"Dünya nəhayət ki, Ermənistanın faşist siması haqqında danışmağa başlayıb" ÖZƏL-ŞƏRH

“Amnesty International” və “Human Right Watch” un ermənilərin müharibə cinayətlərini təsdiqləməsi dünyanın əsl həqiqətlərə geniş yer ayırmasında mühüm rol oynayacaq". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.Onun sözlərinə görə, dünya nəhayət ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist siması haqqında danışmağa başlayıb: "Bərdədə bir-birinin ardınca dinc insanlara qarşı törədilən müharibə cinayətləri nüfuzlu qurumların, KİV-lərin gündəmində yer almaqdadır. Bərdəyə, bundan əvvəl Gəncəyə, Tərtərə, Goranboya, Mingəçevirə düşmən tərəfindən atılan kasetli bombalarla bağlı kifayət qədər faktlar mövcud olsa da, Azərbaycana ən yaxın münasibətlərdə olan ölkə KİV-lərindən başqa,bu olaylara kimsə lazımınca diqqət yetirmirdi. Təbii ki, erməni lobbisi, onun yalan maşını həqiqətlərin nüfuzlu qurumların gündəminə daşınmasında əsas maneə kimi çıxış etməkdədir. Fəqət son günlər Azərbaycan əsl həqiqətlərin dünyaya çatdırılmasına nail ola bilib.Nüfuzlu “Amnesty International” təşkilatının, ardınca isə “Human Right Watch”un Bərdə hadisələri ilə bağlı mövqeyi bunun əyani göstəricisidir. Məlumdur ki, hər iki təşkilatın Azərbaycana qarşı heç vaxt obyektiv münasibəti olmayıb. İllərdir Ermənistanın cinayətlərinə seyrci mövqe tutulurdu. Xüsusilə müharibə başlayan vaxt düşmənin sivil əhaliyə yönəlik cinayətlərində. Nəhayət ki, bir aylıq susqunluqdan sonra “Amnesty International” və “Human Right Watch” həqiqətləri bəyan edir və bu, təqdir olunmalı bir dəyişiklikdir.

Qeyd edək ki, ilk günlərdən Azərbaycan rəsmi şəkildə həm “Amnesty International” , həm də “Human Rights Watch” təşkilatını Ermənistanın cinayətlərini yerində qiymətləndirmək üçün ölkəmizə dəvət etsə də, bu dəvətə hansısa formada reaksiya yox idi.İndiki dönəmdə “Amnesty International” və “Human Right Watch” təşkilatlarının Bərdə hadisəsinə olan obyektiv mövqeyi dünyanın əsl reallıqlarla məlumatlandırılması baxımından olduqca önəmlidir.“Amnesty International” birmənalı şəkildə Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib (https://www.amnesty.org/en/latest/news/2020/10/armenia-azerbaijan-first-confirmed-use-of-cluster-munitions-by-armenia-cruel-and-reckless/)
Qurumun bu barədə yaydığı açıqlamada deyilir ki, dünən yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə bir və ya bir neçə “Smerç” raketi atılıb və xəstəxanaya yaxın yaşayış ərazisinə düşüb. Azərbaycanın Baş Prokurorluğu nəticədə ən azı 21 nəfərin həlak olduğunu, 70-dən çox insanın yaralandığını bildirib.
Təşkilatın açıqlamasında qeyd olunur ki, “Amnesty International”ın böhrana cavab mütəxəssisləri şəkillərə əsasən, şəhərə erməni qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 “Smerç” raketlərindən 9N235 sursat parçalarının olduğunu təsdiq ediblər. O da vurğulanır ki, kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur. Kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır.“Human Right Watch” un Ermənistanın Azərbaycanın Bərdə şəhərinə zərbələr endirdiyinə dair açıqlamasında da təşkliat Bərdə şəhərinin istifadəsi beynəlxalq səviyyədə qadağan edilmiş kassetli raketlərlə vurulduğu təsdiq edib (https://www.hrw.org/news/2020/10/30/armenia-cluster-munitions-kill-civilians-azerbaijan)
Bildirilir ki, Ermənistan qüvvələri oktyabrın 28-də Azərbaycanın paytaxtı Bakıdan 230 kilometr məsafədə yerləşən Bərdə şəhərinə beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları atıb. Hücum nəticəsində ən azı 21 mülki şəxsin öldüyü və ən azı 70 nəfərin yaralandığı qeyd olunur. “Human Rights Watch” kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edərək vurğulayır ki, silahlardan ikisinin “Smerç” klasterli döyüş sursatı və “Smerç” gecikdirici paraşütlü parçalanma raketinin olduğu müəyyənləşib.Təşkilat ki, onlarda olan məlumata görə, erməni silahlı qüvvələri “Smerç” yaylım atəş raket sisteminə sahibdir, lakin Dağlıq Qarabağ qüvvələrində bu silah yoxdur. Qurum bəyan edib ki, Ermənistan təcili sürətdə klaster silahlarının istifadəsini və ya bunun qondarma Dağlıq Qarabağ qüvvələrinə verilməsini dayandırmalıdır.Beləliklə, hər iki mnüfuzlu təşkilatın bu mövqeyi bir daha sübut edir ki, müharibə cinayətləri törədən Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir. Ermənistanın heç bir insani çərçivəyə sığmayan addımlarına nüfuzlu “VICE News” kanalı da yer ayırıb (https://www.vice.com/en/article/93wwwp/cluster-munitions-armenia-azerbaijan-barda)
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayış məntəqələrinə qarşı kasetli bombalardan çoxsaylı istifadə edilməsini kanalın jurnalistləri təsdiqləyiblər. Bildirilib ki, hücumdan bir neçə saat sonra aparılan araşdırmada “Amnesty International”ın hərbi mütəxəssisi Brayn Kasner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qarlasko “Smerç” raketinin təsirini və qalıqlarını aşkar ediblər.Jurnalistlər Azərbaycan rəsmilərinin fikirlərinə yer ayırıblar. Bildirilib ki, xəstəxana və yaşayış evlərinin həyətlərinə düşən raket mərmiləri 21 nəfərin həyatına son qoyub. Bu, ötən aydan Qarabağda döyüşlərin yenidən başlamasından sonra ən çox mülki şəxsin ölümü ilə nəticələnən hücumdur. Bərdə Rayon Mərkəzi Xəstəxanasında olan jurnalistlər burada mülki geyimdə olan və partlayış xəsarətləri almış 12 nəfərin meyitini müşahidə ediblər.Qeyd edək ki, ABŞ-ın nüfuzlu “New York Times” qəzetinin əməkdaşları da Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutması ilə bağlı reportaj hazırlayıblar. Yazıda qeyd olunub ki, Bərdə şəhəri cəbhə xəttindən 20 mil (32 km) məsafədə yerləşir və partlayış anınadək burada insanlar gündəlik həyatlarına davam edirdilər.“1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda başlayan savaş 1994-cü ilə qədər davam etdi və Ermənistan bir milyona yaxın azərbaycanlını evlərindən didərgin saldı, böyük bir ərazini nəzarəti altına aldı. Lakin müharibə məsələni həll etmədən sona çatdı. İndi yenidən başladı və Azərbaycan itirilmiş əraziləri geri almaq üçün genişmiqyaslı əməliyyatlar təşkil etdi”,-deyə yazıda bildirilir. Reportajda Azərbaycanın bir sıra yaşayış məntəqələrinin demək olar ki, gündəlik raket zərbələrinə məruz qaldığı bildirilir və hadisənin baş vermə anı təsvir olunur. Yazıda 21 nəfərin həlak olduğu, 70 nəfərin yaralandığı və Ermənistanın qadağan olunmuş Rusiya istehsalı olan kasetli bombalardan istifadə etdiyi yer alıb.Ermənistanın müharibə cinayətlərinə qardaş ölkə Türkiyənin tv-ləri, qəzetləri də həmişə olduğu kimi geniş yer ayırıblar. Bundan başqa, “Aljazeera”, “Skynews Arabia” və “Al Arabia” kimi tanınmış televiziya kanalları əsl həqiqətləri dünyaya çatırıblar.Beləliklə, Azərbaycana qarşı ədalətsiz yanaşma ilə hörülən tor sökülməyə başlayıb. Ermənilərin sərhəd tanımayan cinayətlərinin “Amnesty International” və “Human Right Watch” təşkilatlarının açıqlamalarnda yer alması, ABŞ-ın nüfuzlu KİV-də çap olunması bunun bariz nümunəsidir. Bu, Qərbin tanınmış digər insan haqları təşkilatlarının, KİV-nin hərəkətə gəlib həqiqətlərə yer ayırmasında mühüm rol oynayacaq".

sia.az