Siyasət

  • 5 224

Cavid Osmanov: Qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən körpü rolunu oynayacaq

image

“Əgər vaxtilə Zəngəzur Azərbaycandan qoparılıb Ermənistana verilməsəydi, türk dünyası coğrafi baxımdan birləşmiş olurdu. Artıq bu məsələ gerçəyə çevrilməkdədir. Zəngəzur dəhlizinin reallaşması ilə birgə türk coğrafiyası yenidən birləşəcək və tarixi ədalət bərpa olunacaq”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Deputat bildirib ki, Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir. Qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq. Başqa bir tərəfdən dəhlizin iqtisadi və strateji üstünlükləri də kifayət qədər böyükdür. Zəngəzur dəhlizi ilə Türkiyədən Mərkəzi Asiyaya qədər marşrut əldə ediləcək. Əlbəttə ki, bununla da ticarət əlaqələri genişlənə, bölgəyə investisiya çəkmək asanlaşa və Azərbaycan tranzit ölkə olaraq mövqeyini daha da gücləndirə bilər. Eyni zamanda turizm potensialının artacağı da şübhəsizdir. Bununla yanaşı, dəhlizin icrası ilə Avrasiyanın yeni bir nəqliyyat damarı açılma ehtimalı yaranır ki, bununla da, regionumuz Avrasiyanın nəqliyyat şəbəkəsində əsas həlledici faktor rolunu oynaya bilər. Nəzərə alsaq ki, ötən ayın sonlarında Süveyş kanalında baş verən hadisələr dünyada alternativ yolların əhəmiyyətini bir daha üzə çıxardı, onda Zəngəzur dəhlizi ilə bağlı nikbin olmaq üçün kifayət qədər səbəb yaranır.
Millət vəkilinin sözlərinə görə, müasir dünyada iqtisadi maraqlar dövlətlərin əsas prioritetidir: “Bu halda Zəngəzur dəhlizinin icra olunmasından sonra bölgədə müxtəlif ölkələrin maraqlarının artacağını nəzərə alsaq, əminliklə demək olar ki, bölgənin sabitliyi və davamlı sülhün təmin olunması indikindən daha çox ölkələrin marağında olacaqdır. Bununla da Zəngəzur dəhlizi bölgədə sülhün əsas təminatçısına çevriləcəkdir. Beləliklə, Zəngəzur dəhlizinin icrası ümumilikdə bölgənin gələcək inkişafı üçün həm fürsət, həm də zərurətdir. Bütün bunlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş ümumtürk miqyaslı müdrik liderdir”.

yap.org.az

Digər xəbərlər