YAP İcra Katibliyində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuat konfransı keçirib

Dekabrın 5-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuat konfransı keçirib.F.Muradov bildirib ki, Dövlət Komitəsi dünya azərbaycanlılarının birləşdirilməsi, soy­daş­­ları­mızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndi­rilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyə­tinə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Onun sözlərinə görə, Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Bu məsələlər Dövlət Komitəsinin hazırladığı Strateji Yol Xəritəsinə əsasən həyata keçirilir.“Diasporla iş Üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra qurumudur. Çalışırıq ki, dünyada yaşayan azərbaycanlılar milli və dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşsinlər. Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil qüdrətli Azərbaycan dövlətini öz yanında görsün. “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrinə uyğun olaraq ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısını hiss etsin. Dövlət Komitəsinin əsasnaməsi ilə qarşıya qoyulan vəzifələr var. Bu vəzifələrə və dövlət başçımızın tapşırıqlarına uyğun olaraq ardıcıl fəaliyyət göstəririk. Bu yolda Prezident İlham Əliyevin, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi xüsusi qeyd edilməlidir”-deyə, F.Muradov vurğulayıb.Görülən işlər haqqında slaydlarla ümumi məlumat verən F.Muradov söyləyib ki, Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb və fəaliyyət göstərir. Bu günədək 88 diaspor təşkilatı və 69 fərdi şəxs müvafiq elektron qeydiyyatdan keçib. Təşkilatların təqdim etdiyi 66 layihədən 32-i maliyyələşdirilib.Eyni zamanda, ümumilikdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası təsis olunub. bundan başqa, 22-28 avqust 2018-ci il tarixində Şəki şəhərində “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi təşkil edilib. Düşərgədə 37 ölkədən 140 gənc iştirak edib. 8-14 iyul tarixlərində Diaspor Gənclərinin “Nəsimi 650” adlı II Yay düşərgəsi olub. Düşərgədə 51 ölkədən 110 gənc iştirak edib.Komitə sədri onu da qey edib ki, xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına başlanılıb. Belə ki, bu ilin sonuna qədər 10 ölkədə Azərbaycan Evi fəaliyyətə başlayacaq. Gələn il daha 8 ölkədə Azərbaycan Evi yaradılacaq. Bu proses gələcəkdə də davam etdiriləcək.Daha sonra F.Muradov jurnalistlərin suallarını cavablandırıb.

yap.org.az