"Heydər Əliyev ili" çərçivəsində YAP Ağcabədi rayon təşkilatı və Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda dəyirmi masa keçirilib. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların, həmçinin yanvar ayının 27-də Azərbaycanın İrandakı səfirliyində törədilən terror nəticəsində şəhid olmuş Orxan Əsgərovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov açıb. N.Bünyatov çıxışında bu tədbirin "Heydər Əliyev ili" çərçivəsində rayonda keçirilməyə başlayan silsilə tədbirlərdən biri olduğunu qeyd edib, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətləri barədə geniş məlumat vermiş, onun çoxsahəli fəaliyyətinin xalqımızın yaddaşında silinməz iz qoyduğunu vurğulayıb. Dəyirmi masada Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədr müavini Yəhya Paşazadə, şair- publisist Adil Misirli, Ağcabədi rayon Gənclər və idman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, ADPU-nun Ağcabədi filialının direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mahir Səlimov, yazıçı-publisist Eldar Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Zahid Eloğlu rayon ziyalısı Mahir Ağayev, Əməkdar müəllim, şairə Zəhra İbrahimova, gənc şairə Səadət Kamal, qabaqcıl maarif xadimi Ədalət Hüseynov, Pərioğullar kənd kitabxanasının müdiri Nübar Qasımova çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyətindən, onun yaradıcı insanlara qayğısından, xüsusilə Azərbaycan incəsənətinin və ədəbiyyatının inkişafında xüsusi xidmətləri barədə öz fikirlərini bölüşüblər.
Zümrüd BAYRAMOVA