Siyasət

  • 803

Sosial inkişaf keyfiyyətcə yeni mərhələdə TƏHLİL

image

Son iyirmi ildə Azərbaycanda sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olub. Bu dövr ərzində Azərbaycan istər siyasi, istərsə də iqtisadi sahədə uğurlar qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca olaraq bir məqsədi var: Bu, Azərbaycan vətəndaşının maraqlarıdır, ölkə vətəndaşlarının həyat səviyyəsinin keyfiyyətinin yüksədilməsidir. Ona görə də vətəndaşlar Prezidentə olan sədaqəti, inamı ölkə başçısının da xalqa olan münasibəti, qayğısı, diqqəti vəhdət təşkil edir. Beləcə, xalq-iqtidar birliyi də burada öz sözünü deyir. Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. O, hər bir vətəndaşının problemini öz problemi, qayğısını öz qayğısı kimi qəbul edir və məhz buna görə, iştirak etdiyi bütün seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini və etimadını qazanır. O, dəfələrlə sübut edib ki, parlaq zəkası, peşəkar idarəçilik qabiliyyəti və praqmatik yanaşması ilə Azərbaycanı daha böyük zirvələrə aparacaq.

Etiraf edək ki, davamlı və dinamik inkişafı özündə ehtiva edən milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycanda siyasi, iqtisadi, hüquqi və digər sahələri əhatə edən fundamental islahatlar həyata keçirilir ki, bu da çoxşaxəli, ardıcıl və dinamik inkişafı təmin etməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsində də əhəmiyyətli rol oynayır. Ölkəmizdə yeni layihələr həyata keçirilir. Prezident İlham Əliyevin Fərmanı ilə "Yol xəritələri" təsdiq olunub. Bu "Yol xəritələri" uzunmüddətli prespektivlərə xidmət edib.

MÜASİR SIĞORTA-PENSİYA MODELİNƏ KEÇİD

Ölkəmizdə son 20 il ərzində bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb. Ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verir. Statistik məlumatlara nəzər salsaq görərik ki, ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatıb. Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malikdir. 2006-cı ilin əvvəlindən Azərbaycanda qabaqcıl dünya təcrübəsinə uyğun müasir sığorta-pensiya modelinə keçidin təmin edilməsi pensiya təminatında müsbət nəticələrin əldə edilməsi ilə nəticələnib. Rəqəmlərin dili ilə desək ötən 20 ildə minimum pensiya 14 dəfə artaraq 280 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb.

HƏSSAS MÜNASİBƏT

Müzəffər Ali Baş Komandan İlham Əliyev həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərir. Onların sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar reallaşır. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. Postmüharibə dövründə onlara 5300, ümumilikdə, ötən dövrdə 14100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 44 günlük Vətən müharibəsindən sonra 324 avtomobil, ümumilikdə, ötən dövrdə 7500-dən çox, o cümlədən son 20 ildə 6500-dən çox avtomobil verilib.

20,9 MİN ŞƏXS AKTİV MƏŞĞULLUQ PROQRAMLARINA CƏLB EDİLİB

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların məşğulluğuna dəstək işləri də aparılır. Postmüharibə dövründə şəhid ailəsi üzvləri və müharibə iştirakçıları olan 20,9 min şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib.Onlardan 10,4 min nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb, 9,9 min şəxs isə münasib işlə təmin edilib. Həmçinin 642 şəxs peşə hazırlığına cəlb olunub. Şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət və qayğı davamlıdır. Bütün bunlar ölkədə aparılan uğurlu sosial siyasətin və Vətən uğrunda öz canını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinə və sağlamlığını itirmiş müharibə əlillərimizin daim dövlətin diqqət mərkəzində olmasının bariz nümunəsidir.Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasəti sosialyönümlüdür. Bunun mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Bu gün Azərbaycan dünyanın ən müasir və inkişaf etmiş ölkələri sırasındadır. Hətta Azərbaycan siyasi və iqtisadi çəkisinə görə dünyanın ən nəhəng ölkələri ilə müqayisə olunacaq dərəcədə işlər görüb. Təbii ki, bu işlərin də müəllifi, həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər