Siyasət

  • 3 979

Qlobal pandemiyaya qarşı savaşda Azərbaycan reallığı TƏHLİL

image

Bu, Azərbaycan Prezidenti İlham Əliyev diplomatiyasının düşünülmüş və proqmatik xarici siyasətinin rellığıdır

Bu, bir həqiqətdir ki, koronavirus pandemiyası başlanandan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən çox ciddi tədbirlər görülməklə yanaşı, regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Bu gün ölkənin səhiyyə sistemi qısa zamanda virusla mübarizəyə istiqamətləndirilib, xüsusi karantin rejimi tətbiq olunub, modul tipli xəstəxanalar inşa edilib, maska istehsalı fabriki açılıb, 20-dən çox müasir laboratoriya quraşdırılıb. Ölkəmizdə həm də yoluxmanın erkən aşkarlanması üçün xeyli sayda testlərin aparılması, koronavirusa yoluxmuş bütün xəstələrin xəstəxana şəraitində yüksək səviyyədə müalicə edilməsi də bu prosesin tərkib hissəsidir. Bundan başqa, xüsusi karantin rejiminin tətbiq olunduğu zaman dövlət hər bir vətəndaşının yanında olub, onların problemlərinin həllinə dəstək göstərib, maddi yardım edib. İqtisadi sabitliyi, məşğulluqla bağlı problemləri həll etmək üçün sosial-iqtisadi dəstək paketi qəbul olunub. Ən nəhayət, vaksinasiya prosesinə başlanılıb. Bütün bu proseslər isə vətəndaş sağlamlığının qorunması faktorunun dövlət üçün prioritet olduğunu göstərdi və Prezident İlham Əliyevin birbaşa nəzarəti, təşəbbüskarlığı ilə pandemiyaya qarşı mübarizə tədbirləri, atılan ümumi addımlar həm də növbəti Azərbaycan təcrübəsini yaratdı. Aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev mühüm təşəbbüslərlə çıxış edib.
“Bu günədək 1.4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir”
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışı zamanı Azərbaycan Asiya və Sakit okean hövzəsi ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verdiyini deyib və bildirib ki, COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur: “Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir. Biz yanvar ayından etibarən vaksinasiyaya başlamışıq. Bu günədək 1.4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir. Lakin yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir”.
“Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir"
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir: “Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olub və onu uğurla keçirib. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib”. Dövlət başçısı bildirib ki, “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü Azərbaycanı dərindən narahat edir: “Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcək. Bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul edib. Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib”.
Azərbaycan Prezidentindən tərəfdaş ölkələrə mühüm çağırışı
Ölkə başçısı bununla bağlı tərəfdaş ölkələrə mühüm çağırış edərək deyib: “Mən ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə, həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Ermənistanın Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmayıb və sanksiyalar tətbiq edilməyib”. Prezidenti İlham Əliyev Azərbaycanın Asiya və Sakit okean hövzəsi ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirərək ötən il erməni işğalına son qoyulduğunu diqqətə çatdırıb: “Ötən il Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoymuşdur. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdır. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirmişdir. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışı zamanı deyib. Dövlət başçısı xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: “Lakin həmin qətnamələr heç vaxt Ermənistan tərəfindən icra edilməmişdir”.
“Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir”
Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu günə kimi Ermənistana təzyiqlər göstərilməyib, əməllərinin cəzasız qaldığını görən erməni hərbi-siyasi rəhbərliyi xalqımıza qarşı dəfələrlə soyqırımı cinayətləri törədiblər: “Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir. Əksinə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı "yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ilin iyul ayında Ermənistan dövlət sərhədində hərbi təxribat törətmişdir. Avqust ayında isə Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir”. “44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır»,-deyən dövlət başçısı bildirib ki, işğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir: «Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilmişdir”. Azərbaycan Prezidenti qeyd edib ki, hazırda qarşıda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır: “Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. Mən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət edirəm. Bu yaxınlarda mən növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı milli prioriteti müəyyən etmişəm ki, buraya rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi də daxildir”.
“Hazırda “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq”
Prezident İlham Əliyev Azərbaycanın regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusunda olduğunu da bildirib: “Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm".Göründüyü kimi, dövlətimizin liderinin Azərbaycan həqiqətlərinin belə UNESCAP platformasındakı ali tribunadan səsləndirilməsi Prezident İlham Əliyev diplomatiyasının düşünülmüş və proqmatik xarici siyasətinin rellığı olmaqla, həm də ölkəmizin beynəlxalq arenadakı mövqeyinin daha da gücləndirilməsinə təkan verir.

sia.az

Digər xəbərlər