Öyrəndiyimiz hər yeni dil qlobal karyeraya, mədəni inkişafa və beynəlxalq imkanlara yeni bir qapı açır. Mandarin dilindən tutmuş ispan dilinə qədər hər bir yeni dili öyrənmək diplomatiya, texnologiya, biznes və ya səyahət sahələrində insanlara özünəməxsus üstünlüklər təklif edir. Getdiyiniz hər ölkədə insanları anlamaq, onlarla bildikləri dildə danışa bilmək əslində böyük avantajdır, elə deyil?
Düzgün dili seçmək peşəkar inkişafınızı artıra və daha qarşılıqlı əlaqəli bir dünya ilə əlaqənizi dərinləşdirə bilər. Yeni bir dil öyrənmək sadəcə şəxsi nailiyyət demək deyil, bu, gələcəyinizə yaxşı planlaşdırılaraq yatırılmış sərmayədir. İstər karyeranızı növbəti səviyyəyə qaldırmaq, istər dünya miqyaslı imkanlara sahib olmaq, istərsə də yeni mədəniyyətləri araşdırmaq istəyirsinizsə, düzgün dil saysız-hesabsız imkanlar yaradır.
Dünyanın hegemon dövlətlərindən birinə çevrilən Çinin iqtisadi və texnoloji mənzərəsi yaxşı gələcək vəd edir. Beynəlxalq ticarət, texnologiya və diplomatiya karyeraları üçün bu gün dünyada Çin dilinə ehtiyac var. Mandarin dili Çin dilinin əsas və ən çox danışılan dialektidir. İlk baxışda öyrənilməsi çətin görünsə də kifayət qədər sadə qrammatikası tələffüz tonlarının və simvolların çətinliyini tarazlaşdırır. Çin dili texnologiya, maliyyə və beynəlxalq şirkətlərdə işləmək üçün çox işinizə yaraya bilər.
İspan dili ingilis dilindən sonra dünyanın ən çox danışılan ikinci ana dilidir, səyahət, biznes, həmçinin Amerika və Avropada böyük qisim əhali ilə ünsiyyət üçün çox vacibdir. İspan dili yalnız səyahət üçün deyil, həm də səhiyyə, təhsil və biznes, xüsusən də ABŞ və Latın Amerikasında əla karyera vasitəsidir.
İngilis dili beynəlxalq biznes, akademik mühit və onlayn ünsiyyətdə üstünlük təşkil edir. Beynəlxalq karyera, tədqiqat və səyahət üçün bu dili öyrənmək vacibdir. Ərəb dili qlobal enerji, siyasət və mədəniyyətin mərkəzində yerləşən Yaxın Şərq və Şimali Afrika ilə ünsiyyət qurmaq üçün vacibdir. Bu, işəgötürənlərin diplomatiya, enerji və beynəlxalq münasibətlər kimi karyeralarda axtardıqları bir dildir.
Hindistanın inkişaf edən texnologiya və biznes sektorları hind dilini dünya miqyaslı mütəxəssislər üçün strateji bir dilə çevirir. Bu, həmçinin texnologiya, biznes sahəsində inkişaf etmək, o cümlədən dünyanın ən böyük və ən qədim əhalisi olan ölkəni yaxından tanımaq üçün vacibdir. Alman və portuqal dilləri sizi dünyanın sürətlə böyüyən nüfuzlu iqtisadiyyat şirkətlərində işlə təmin edə biləcək özəllikdir.
Əgər mədəni səviyyənizi artırmaq istəyirsinizsə ispan, fransız və yapon dilləri zəngin ədəbi, vizual və populyar mədəniyyətlər haqqında dərin biliklər təmin edir. Karyera inkişafı üçün çalışırsınızsa bilin ki, ən az iki dil bilən insanların lider vəzifələri və beynəlxalq əlaqələndirici kimi mövqe tutma ehtimalı daha yüksəkdir.
Birdən çox dil öyrənmək bütün dünya ölkələrinin vətəndaşı olmaq deməkdir. Daha çox dil qlobal dünyagörüşünün inkişafına kömək edə bilər. Əgər məqsədiniz karyera, təhsil, səyahət, şəxsi inkişafdırsa biznes imkanları üçün Çin və ingilis dilləri faydalıdır, turizm, mədəniyyət üçün isə ispan və fransız. Coğrafi əlaqələriniz və perspektiviniz, Avropa ilə əlaqə planınız varsa alman və fransız, Asiyada karyera düşünürsünüzsə üçün mandarin, yapon, Koreya dillərini öyrənməlisiniz.
Resurs və imkanlara gəlincə, bəzi dillər üçün kurslar, materiallar, tədris edəcək müəllim tapmaq asandır, bəziləri üçün daha çətindir. İndi internetin verdiyi imkanlar sayəsində onlayn öyrənmə platformalarının, dil kurslarının və dəstək materiallarının sayı çox artıb. Bu imkan dilləri öyrənmə fürsətini bütün dünyaya əlçatan edib.
Hətta eyni anda bir neçə dil öyrənmək də olar, bu poliqlotlar tərəfindən məqbul hesab edilən strategiyadır, çünki müxtəlif dillər üçün qaynaqlar, kurslar, texnologiyalar genişdir. Hazırda dünyada ingilis dilində 1530 milyon, Çin dili ndə 1180 milyon, Hind dilində 610 milyon, ispanca 559 milyon, fransızca 310 milyon, ərəbcə 270 milyon, Benqal dilində 270 milyon, Portuqalca 260 milyon, rus dilində 255 milyon, urdu dilində 230 milyondan çox insan danışır. Siyahıda öz ana dili olanlar və öz ana dilindən başqa ikinci, üçüncü dil olaraq danışanların sayı əks olunub.
Dünyada ən çox ümumi danışılan dil ingilis dilidir. Bu dil dünyanın çox yerində ana dili olmayanlar tərəfindən ikinci dil olaraq istifadə olunur. Mandarin dili ən çox ana dilində danışanı olan dildir. Əsasən Çin, Tayvan və diaspora icmaları arasında danışılır. Hindistanın dili çoxsaylı əhalisi ilə əlaqədar üçüncü yerdədir.
Məhşur bir söz var: bir lisan bir insandır. Yəni nə qədər çox dil bilirsinizsə siz o qədər çox insan ehtiva edirsiniz. Çox dil bilmək beynəlxalq əməkdaşlıq, uzaqdan iş, qlobal bazarlarda rəqabəti artırır. Çoxdillilik strateji üstünlükdür, ikidən çox dil bilmək sizi daha məhsuldar, rəqabətli və geniş kommunikasiya imkanlı edir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması ” istiqaməti çərçivəsində hazırlanıb