PDF Oxu

Siyasət

  • 1 330

Ermənistan bu regionun “qapı”sı deyil...

Ekspert: Erməni xalqının rifahı yalnız Azərbaycanla imzalanacaq sülh sazişindən asılıdır

image

Son vaxtlar beynəlxalq siyasi iradə mərkəzlərinin əsas diqqətini özünə daha çox cəlb edən Cənubi Qafqazla bağlı dünya nəhənglərinin strateji hədəfləri getdikcə daha aydın hal almağa başlayır. Buradakı əsas reallıq ABŞ və Qərbin Rusiyanı regiondan uzaqlaşdırmaq hədəfidir və onlar bunu Ermənistan üzərindən həyata keçirməyə çalışırlar. Lakin unutmamalıyıq ki, Ermənistan bu regionun "qapı"sı deyil və onlar məhz ermənilər üzərindən digər bölgə ölkələrinə təzyiq göstərmək istəyirlər. SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri müsahibəsində türkiyəli siyasi ekspert Bilgehan Öztürk ifadə edib.

ABŞ ilə Azərbaycan arasında son vaxtlar meydana gələn ziddiyyətlərə toxunan siyasi şərhçi bunun əsas səbəblərindən birinin də məhz qeyd edilən bu məqam olduğunu bildirib: "İndi Ağ Ev, Cənubi Qafqazda Ermənistanın maraqlarının təminatçısı rolunda çıxış edir. Bununla yanaşı, Azərbaycana qarşı təzyiq cəhdlərinin artması da regionda vəziyyətin gərginləşməsinə yol açır. Vəziyyətin normallaşması istiqamətində addımlar atıla bilər və bu, təqdirəlayiq hal kimi hesab edilər. Lakin burada belə bir sual meydana çıxır: Xüsusilə son vaxtlar daha da artan ermənipərəst çıxışlardan sonra rəsmi ABŞ-dan Azərbaycana qarşı səmimi münasibət gözləmək nə qədər doğrudur? Fikrimcə, Bayden administrasiyası dövründə bunun ola biləcəyinə inanmaq çox çətindir. Bu şübhələrə əsas verən kifayət qədər ciddi faktlar var. Misal üçün, 44 günlük Vətən müharibəsində ABŞ-ın Ankaradan Qarabağ məsələsində Azərbaycana dəstəyin dayandırılması kimi absurd tələbi bunun nümunələrindəndir. Təbii ki, rəsmi Ankara Amerikanın bu tələbinə məhəl qoymadı. Lakin bu cəhdlə yanaşı, ABŞ-ın Ermənistana dəstəyi belə Azərbaycanın ərazilərini işğaldan azad etməsinə əngəl törədə bilmədi".

Ekspert deyib ki, rəsmi İrəvan ABŞ və Qərbin ona verdiyi müəmmalı vədlərə ümid bəsləmək əvəzinə Azərbaycan ilə bir an əvvəl sülh müqaviləsinin imzalanmasına çalışmalıdır: "Bu danılmaz faktdır ki, regionda baş verən gərginliklərin mərkəzində məhz Ermənistanın özü və onun himayədarları dayanır. Bütün bunların fonunda görünür ki, Ermənistan başda Fransa olmaqla Qərb ölkələri, eləcə də ABŞ-ın dəstəyi ilə Cənubi Qafqazda yenidən xaos yaratmaq niyyətindədir. Onların əsas niyyəti Türkiyə-Rusiya münasibətlərinə xələl yetirmək və Azərbaycanın Qarabağda əldə etdiyi tarixi hərbi və siyasi Zəfərə kölgə salmaqdır. Buradan göründüyü kimi, bəzi Qərb dairələrinin bu təhriki ilə Ermənistanın atdığı hazırkı addımlar həm Azərbaycana, həm Rusiyaya, həm də Türkiyəyə qarşıdır. Onların digər hədəfi isə İrandır. Yəni, Qərb Ermənistana müşahidəçi adı altında sürətli şəkildə hərbçilər yerləşdirməklə İranı da Şimaldan mühasirəyə almaq istəyir".

Bu hadisələrin heç birinin Ermənistana yaxşı vədlər vermədiyini vurğulayan ekspert bildirib ki, sərhədlərinin 80 faizi ilə - Türkiyə və Azərbaycana bağlı Ermənistan hazırda odla oynayır. Burada Şuşa Bəyannaməsindən irəli gələn öhdəlikləri də unutmaq olmaz. İndi Paşinyan hakimiyyətinin təmsilçiləri sülh sazişinin imzalanmasından danışsalar da, təəssüf ki, bunun reallaşması istiqamətində ciddi addım atmağa tələsmirlər. Lakin onlar unutmamalıdırlar ki, Ermənistan və buna bağlı olaraq erməni xalqının rifahı yalnız Azərbaycanla imzalanacaq sülh sazişindən asılıdır.

Digər xəbərlər