Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə gənclərin Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirilib. SİA xəbər verir ki, "Heydər Əliyev və mədəniyyət" mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ulu Öndərin siyasi fəaliyyətindən, müasir və müstəqil Azərbaycan dövlətinin keçmişindən və bu günündən söhbət açıb, Heydər Əliyevin daxili və xarici siyasətinin əhəmiyyətindən danışıb.
Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov Azərbaycan gəncliyinin bugünkü uğurlarını qeyd edərək, Heydər Əliyevin gənclərə hər zaman diqqət və qayğı ilə yanaşdığını, müstəqil Azərbaycanın gələcəyinin məhz gənclərin siyasi, ictimai fəaliyyətindən asılı olduğunu vurğulayıb. Hacı İsmayılov gəncləri maraqlandıran sualları cavablandırıb.
Tədbirdə Heydər Əliyevin mədəniyyət xadimləri ilə görüşlərini əks etdirən videoçarx nümayiş olunub.
Teatr Xadimləri İttifaqının sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist, professor Azad Şükürov Azərbaycan gəncliyinin inkişafından danışaraq gənclərə dəyərli tövsiyələr veriblər.