PDF Oxu

MİA

  • 1 227

Xoşbəxtsinizmi?

image

Xoşbəxtlik insan həyatında böyük ölçüdə yer tutan, həm mürəkkəb, həm də çoxölçülü bir anlayışdır. Bəzi insanlar üçün xoşbəxtlik fizioloji təcrübə olaraq qiymətləndirilir, xoşbəxtliyi fiziki hiss etməklə yaşadığını düşünür. Bəzi insanlar üçün xoşbəxtlik emosional vəziyyəti təmsil edir, mənəvi aclığın doyurulması kimi xarakterizə olunur. Buna görə də xoşbəxtliyi anlamaq üçün həm bioloji, həm də psixoloji amilləri nəzərə almaq lazımdır.

Xoşbəxtlik fizioloji olaraq hormonların ifrazı və orqanizmdə bəzi reaksiyaların özünü büruzə verməsidir. Emosional olaraq isə daxili rahatlıq, sevinc və sevgi hisslərinin təzahürüdür. Fizioloji baxımdan xoşbəxtlik hormonlarla sıx bağlıdır. Beyində istehsal olunan dopamin, serotonin və endorfin kimi hormonlar xoşbəxtlik hisslərinin yaranmasında mühüm rol oynayır. İnsan istədiyi bir şeyə nail olduqda və ya zövq aldığı bir işlə məşğul olduqda, orqanizmdə dopamin ifraz olunur və xoşbəxtlik hissini artırır. Serotonin əhval-ruhiyyəni tənzimləyir, endorfin ağrıları azaldır, stressi idarə edir və xoşbəxtlik hissini artırır.

Xoşbəxtlik insanın daxili emosional vəziyyətinə əsaslanır. Xoşbəxtlik, özünü yaxşı hiss etmək, daxili rahatlıq tapmaq, yaşamaqdan mənəvi həzz almaq və sevilmək kimi emosional vəziyyətləri əhatə edir. Bu amillər insanın dünya ilə münasibəti, özünü dərk etməsi və həyatına verdiyi məna ilə formalaşır. Yaxşı hiss etdiyin mühitdə yaşamaq, yaxşı dostlarla münasibət qurmaq, dəyər vermək, dəyər görmək xoşbəxtliyi artıran amillərdəndir.

Xoşbəxtlik həm də psixoloji proseslərlə bağlıdır. Müsbət düşünmə, minnətdarlıq hissi, baş verənləri asan qəbul etmək kimi zehni vərdişlər xoşbəxtliyi artıra bilər. Stresslə mübarizə bacarıqlarının inkişaf etdirilməsi, problem həll etmə bacarıqlarının əldə edilməsi və sağlam münasibətlərin qurulması da xoşbəxtliyi yaradan amillərdəndir. Stəkanın dolu tərəfindən baxa bilmək bacarığı insan psixologiyası, xoşbəxtliyi üçün əhəmiyyətli bacarıqdır. Həmiçşə, hər şeyə şübhə ilə yanaşan, hər addımda müsbətləri yox, mənfiləri görən insanlar xoşbəxt ola bilmir.

Sağlam qidalanmaq, davamlı olaraq idman etmək, sahib olduqlarına, əldə etdiklərinə görə şükr etmək, vaxtın, zamanın əsiri olmadan dilədiyi kimi yaşaya bilmək, təmənnasız sevmək və sevilmək insanı daha xoşbəxt edə biləcək əsas amillərdir. Xoşbəxtlik insanın bütün çatışmazlıqlara, narahatlıqlara fikir vermədən təbiətlə, cəmiyyətlə və özü ilə harmoniya əldə etməsidir. Əsl xoşbəxtlik insanlıqdan uzaqlaşmayan, əlindəkilərlə yetinən, əldə etdiklərinə görə şükür edənlərin daxili rahatlığıdır. Xoşbəxtlik məqsəd deyil, məqsədə çatanda bitən yarış da deyil, xoşbəxtlik bizim daxili rahatlığımızı tapa bilməyimizdir.

Həqiqi xoşbəxtliyə çatmağın ən vacib addımlarından biri ürəkdən istəmək, təmənnasız verməkdir. Vermək dedikdə yalnız maddi şeylər nəzərdə tutulmur, təmənnasız sevmək, təmənnasız dinləmək, təmənna güdmədən yaxşılıq etmək də özündən nəyisə verə bilməkdir. Necə ki bir tingdən yüzlərlə alma əldə edirik, eləcə də qarşımızdakı insana verdiyimiz hər bir xoş duyğu, xoş söz, müsbət düşüncə bizə sonsuz xoşbəxtlik olaraq geri dönür.

Həmişə təmənnasız sevgi verməyindən, təmənnasız yaxşılıq etməyindən, amma qarşılıq görməməyindən şikayət edənlər də var, bu əslində təmənnasız sevgi deyil. Bu qeyri-səmimi davranışdır, yaxşı insan adlandırılmaq üçün edilən məcburi hərəkətdir. Təmənna güdmədən edilən jestlər birinin həyatını asanlaşdırırsa və siz bunu bilirsinizsə bu ən böyük məmnunluqdur. Bu, əsl xoşbəxtlikdir.

Xoşbəxtlik həyata müsbət reaksiya hissidir. Xoşbəxtliyi dərk etmək üçün həyata fərqli gözlərlə baxmaq, onu başqa cür qavramaq və başqa cür hiss etmək lazımdır. Xoşbəxtlik ağıl və ürəyin bir-birinə bağlı olmasıdır və əsla maddi məsələlərlə əlaqəli vəziyyət deyil. Bizi xoşbəxt və ya bədbəxt edən şey özümüzə və həyata baxışımızdır. Xoşbəxt insan emosiyalarını boğmayan və onları sərbəst ifadə edə bilən, olduğu kimi yaşmağı bacaran insandır. İnsan yeri gələndə ağlamağı, gülməyi, hirslənməyi, sevməyi, imtina etməyi, boyun əyməməyi bacarmalıdır.

Xoşbəxtlik bizə faydalıdır, o sağlam immunitet yaradır, müsbət emosiyalar insanın həyat keyfiyyətini yaxşılaşdırır. Nə qədər xoşbəxt olsaq, nə qədər minnətdarlıq hissi ilə təchiz olunsaq bir o qədər çox yaşayırıq. Xoşbəxtliyi idarə etmək öz əlimizdədir, çünki xoşbəxtliyi təmin edən duyğuları idarə etmək də bizim öz əlimizdədir. Şəfqət göstərmək, şükür etmək, minnətdar olmaq, təmənna güdmədən yaxşılıq etmək insanın kamilliyinin göstəricisidir. Kamil olan hər insan isə mütləq xoşbəxtdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər