Siyasət

  • 387

Azərbaycanın ŞƏT-lə əməkdaşlıgında yeni iqtisadi imkanlar - ŞƏRH

image

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə möhkəmlənir, dünya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənir. Bölgədə və dünyada söz sahibi olan Azərbaycanın bugünkü inkişafı siyasi, iqtisadi, hərbi, mədəni və s. sahələrdə qazandığı uğurlarla özünü büruzə verir. Beynəlxalq müstəvidə etibarlı tərəfdaşlığın məntiqi nəticəsi olaraq ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir və beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər nüfuzlu təsisatların Azərbaycanla sıx əlaqələr qurmağa üstünlük verməsinə əlbəttə ki, dövlətimizə etimadın, inamın ifadəsidir. Azərbaycan bir çox beynəlxalq təşkilatlarla yanaşı, Şanxay Əməkdaşlıq Təşkilatı ilə də əməkdaşlığı uğurla davam edir. Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-ə üzv dövlətlərin rəhbərləri ilə Azərbaycan arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər diqqəti çəkəndir. Azərbaycanın son illər beynəlxalq arenadan artan nüfuzunun, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsinin ölkənin ŞƏT üçün əhəmiyyətini daha da artırıb. Azərbaycan həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan dövlət kimi ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır. Təşkilatın əsas məqsədləri sırasında üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi dayanır. Eyni zamanda, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması müasir dövrün çağırışları olduğundan məqsəd olaraq daim diqqətdə saxlanılır.

Vurğulayaq ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun Sammitində ikinci dəfə iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın daha bir göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasına əsaslanır. İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə dövlətimizin başçısı çıxışında Azərbaycanın ikinci dəfə ŞƏT-in Zirvə toplantısına dəvətini dövlətimizlə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirib.

Azərbaycanın ŞƏT-lə əməkdaşlığı: 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı qərar qəbul edilib, 2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb. Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak etmişdir. Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin hərtərəfli inkişafı üçün böyük imkanlar var və ölkəmiz, eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə də ikitərəfli qaydada çox sıx əlaqələrini qurub. Ölkəmiz ŞƏT çərçivəsində əməkdaşlıq etdiyi ölkələrlə ticarət və iqtisadi əlaqələrinin inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın regionda mühüm tranzit qovşağına çevrilməsinə geniş imkanlar yaradıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq logistik mərkəz kimi rolunu daha da artırır. "Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Azərbaycan regiondakı geosiyasi mövqeyinə mühüm təsir göstərən Şərq-Qərb və Şimal - Cənub nəqliyyat dəhlizləri ilə bağlı mühüm addımlar atıb. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib", - deyə Prezident çıxışında bildirib. Dövlət başçısının sözlərinə görə, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Regionda həyata keçirilən infrastruktur layihələrin icrası ölkəmizi regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirir. Azərbaycan tərəfdaşları ilə Orta Dəhlizin rəqəmsallaşması üzərində çalışır. Azərbaycan Prezidentin çıxışında verdiyi mesajlar həyata keçirilən layihələrin irimiqyaslı və şaxəli olduğunu göstərir. Belə ki, Şimal - Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayan Azərbaycan Şimal - Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. "Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq" - deyə Prezident vurğulayıb. 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycan 2023-cü ilin sentyabrında beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Azərbaycan dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a ev sahibliyi edəcəkdir. "Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik", - deyə Prezident bildirib.

Göründüyü kimi, Azərbaycan bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərimizə uyğun münasibətlərə üstünlük verir.

Prezident İlham Əliyevin müasir dövrün çağırışlarına uyğun olaraq həyata keçirdiyi siyasi iradəsinə əsaslanan uzaqgörən siyasəti dövlətimizin dünya birliyində mövqeyinin daha da güclənməsinə səbəb olur.

Natiq ALLAHVERDIYEV,

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri

Digər xəbərlər