MİA

  • 36 240

Uşaqları məktəbdə virusdan necə qorumalı? – HƏKİM İZAH ETDİ

image

Fəsil dəyişəndə qrip yayılması normaldır, amma uşaqları bundan qorumaq üçün bəzi məsləhətlərə əməl etməliyik

Qlobal iqlim dəyişiklikləri nəticəsində yay fəslindən payıza keçiddə havaların ziddiyyətli keçməsi uşaqlar arasında qrip və sair xəstəliklərin yayılmasına səbəb olub. Uşaqların immun sistemi hələ tam formalaşmadığı və bəzi infeksion xəstəliklərə qarşı zəif olduğu üçün onlar tez yoluxurlar. Buna görə də həkimlər valideynlərə məsləhət görür ki, övladlarına gigiyena məsələsində təməl məlumatlar versin.

Məktəbdə uşaqların əlini sabunla yumasına şərait olmalıdır

Pediatr Şəhla Quliyeva soyuqdəymə, qrip, qızdırma əlamətləri olan uşağın məktəbə göndərilməməsini məsləhət görür: “Bir uşaq sinifdə 20-25 uşağın qripə yoluxmasına səbəb ola bilər, hər uşaq bir ailədən gəlir, evə qayıdanda o uşaqların hərəsi ailədə 1 nəfəri yoluxdursa, görün nə qədər insan infeksiya daşıyıcısı olur.

Xüsusilə 1-ci sinfə başlayan uşaqlara diqqət eləmək vacibdir, çantalarına salfetlər qoymaq, tez-tez əllərini silməyi və yumağı başa salmaq lazımdır. Yaxşı olar ki, məktəblərdə uşaqlara əllərini sabunla yumaq üçün imkanlar yaradılsın.

Uşaqlar anlamalıdır ki, sinif yoldaşlarının su qabından su içmək, dəsmalı ilə əlini silmək olmaz, bu əşyalar fərdidir və gigiyenik baxımdan başqasının istifadə etməsi düzgün deyil”.

Sağlamlıq kağızını rüşvətlə almağa çalışırlar

Həkim deyir ki, infeksiyanın yayılmasına məhz bu amillər səbəb olur: “Uşaqlara gigiyena qaydalarını vaxtında başa salmaq lazımdır, tutaq ki, evdə bacısının su içdiyi stəkandan su içən uşaq bunu məktəbdə parta yoldaşı ilə də təkrarlayacaq. Məhz bu səbəbdən də tədris ili başlayan ərəfədə infeksion xəstəliklər 2 dəfə artıq müşahidə edilir”.

Müsahibimiz məsləhət görür ki, məktəbli övladı olan valideynlər uşaqları mütamadi olaraq qeydiyyatda olduğu poliklinikalarda müayinədən keçirsin: “Müayinə cəmi 10 dəqiqə vaxt aparacaq, amma uşaqların səhhəti üçün vacibdir. Bir çox valideyn övladı məktəbə başlayanda təhsil müəssisəsinin tələb etdiyi sağlamlıq kağızını rüşvətlə almaq istəyir, “həkim, 5-10 manat verim, bir şey yaz ver, tələsirəm” deyib uşağı müayinələrdən keçirmir. Vicdanı olan həkim razılıq vermir, bəzən isə valideyn elə istədiyi formada arayışı alıb uşağı məktəbə göndərir. Nəticədə uşaq hansısa bir virusu bütün məktəbə yaya bilir və yaxud əksinə, özünün immun sistemi o qədər zəif olur ki, məktəbə getdiyi ilk günlərdəcə xəstələnir”.

Uşaq qrup olanda tələsik antibiotik verməyin

Həkim bir vacib məsələni də diqqətə çatdırdı: “Bir çox valideyn məktəbli övladı soyuğa yoluxanda, qrip olanda öz bildiyi formada antibiotik alıb tətbiq edir. Olduqca ciddi təhlükə yarada bilər, bunu etməyin. Uşaq xəstələnə bilər, bu, normaldır. Amma öskürən kimi, bir az istiliyi qalxan kimi dərman tətbiq etmək olmaz. Ən az 48 saat gözləmək lazımdır. Antibiotik təyinini mütləq peşəkar həkim etməlidir, aptekdə əczaçının məsləhəti ilə övladınıza antibiotik verməyin. Sağalanadək məktəbə getməsin, çünki sinif yoldaşlarını da yoluxduraraq virusun yayılmasına səbəb ola bilər. Evdə dincəlmək, bol-bol maye qəbul etmək xəstəliyi daha tez sağaldır”.

Uşaqlara gigiyena qaydalarını ən xırda detallarına qədər anlatmağın vacibliyindən bəhs edən Şəhla Quliyeva deyir: “Uşaqların immun sistemi tam formalaşmadığı üçün məktəbdə xəstələnmə ehtimalları çoxdur, yoluxmanı minimuma endirmək üçün qidalanmasına diqqət etmək vacibdir, ağartı məhsulları, meyvə menyularında üstünlük təşkil etməlidir. Məktəb çantasına evdə bişmiş şirniyyat və meyvə qoymaq lazımdır, uşaqları mağazadan alınmış hazır qidalardan uzaq saxlayın. Meyvə olmayan mövsümlərdə meyvə quruları yesinlər. Uşağa meyvə verməyən valideynlər var ki, gəlib vitamin yazmağımızı istəyirlər. Axı təbiətdə bu qədər vitamin anbarı var”.

DİQQƏT: Uşaqlar arasında virus infeksiyası ən çox bu səbəblərdən yaranır:

-Əllərini gec-gec yuması

-Çirkli əşyaları ağızlarına alması

-Başqasının su qabından su içməsi

-Sabundan az istifadə etməsi

-Keyfiyyətsiz məktəb ləvazimatları

-İmmun sisteminin zəif olması

Uşaqların hər gün ən az 3 dəfə əllərini sabunla yumasına diqqət etmək lazımdır deyən həkim valideynləri, xüsusilə də, məktəbli uşaqları dərsdən gələn kimi barmaqlarının aralarını diqqətlə sabunla yuması barədə məlumatlandırmağı məsləhət görür. İmmunitetlərini güclü saxlamalı, çox istiyə öyrətməməli, onlara yalnız sağlam və təbii qidalar verilməlidir. Uşaq olan otağın havası tez-tez dəyişilməlidir.

Əgər bütün valideynlər özləri bu qaydalara riayət etsələr və uşaqlarını belə böyütsələr bütün hamı infeksion xəstəliklərdən uzaq olar. Bunlar isə əməl edilməsi çox asan və çox vacib olan qaydalardır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər