əlaqədar Ermənistana təzyiqlərini artırmağa davam edəcək. Bakı isə İrəvanla sülh müqaviləsinin qısaldılmış variantının heç bir imzalanmasına razı olmayacaq.

Düşünmürəm ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında hansısa ilkin, qısaldılmış sazişin imzalanması mümkün olsun.

- Moskva, Ankara və Tehranın təklif etdiyi “3+3” platforması çərçivəsində Bakı ilə İrəvan arasında danışıqların yekunlaşmasının mümkünlüyü barədə nə deyə bilərsiniz?

- Ermənistan əslində “3+3” formatından istifadə etmək istəmir, çünki bu format əslində İrəvana üstünlük vermir. Rusiya da, Türkiyə də Azərbaycana üstünlük verir. Rusiya-Azərbaycan münasibətləri bu gün postsovet dövründə ikitərəfli münasibətlərin ən yaxşı nöqtəsindədir.

Təbii ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda “3+3” formatından istifadə İrəvanı əlverişsiz vəziyyətə salır, çünki onun bu formatda müttəfiqi qalmayıb. Azərbaycanla birbaşa danışıqların mümkünlüyü Ermənistana danışıqlar prosesini yubatmağa imkan verir, çünki danışıqlarda üçüncü tərəf yoxdur və Bakıdan başqa heç kim İrəvanın danışıqları həqiqətən gecikdirdiyini və Bakıya qəbuledilməz təkliflər irəli sürdüyünü qeyd edə bilməz. Və belə olan halda İrəvanın Azərbaycanı nədəsə ittiham etmək imkanı var. İrəvan bundan məmnundur: o, bilərəkdən ləngimə xəttini seçdi, çünki məhz bu gecikmə Ermənistana Qərblə əməkdaşlığı daha da artırmağa, ondan dəstək almağa və silah almağa imkan verir.

Bundan əlavə, yarandığı gündən “3+3” formatı təəssüf ki, geosiyasi səbəblərdən problemlərin həlli üçün tam hüquqlu alətə çevrilə bilməyib. Bu hələ yeni yaranan platformadır. Gürcüstan, gördüyümüz kimi, hələ də ona qoşulmayıb. Hesab edirəm ki, bu, hakim “Gürcü arzusu” partiyası oktyabrın 26-da keçiriləcək parlament seçkilərində qalib gələrsə, baş verə bilər.

İran da çətin geosiyasi vəziyyətdədir. Hazırda onun əsas problemləri Amerika Birləşmiş Ştatları ilə bağlıdır.

Amma mən hesab edirəm ki, dövlətlərin suverenliyinin prioritetliyi, qarşılıqlı maraqların tanınması və yerli münaqişələrin üçüncü qüvvələrin iştirakı olmadan yerli qüvvələr tərəfindən həllinə əsaslanan yeni dünya nizamı böyüdükcə bu format güclənəcək.

- Co Bayden bu il və COP29 ilə əlaqədar olaraq, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin sürətləndirilmiş şəkildə imzalanmasına dair Amerikanın təkliflərinin yer aldığı məktubu Azərbaycan prezidentinə təqdim edib. ABŞ-ın marağı nədir?

- Co Bayden Amerika diplomatiyasına xas bir cəhd edir: o, Azərbaycanın real hərəkətlərini hipotetik reputasiya qazancları ilə əlaqələndirir. Məşhur Sovet kəlamını ifadə etsək: yoldaş Bayden “sağ ol” desin.

İndi Azərbaycan Amerikanın təzyiqinə və Amerika təsirinə müqavimət göstərməyə hazır olduğunu nümayiş etdirib və Azərbaycan Respublikasının Prezidenti ABŞ-a qarşı kifayət qədər sərt ifadələr işlətdikdə, Baydenin manipulyasiyalarına cavab olaraq Bakının güzəştə getməyəcəyinə və bu cür yarımçıq sülh sazişi tələblərindən imtina edəcəyinə şübhə yoxdur. ABŞ-ın manipulyasiyası nəticə verməyəcək.

Bu, ABŞ-ın Azərbaycana qarşı növbəti nümayişidir ki, ondan Amerika hegemonluğunun aləti kimi istifadə etmək istəyirlər. Sxemin işləmə üsulu ondan ibarətdir ki, onlar kimisə tərifləyirlər və həmin ölkə əslində onlar üçün nəsə edir. Amma bu, Azərbaycana aid deyil.

Bakı ABŞ-ın bu növbəti addımına diplomatik, eyni zamanda sərt reaksiya verəcək. Çünki bu, yalnız ABŞ-ın maraqlarına uyğundur - Amerika Birləşmiş Ştatlarının təkbaşına hegemonluğu dövründən köhnə dünya nizamına qayıdışa qarşıdır. Yəni bu, bu torpağın yerli xalqı olaraq, guya sizi təriflə sevindirməli olan ağ müstəmləkəçi adından sizə ünvanlanmış zərərli təzyiqdir. Qeyri-bərabər münasibətlər, yəni qul və ağa münasibətləri - Hegelin məşhur mənasına istinadla. Azərbaycan bundan razıdırmı? Gördüyümüz kimi, yox.

Bəli ABŞ-ın bu cür addımları “3+3” formatını lazımi şəkildə aktivləşdirməyin vaxtının yetişdiyinin daha bir sübutudur, əks halda “ağ ağalar” regiona gəlməkdə davam edəcək. Əvvəllər aborigenlərə zinət əşyaları və silahlarla gəlirdilər. İndi "təriflə". Bu köhnə dünyadan yeni dünyaya salamdır. Amma dünya dəyişir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər