Siyasət

  • 774

Ölkələrimiz arasında mövcud olan etibarlı əməkdaşlıq əlaqələri

image

Prezident İlham Əliyevin 4 iyul 2024-cü il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışı ölkələrimiz arasında mövcud olan etibarlı əməkdaşlıq əlaqələrinin bir daha təsdiqi oldu. Son iki il ərzində Azərbaycan Prezidenti Qazaxıstana dörd dəfə səfər edib, Qazaxıstan Prezidenti isə üç dəfə Azərbaycana səfər edib. Fəal qarşılıqlı səfərlər Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir.

Azərbaycan ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına dəvət olunub. Bu dəvət Azərbaycanın üzv dövlətlər ilə inkişaf edən tərəfdaşlığının bariz nümunəsidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr ölkəmizi Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevirməkdədir.
Azərbaycanın Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yoluna etdiyi sərmayələr bu yolun illik ötürücülük qabiliyyətini 1 milyon tondan 5 milyon tona qədər artırıb. Bundan əlavə, Azərbaycan tərəfdaşları ilə birlikdə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyəti isə Azərbaycanın nəqliyyat imkanlarını daha da genişləndirəcəkdir.
Azərbaycan həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində çalışır və zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Prezident İlham Əliyev çıxışında həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etməsindən və Ermənistanın otuzillik işğalına son qoymasından bəhs etdi. Bu, beynəlxalq hüquq və tarixi ədalətin bərpası kimi qiymətləndirilməlidir. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoymaqla BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsini icra etdi.
Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. 2019-2023-cü illərdə Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi. Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib və bu dövlətlərə dəstək göstərmək prioritetləri sırasında yer alır.
Beləliklə, Prezident İlham Əliyevin çıxışı Azərbaycan ilə Qazaxıstan arasındakı əməkdaşlığın dərinliyini, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu və ölkəmizin nəqliyyat-logistika qovşağı kimi mövqeyini bir daha vurğuladı.

Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini

Digər xəbərlər