Siyasət

  • 802

“COP29-da dünyanın və Azərbaycanın ekoloji problemləri diqqətə çatdırılacaq“ - RƏY BİLDİRİLDİ

image

“Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan yaşıl enerji ilə bağlı da iddialı layihələrlə çıxış edir. Bütövlükdə, Azərbaycan hökuməti 2030-cu ilə qədər enerji tələbatının 30 faizini bərpa olunan mənbələr hesabına ödəməyi qarşısına məqsəd qoyub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib. Deputat bildirib ki, bərpa olunan enerji iqlim məqsədlərinə nail olmaq üçün ən perspektivli həlli təklif edir: “Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmağı öhdəsinə götürüb. “Yaşıl” enerjinin istehsalı və dünya bazarına nəqli Azərbaycanın enerji siyasətinin prioritet istiqamətlərindən biridir.COP29-a ev sahibliyi etmək bütün dünyaya nümayiş etdirəcək ki, ölkənin əsas neft və qaz istehsalçısı olmasına baxmayaraq, Azərbaycanın əsas gündəliyi yaşıl enerjidir. Yaşıl enerjinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizdə prioritet məsələdir. Ölkəmiz sözügedən tədbirə ev sahibliyi etməklə ətraf mühitə verdiyi önəmi, daha geniş mənada gələcək nəsillərə sağlam dünya ötürməyə qayğı göstərdiyini göstərir. Bu gün Azərbaycan da digər ölkələr kimi ekoloji problemlərdən əziyyət çəkir. 30 ilə yaxın ərazilərimizin işğalı, minlərlə hektar meşələrin yandırılması və məhv edilməsi, işğal zamanı çaylarımızın, su anbarlarımızın çirklənməsi ümumi ekoloji vəziyyətə son dərəcə mənfi təsir göstərib. Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını Yaşıl Enerji Zonası elan edib. Məqsəd 2050-ci ilə qədər bu əraziləri “xalis sıfır emissiya” zonalarına çevirməkdir”.Onun sözlərinə görə, Azərbaycanın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında su enerjisi mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, həmçinin Tərtərdə bioenerji ehtiyatları mövcuddur: “Onların səmərəli istifadəsi nəticəsində ölkəmiz “yaşıl” enerjinin istehsalçısı və istehlakçısına çevrilə bilər. Hazırda Xəzərin su ehtiyatları tədricən azalır. Bu həm ekoloji, həm də iqtisadi problemlər yaradır. Xəzərin geri çəkilməsi indiki kimi davam edərsə, məsələn, “Orta Dəhliz”də yerləşən ölkələr kommunikasiya layihələri ilə bağlı ciddi problemlərlə üzləşəcəklər. Çünki bu mühüm transmilli layihə Xəzər dənizindən keçir. Dənizin geri çəkilməsinin əsas səbəblərindən biri də Xəzər dənizinin əsas su mənbəyi olan Volqa çayında suyun azalmasıdır. Belə ki, COP29 çərçivəsində keçiriləcək tədbirlərdə həm dünyanın, həm də Azərbaycanın ekoloji problemləri diqqətə çatdırılacaq və müzakirə ediləcək. COP29 Azərbaycan və Qazaxıstandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerji layihəsinin həyata keçirilməsini də sürətləndirə bilər”.

Digər xəbərlər