Siyasət

  • 4 050

“İlham Əliyevlə Sergey Lavrovun görüşü Azərbaycan və Rusiya arasındakı etimadın daha da artmasına öz mühüm töhfəsini verdi” – Bəhruz Quliyev

image

"Azərbaycan və Rusiya əlaqələri bütün istiqamətlərdə və uğurla inkişaf yolunu tutub və bu inkişaf yolu ölkələrimiz arasındakı dostluq münasibətlərinə nəhəng töhfələrini verəcək". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovu qəbul etməsi və bu görüşdə tərəflərin irəli sürdükləri fikirlərini şərh edərkən deyib.Bəhruz Quliyevin sözlərinə görə, həmin görüşdə Prezident İlham Əliyevin Rusiya Fedreasiyasının dövət başçısı Vladimir Putinlə müxtəlif beynəlxalq tədbirlərdə çoxsaylı görüşlərini xatırlatması, eləcə də Xarici İşlər nazirlərinin müntəzəm xarakterli qarşılıqlı səfərləri barədə fikirlərini bildirməsi eyni zamanda belə qənaətə gəlməyə zəmin verir ki, bu kimi görüşlər ölkələrimizin beynəlxalq siyasi arenada bir-birinə siyasi dəstək göstərməsinə də mühüm stimullarını verib: "Dövlətimizin başçısı xatırladıb ki, Azərbaycan nümayəndə heyəti tam heyətdə Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verib və bu faktın özü də ölkələrimiz arasındakı möhkəm bağların, həmrəyliyin məntiqi göstəricilərindən hesab edilə bilər".Siyasi ekspert Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın Rusiyaya səfəri və orada keçirdiyi rəsmi görüşləri barədə də fikirlərini açıqlayaraq qeyd edib ki, bu görüşlər Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsi prosesinə önəmli təkanlarını verməkdədir: "Əbəs deyil ki, cənab İlham Əliyev Sergey Lavrovdan Mehriban Əliyevanın "Dostluq" ordeni ilə mükafatlandırmasına görə, Vladimir Putinə minnətdarlıqlarını çatdırmağı xahiş edib və eyni zamanda, Birinci Vitse-prezidentin Rusiya Hökumətinin sədri, Federasiya Şurasının sədri ilə də görüşlər keçirdiyini, o cümlədən, Regionlararası yubiley forumundakı iştirakının uğurla keçməsini, səfər proqramı çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun açılmasını xatırladıb və vurğulayıb ki, bütün bunlar ölkələrimiz arasında dərin tarixə malik olan sıx dostluq əlaqələrimizin rəmzidir. Bəli, məhz belə bir fikrin önə sürülməsi də deməyə əsas yaradır ki, Azərbaycanla Rusiya arasındakı körpülər möhkəm dayaqlara əsaslanır və bu dayaqların daha da möhkəmləndirilməsi üçün ardıcıl işlər həyata keçirilir. İstər humanitar, istər sosial, istər iqtisadi, istərsə də siyasi-diplomatik münasibətlər fonunda əlaqələrin inkişafı həm Azərbaycana, həm də Rusiyaya daha böyük nailiyyətlər qazandıracaq. Bütün bunlar isə, cənab İlham Əliyevin də qeyd etdiyi kimi, nikbinlik doğuran mühüm hadisələrdir"."Sözügedən görüşdə xüsusilə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizamlanması probleminə toxunulması və tərəflərin fikirlərinin üst-üstə düşməsi gerçəkliyi də özündə bir sıra əhəmiyyətli məqamları ehtiva etməkdədir", deyən baş redaktor hesab edir ki, Prezident İlham Əliyevin bu istiqamətdə nəzərəçarpan nəticələrin olmaması və bunun əsas səbəbinin işğalçı Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti ilə əlaqələndirməsi, xüsusən, "Qarabağın Ermənistan olması" barədə bəyanatını xatırlatması, Sergey Lavrovun da bu məsələyə demək olar ki, eyni münasibət göstərməsi qeyd edilən fikirlərin sübutudur: "Diqqət etsək görərik ki, ölkə başçımız burada bir neçə məqama toxunub. O, qeyd edib ki, həm Sergey Lavrov, həm də digər həmsədr ölkələri tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyanın qəribə və yersiz bəyanatına düzgün qiymət verilib. Ona görə də, Azərbaycan bundan sonra da Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirəcək. Yəni Azərbaycan istər regionda, istərsə də dünyada sülhün qorunması, bərqərar olunması istiqamətində daim bu mövqeyinə sədaqətli olacaq və əlbəttə ki, Azərbaycanla Ermənistan XİN rəhbərlərinin görüşünün gözlənilməsi də bunu sübut edir. Bu baxımdan, düşünürəm ki, İlham Əliyev cənablarının hər bir fikrində çox mühüm aspektlər, tezislər, çıxarılası əhəmiyyətli nəticələr mövcuddur"."Eyni zamanda, Sergey Lavrovun da fikirləri çox əhəmiyyətli və kifayət qədər maraqdoğurucudur", bildirən Bəhruz Quliyevə görə, onun dost Azərbaycana növbəti səfər çərçivəsində görüşmək imkanına görə minnətdarlığını bildirməsi nəticəyə gəlməyə zəmin yaradır ki, bu əlaqələr dərin strateji yaxınlaşma prosesini daha da sürətləndirir: "Xüsusilə, bu kimi məsələlərdə iki ölkə gənclərinin müntəzəm forumlarının keçirilməsi barədə Sergey Lavrovun xatırlatma etməsi, Mehriban xanım Əliyevanın Rusiyaya səfəri çərçivəsində Rusiya-Azərbaycan Gənclər Forumunun daha müntəzəm keçirilməsi barədə razılaşma əldə etməsini bildirməsi iki ölkə gənclərinin tarixi bağların möhkəmləndirməsi üçün addım olaraq qiymətləndirilə bilər. Rusiya XİN rəhbərinin ölkəsinin bundan sonra da ortaq mövqelərin dəstəklənməsinə, Azərbaycan və Rusiya üçün xüsusi maraq doğuran mühüm məsələlərin həllində əməkdaşlığın davam etdirilməsi bəyanatını səsləndirməsi uğur tandemlərinin sübutu olaraq qiymətləndirilməlidir. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Lavrovun cənab İlham Əliyevin fikirləri ilə razı olduğunu vurğulaması, siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox işlərin görülməsi barədə düşüncələrini bölüşməsi, əsasən də, dövlət başçımızın bəyanatını tezis olaraq qəbul etməsi ölkələrimizin münasibətində yeni və daha uğurlu səhifənin açılması faktı olaraq dəyərləndirilməlidir".Bəhruz Quliyev sonda qeyd edib ki, bu görüş Azərbaycan və Rusiya arasında eimadın daha da artmasına öz mühüm töhfələrini verdi: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovu qəbul etməsi və bu görüşdə tərəflərin irəli sürdükləri fikirləri bilavasitə ölkələrimiz arasındakı yüksək etimadın daha da artmasına öz böyük töhfələrini verdi".

sia.az

Digər xəbərlər