Milli fəlakətimizin qısa tarixçəsi
Alman filosofu Karl Marks dostu Fridrix Engelsə məktublarının birində yazırdı:”Əzizim Fridrix, unutmayaq ki, ən böyük tarix yaradan xalq türklərdir ki, yaratdıqları tarixi yazmaqda ən tənbəl xalq yenə türklərdir!”. Beş min ildən çox dövlətçilik tarixi olmaqla dünyanın ən qədim dövlətlərindən birini yaradan, dəfələrlə dünya güclərinin hücumlarına məruz qalsa da, hər dəfə böyük sərkərdələrin sayəsində düşmənlərini əzə bilən, heç vaxt mütiliyi qəbul etməyən, zaman-zaman nizamı pozulan dünyaya nizam gətirən, yeni düzən formalaşdıran, qüdrətli və ədalətli imperiyalar quran bir xalqın qəhramanlıqlarla dolu tarixini bu gün qeyri-türk mənbələrdən əldə etmək məcburiyyətində qalırıqsa, filosofun fikirlərini təkzib etməyə haqqımız yoxdur. Yaşadığı regionun ən qədim, oboragen xalqı olaraq min illərlə mərdi-mərdanə, üz-üzə döyüşlərdə möhtəşəm qələbələr qazanmış, qılınc, qalxan, nizə savaşlarında yenilməzliyini bütün bəşəriyyətə nümayiş etdirmiş bir xalqın odlu silahlar meydana gəldikdən sonra namərd savaşlar və hiyləgər siyasi oyunlar nəticəsində istilaya məruz qalması gerçək tarixi faciəmiz idi. Dünyada gedən məkrli siyasətə boyun əymək istəməyən xalqımız bu oyunların qurbanlarından birinə çevrilmişdi. Yüz illərlə bu istibdaddan can qurtarmağa çalışsa da, hər dəfə fədakar mübarizlərimiz qan içində boğulmağa, yenidən müstəmləkə zənciri ilə birgə həyatlarını davam etdirməyə məhkum edilmişlər. Bu istibdaddan qurtulmağın isə bir yolu var idi: düşmənin məkrli oyunlarından baş çıxarmaq, ona qarşı onun öz “silah”ı ilə savaşmaq və azadlığını bərpa etmək! Bu baxımdan tariximizin ən önəmli və ən möhtəşəm dövrlərindən biri olan XX əsrin ikinci yarısında Azərbaycan türkünün istiqlalına qovuşmaq yolundakı əzəmətli, düşünülmüş, müdrik savaşının, hələlik, bizlərə məlum olan kiçik bir hissəsinindən söhbət açmaq istəyirik. Faktlara, şahidlərin dediklərinə əsaslanan bu möhtəşəm AZADLIQ mücadiləsi tarixinin baş qəhramanı, rəbbin təkcə Azərbaycana deyil, ümumən türk xalqlarına bəxş etdiyi ölməz düha, ULU ÖNDƏR HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN adi insan ağlına sığması belə mümkün olmayan fenomen fəaliyyətindən, istibdada son qoyulması yoluna bəxş etdiyi nurlu işığın az bir qismindən danışmaq istəyirik.
Müqəddəs gəliş
Deyilənlərə görə, 1923-cü il baharın ortalarında, buludlu, yağışlı bir gündə Naxçıvanda, Əlirza kişinin ailəsində bir körpənin dünyaya gəlişi ilə bərabər göylərdən buludlar çəkilmiş, yağışlı havanı nurlu günəş əvəz etmişdi. Bəlkə də dünyaya, ədalətsizliklərə son qoyulması, pozulmuş nizamın düzənə qaytarılması, iftixar doğuracaq tarixə malik bir xalqın zülmlərdən, əzablardan xilas edilməsi, nəhəng imperiyaların yüz illər boyu işləyib formalaşdırdıqları siyasi düsturu dəyişdirməsi, xalqının, ümumən türk dünyasının tarixi əzəmətini özünə qaytarması missiyası ilə göndərdiyi qüdrətin müqəddəs gəlişinin insanlığa müjdəsi idi bu nur axını. Onun gəlişi ərəfəsində bu bölgədə və bütün Azərbaycan ərazilərində qaniçən erməni birləşmələri rus Sovet imperiyasının dəstəyi ilə Azərbaycan xalqına qarşı soyqırım həyata keçirir, onları müdafiə edənlər isə Azərbaycan xalqının rəyini nəzərə almadan bu torpaqları Ermənistan adlanan qondarma dövlətə bağışlayırdı. Dünyaya yeni gələn bu körpənin onlarla yaxın qohumları da daxil olmaqla on minlərlə insanı qətlə yetirən ermənilərdən xilas olmaq üçün azərbaycan türkləri ata-baba yurdlarını, o cümlədən Zəngəzuru tərk etməyə məcbur edilirdilər. Bütün bu ədalətsizlikləri, insanlığa qarşı törədilən cinayətləri görən rəbbim, məhz Onu seçdi, məhz Onun ruhuna, canına xilaskarlıq missiyasını əta elədi və bu missiyanı sona çatdırmaq üçün xalqına göndərdi. Bütün sonrakı fəaliyyətini öyrənib, təhlil süzgəcindən keçirdikcə, Onun - HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN məhz xalqının, mənsub olduğu türk dünyasının bu bəlalardan xilası üçün rəbbin əli ilə göndərildiyinə əmin olmamaq mümkün deyil!
Gənclərə örnək olan gənclik!
Hər bir insan kimi sadə bir türk qadınının bətnindən dünyaya gələn, hələ körpə ikən ağır, məşəqqətli köçkünlük həyatı yaşamağa məruz qalan, yaşa dolduqca baş verənləri öyrənən, onu təhlil süzgəcindən keçirən və bütün həyatını təkcə yaxın qohumlarının deyil, qədim bir xalqın başına gətirilənlərin əsas mənbəyini ilkin gənclik dövründə anlayıb da, həmvətənlərinin başına gətirilənlərin qisasını almaq və əzəmətli tarixi keçmişi olan bir milləti özünə qaytarmaq naminə xalqı səfərbər etməklə onu bu bəlalardan xilas etməyin yol xəritəsini cızan, həmin yolla büdrəmədən, ən ağır zərbələrə belə mətanətlə sinə gərərək bu yolu sona qədər qət edən fenomen bir düha, rəbbin göndərdiyi qalibiyyət müjdəli ölməzlik mücəssəməsi - HEYDƏR ƏLİYEV! Hələ ən gənc yaşlarında xalqın başına müsibətlər gətirən erməni quduzlarına yal verənlərin kimlər, hansı qüvvələr olduğunu özü üçün dəqiqləşdirən, lakin bu qüvvələrlə yüz illər boyu aparılan qanlı savaşların nəticəsiz qaldığını yaxşı bilən gənc Heydər Əliyev, bu yalverənlərdən birinin bel sütunu olan xüsusi xidmət orqanında işə başlayır.20 yaşlı Xüsusi Xidmət Orqanı əməkdaşının bəşəriyyətin faşizm taunundan xilası yolunda göstərdiyii, hələ də məxvi saxlanılan tarixi xidməti, təbii olaraq Sovetlər İttifaqı rəhbərliyinin diqqətini cəlb edir və Heydər Əliyevə bir-birinin ardınca yüksək etimad göstərilməyə başlanır. Gənc yaşlarında, Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyi illərdə Sovet İttifaqı rəhbərliyi tərəfindən üç mindən artıq azərbaycanlı “vətən xaini”nin siyahısının Heydər Əliyevə verilməsi, onların axtarılıb tapılması və cəzalandırılması haqqında tapşırıq alması arxiv sənədlərində də əksini tapır. Lakin millətini canından da çox cevən və xalqının adına ləkə gətirə biləcək bu sənədlərdən onu xilas etməyi qarşısına məqsəd qoyan gənc xüsusi xidmət işçisi, Mehdi Hüseynzadə başda olmaqla həmin siyahıda olan bir neçə qəhrəman haqqında faktlar toplayıb, siyahının doğru tərtib edilmədiyinə sovet rəhbərliyini inandırır. Nəticədə “vətən xaini” adı ilə damğalanan həmin üç min nəfəri və mənsub olduğu xalqı bu rüsvayçı addan xilas edir. Sonradan məhz Mehdi Hüseynzadə haqqında məşhur “Uzaq sahillərdə”romanının yazılması və eyniadlı filmin çəkilməsi, Bakının mərkəzində bu əfsanəvi qəhrəmana abidənin ucaldılması da birbaşa Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə reallaşmışdır.
Real tarixi faktları öyrəndikcə gənc xüsusi xidmət orqanı zabitinin bütün varlığını bürüyən milli duyğularının təcəssüm etdiyini görməmək mümkün deyil. Beləliklə, bəzi məqamlarda hətta karyerasını təhlükə altına atmaqla olsa belə, xalqının, təmsil etdiyi millətin adına xələl gətirə biləcək məqamlarda qətiyyətli və düşünülmüş addımlar atan Heydər Əliyev, əsas məqsədinə çatmaq – imperiyanın ən yüksək məqamlarında təmsil olunmaq, onun siyasi mətbəxini dəqiqliyinə qədər öyrənmək üçün üzvü olmağa məcbur edildiyi Kommunist Partiyasının, Sovet Hakimiyyətinin etibarını qazanmaq yolunda da səbr və dözümlə irəliləyirdi. Nəhayət, 1967-ci ildə Azərbaycanlı xüsusi xidmət orqanı işçisi kimi ilk dəfə olaraq general-mayor rütbəsi verilən Heydər Əliyev həm də ilk azərbaycanlı olaraq Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyin edildi. Cəmi iki il sonra – 1969-cu ilin iyulunda isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilərək respublikaya rəhbərlik etməyə başladı.
Bir xatirə
1972-ci ilin yayında Şuşada, pioner düşərgəsində olarkən ilk dəfə görüşdüyüm inqilabçı şair Xəlil Rza Ulutürklə sonrakı dövrlərdə tez-tez görüşürdüm. 1976-cı ilin mart ayında, şair ev dustaqlığına məhkum edildiyi dönəmdə tələbə ikən növbəti görüşümüz zamanı şair mənim o zaman Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyevlə bağlı işlətdiyim bir sözdən bərk əsəbləşdi və “Heydər Əliyev əsl türk oğlu türkdür, bu xalqı da o azadlığa çıxaracaq. Siz gənclər vaxtı gələndə çox şeyləri biləcəksiniz!” dedi. İki gün sonra atamın təkidi ilə rayona getdim. Məlum oldu ki, Xəlil Rza mənimlə söhbətdə dedikləri barədə şair Bəxtiyar Vahabzadəyə danışmış, Bəxtiyar Vahabzadə isə dərhal rayondakı yaxın dostlarından biri vasitəsilə məni rayona apartdırmış və Xəlil Rza ilə söhbət barədə kimsəyə danışmamaq üçün məni təlimatlandırmaq istəmişdi.Rayonda mənimlə görüşən “Bala Marks” ləqəbi ilə tanınan Zeynal Məmmədov Xəlil Rza Ulutürklə söhbətimiz haqqında məndən heç nə öyrənə bilmədiyinə əmin olduqdan sonra, bir məktub verib mənə şair Bəxtiyar Vahabzadə ilə görüşməyi tapşırdı. Beləliklə, mən həmin dövrdən başlayaraq Azərbaycanda tam məxvi fəaliyyət göstərən “Üçlər hərəkatı”na daxil oldum. Hələ o zaman Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, İsmayıl Şıxlının, Xudu Məmmədovun eyhamlarından, sonralar isə açıq söhbətlərindən əmin olmuşdum ki, Azərbaycanda gizli gedən milli mücadilə məhz Heydər Əliyevin dəstəyi ilə, onun nəzarəti altında fəaliyyət göstərir. 1991-ci ilin noyabr ayında Heydər Əliyevlə Naxçıvandakı tarixi görüşüm zamanı isə yanılmadığıma qəti əmin oldum. Belə ki, 1978-ci il may ayının 27-dən 28-nə keçən gecə, ali məktəbin sonuncu kursunda oxduğum vaxt, Azərbaycan Xalq Cümhuriyyətinin 60-cı ildönümü günü mənə verilən tapşırığı icra edərək xüsusi hazırlanmış anti-sovet plokatı dəmiryol vağzalındakı saxlama kamerasından götürüb şəhərdə insanların çox toplaşdığı yerlərə yapışdırmaq üçün çıxdım. Portretdə Azərbaycanın inək formasında təsvir edilmiş xəritəsi və Kreml təsvir edilir, inəyin döşündən çıxan, üzərlərinə pambıq, üzüm, neft, qaz, qeyrət, namus, ar sözləri yazılmış dörd boru Kremlə uzanırdı. Risq edib həmin plokatın birini indiki Mərkəzi Bankın yerində o zaman Sov.İKP MK Siyasi Büro üzvlərinin iri portretləri asılan yerdə Siyasi Büro üzvü, sonradan Sov.İKP MK-nın Baş Katibi olmuş Yuri Vladimiroviç Andropovun portretinin aşağısına yapışdırıb, tez də gözdən itmişdim. Sabahı gün o zaman Azərbaycan Yazıçılar İttifaqının sədri və Pedaqoji Universitetin professoru İsmayıl Şıxlı məni dərsdən çağırıb təcili ağıla gəlməyən gizli bir yerə getməyi, heç yerə çıxmamağı tapşırdı. Sonradan məlum oldu ki, məhz Y.V. Andropovun portretinə plokatın yapışdırılması ciddi rezonans doğurmuş və bunu edənin tapılması üçün Moskvadan xüsusi çekistlər göndərilmişdi. 1991-ci ildə Naxçıvanda görüşdüyüm zamanı məndən heç nə soruşmadan həmin hadisəni xatırladan Heydər Əliyev, İsmayıl Şıxlının məhz onun tapşırığı ilə məni evə qapatdırdığını bildirdi.
Milli dönüş və özünə inam tariximiz
Azərbaycanda milli azadlıq mücahidləri, beynəlxalq terminlə desək, dissident hərəkatı zaman-zaman baş qaldırsa da, SSRİ DTK-sı hər dəfə onu beşiyindəcə boğmağa nail olurdu. Təbii ki, bu da yetkin, planlı, uzun müddətə hesablanmış formanın tapılmaması, mücahidlərin fərdi fəaliyyətə üstünlük verməsi ilə birbaşa bağlı idi. Bütün bunlar 1969-cu ilə kimi, Azərbaycan Sovet Sosialist Respublikasına SSRİ DTK-nın sıralarında çətin və genişmiqyaslı fəaliyyət yolu keçmiş, Genaral-Mayor Heydər Əliyevin rəhbər təyin edilməsinə kimi davam etdi.
Məhz 1969-cu ilə kimi Azərbaycan gənclərinin hərbi xidmət zamanı gerçək silahlı qüvvələrdə deyil, fəhlə batalyonlarında xidmətə göndərilməsi, hər məqamda Ermənistanın istək və arzularının reallaşmasına xidmət edən qərarların qəbul edilməsi, Azərbaycanda iri sənaye müəssisələrinin yaradılmaması, kənd təsərrüfatına və kənd əhalisinə diqqətin zəif olması, Azərbaycanın zəngin neft və qaz yataqlarının, eləcə də digər yeraltı sərvətlərinin talan edilməsi, baş qaldıran azərbaycanlı milli mücahidlərin dərhal təqiblərə məruz qalması ölkəmizdə yeni reallıqlara uyğun dəyişik milli mücadilə formasının yaradılması zərurəti doğurmuşdu. Xüsusi vurğulamaq lazımdır ki, 1941-45-ci illərdə faşizmə qarşı savaşda bütün Sovet Respublikaları arasında ən böyük fədakarlıq göstərən Sovet Azərbaycanının bu əməyinin qiymətləndirilməməsi də Sovetlər Birliyinin, Kremlin anti-türk siyasi xəttinin bariz göstəricilərindən idi. 1948-51-ci illərdə Ermənistandan 200 minə yaxın azərbaycanlının zorla ata-baba yurdlarından çıxarılaraq Azərbaycanın ayrı-ayrı bölglərində məskunlaşdırılması isə xalqımızın faşizmə qarşı savaşda göstərdiyi analoqu olmayan tarixi xidmətlərinə verilən dırnaqarası “mükafat” idi. 1950-ci, 1960-cı illərdə bir sıra mücahid hərəkatları formalaşsa da, hələ də tam yetkin, təşkilatlanmış mübarizə forması yaradılmadığından bu hərəkatlar da Sovet DTK-sının amansız hücumları ilə yatırılırdı.1956-cı il mayın 28-də Qız Qalasına Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını sancan, o zaman Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsini bitirmiş, bir müddət Azərbaycan Dövlət Opera və Balet Teatrında rejissor işləmiş, sonradan Sovet rejiminə qarşı mübarizənin önündə gedən Cahid Hilaloğlunun və onun yaxın məsləkdaşı Çingiz Abdullayevin başçılığı ilə gerçəkləşən mücahidlər hərəkatını xatırlatmaq kifayətdir ki, həmin dövrdə imperiyanın qəddar anti-türk siyasətinə xalqımızın müqaviməti haqqında təsəvvürümüz yaransın. Ən diqqətçəkən məqam isə odur ki, 1956-cı ildə həbs edilən, Rusiyanın soyuq meşələrində illərlə olmazın əzablarını çəkən Cahid Hilaloğlu, məhz Heydər Əliyevin sayəsində vaxtından əvvəl sürgündən azad edilmiş, müxtəlif sahələrdə rejissorluq fəaliyyətini davam etdirmiş, sonradan C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında, 1971-ci ildən Azərbaycan Teatr İnstitutunun Tədris Teatrında, ən sonda isə ömrünün axırına kimi Ağdam rayonundakı Dövlət Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərmişdir. Sovet DTK-sının siyahısında ən arzuolunmaz millətçi mücahid kimi qeyd olunan bu insanın məhz Heydər Əliyevin dəstəyi ilə normal həyata dönə bilməsi faktdır və bunu Cahid Hilaloğlunun əzizləri də təsdiq edir. 1970-ci illərdə inqilabçı-şair Xəlil Rza Ulutürk müəllim işlədiyi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda auditoriyada “Kommunist rejiminin iribuynuzlu feodalları” ifadəsi işlətdiyinə görə DTK tərəfindən haqqında qaldırılan cinayət işinin məhz Heydər Əliyevin müdaxiləsi nəticəsində azad edilərək ev dustağı kimi cəzalandırılması, ev dustaqlığı dövründə iş yerindəki əmək haqqının tam məbləğinin hər ay evinə göndərilməsi, həmin il ADU-nun gənc müəllimi Əbülfəz Əliyevin(Elçibəyin) haqqında faktlara əsaslanmaqla qaldırılan cinayət işindəki üç maddədən ikisinin Heydər Əliyevin müdaxiləsi ilə çıxarılması, Asəf Kərimov, Rüstəm Vilayətzadə, Bəxtiyar Vahabzadə, Anar və digərləri ilə bağlı qaldırılan cinayət işlərinin reallaşmasının qarşısının müxtəlif üsullarla alınması tarixi həqiqətlərdir. Həmin illərdə ADPu-da dosent işləyən gənc tarixçi-alim Yaqub Mahmudovun “Öyrənilməmiş səhifələr” adlı kitabında Azərbaycan xalqının tarixən rus xalqından üstün təqdim edilməsinə görə işdən çıxarılması, doktorluq dissertasiyasının müdafiəsinə əngəl yaradılması, məhz Heydər Əliyevin göstərişi ilə Rəsul Rza tərəfindən Azərbaycan Sovet Ensiklopediyasında işə düzəlməsi, az sonra yenidən ADPU-dakı əvvəlki işinə qaytarılması və ardıcıl neçə il həmin Ali Məktəbin qəbul komissiyasının məsul katibi təyin edilməsi də danılmaz faktdır.
1969-cu ildən başlayaraq Heydər Əliyev milli ruhun artırılması istiqamətində dövlət səviyyəsində də fundamental tədbirlərin həyata keçirilməsində şəxsən təşəbbüs göstərir. Xüsusən, “Nəsimi”, “Dəli Kür”, “Dədə Qorqud”, “Babək”, “Nizami” , “Axırıncı aşırım” və digər milli ruhlu filmlərin çəkilişinin birbaşa təşəbbüsçüsü və himayədarı olması, “Ozan”, “Bayatı”, “Bulaq”, “Savalan” və sair kimi milli ruh aşılayan verilişlərin dövlət televiziya və radio efirlərindən cəmiyyətə təqdim edilməsi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Cənubi Azərbaycan Redaksiyasının yaradılması, teatr səhnələrində milli ruhlu, o cümlədən Cənubi Azərbaycan mövzusunda tamaşalara imkan verilməsi, ədəbi aləmdə Cənub həsrəti mövzusunun önə çəkilməsi, Azərbaycan Yazıçılar İttifaqında Cənubi Azərbaycan Ədəbiyyatı Katibliyinin yaradılması və sadalamadığımız yüzlərlə digər məqamlar 1970-ci illərdə Azərbaycan xalqının milli ruhunun yüksəldilməsinə yönəlik dövlət səviyyəsində görülən əzəmətli işlərin yalnız kiçik bir qismidir. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı ardıcıl olaraq ciddi qərarların qəbul edilməsi nəticəsində, məhz 1970-ci illərdə xalqımızın milli varlığının inikası olan Ana dili özünün tarixdə ən böyük inkişaf yolunu keçdi.
1958-ci ildə Baş redaktoru olduğu “Şəki fəhləsi” qəzetində B.Vahabzadənin “Gülüstan” poemasını çap etdiyinə görə təqiblərə məruz qalan qəzetin baş redaktoru Məhiyəddin Abbasova 1971-ci ildə Azərbaycan SSR Əməkdar Jurnalisti adının verilməsi, 1968-ci ildə “Köklər, budaqlar” kitabında dərc olunan “Latın dili” şeirinə görə ev dustağı edilmiş Bəxtiyar Vahabzadənin bu dustaqlıqdan vaxtından əvvəl azad edilməsi və 1973-cü ildə şairin “Dan yeri” kitabında həmin şeirin yenidən çap olunması, bu kitaba görə isə B.Vahabzadənin SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Oktyabr İnqilabı ordeni alması, eləcə də 1968-ci ildə Cənubi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirini televiziyada səsləndirdiyinə görə təqib olunaraq SSRİ DTK-sı tərəfindən həbs olunan Rüstəm Əliyevin məhz Heydər Əliyevin hakimiyyəti illərində azad edilməsi, on illər boyu “pantürkist” damğası ilə antisovet yazar kimi təqdim edilən Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi qüdrətli qələm adamlarının üzərindən bu dırnaqarası “ləkə”nin götürülməsi, Hüseyn Cavidin nəşinin Sibir çöllərindən tapılıb Azərbaycana gətirilməsi, milli musiqi mədəniyyətimizin və ədəbiyyatımızın dünyada təbliğini gücləndirmək məqsədilə Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova, Lütfiyar İmanov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Mehdi Məmmədov və digər müqtədir sənət adamlarına, həmçinin Süleyman Rüstəm, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rəhimov, Əli Vəliyev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz kimi görkəmli ədəbi simalara SSRİ-nin ən ali mükafatlarının verilməsinin təşkili, bununla həmin insanların toxunulmazlığının təmin edilməsi,70-ci illərdə M.Şəhriyarın “Heydərbabaya salam” poemasından və şeirlərindən ibarət kitabın Xəlil Rzanın tərtibatı əsasında kütləvi tirajla çap olunması və bu kimi minlərlə digər faktlar Heydər Əliyevin, xalqın milli ruhunun artırılmasına dövlət səviyyəsində etdiyi tarixi xidmətlərin yalnız az bir qismidir. Ən böyük xidməti isə 1969-cu ilin oktyabrında milli mücadilənin təşkilatlanmış formasının yaradılmasına verdiyi dəstək və bu hərakatın fəallarının repressiyalardan qorunması idi.
ÜÇLƏR HƏRƏKATI necə yarandı?
Üçlər Hərəkatı Azərbaycanın müstəqillik tarixində ən önəmli və ən möhtəşəm hadisələrdəndir. Sadəcə, bu hərəkatın xüsusi şriftlərlə yazılmış bütün sənədləri oxunduqdan dərhal sonra yandırılır, heç bir iz buraxılmırdı. Ona görə də hər hansı arxiv materialının əldə olması, de-fakto mümkün deyil. Lakin hərakatın bu gün də yaddaşlarda daşıyıcısı olan çox az sayda insanlar bu barədə danışmalı və Milli Azadlıq Hərəkatı tariximizin bu önəmli səhifəsinin unudulmasına imkan verməməlidir...
1969-cu ilin iyul ayında hakimiyyətə gələn Heydər Əliyev, bundan cəmi dörd ay sonra, həmin ilin oktyabr ayının 26-da, o zaman millətçi şair kimi SSRİ DTK-sı tərəfindən təqib edilən Bəxtiyar Vahabzadə və şairin ən yaxın dostu, həmin dövrdə elmi kəşfi ilə dünyanın diqqət mərkəzində olan Xudu Məmmədovu qəbul edir. Tam məxvi şəraitdə, açıq havada saatlarla davam edən həmin görüşün detalları haqqında danışmaq mümkün deyil. Lakin bildiyim iki məqamı söyləməyim kifayətdir ki, bu görüşün əsas qayəsi anlaşılsın. Bunlardan birincisi Bəxtiyar Vahabzadənin odlu-alovlu millətçi fikirlərini sonadək diqqətlə dinləyən Heydər Əliyevin ona, Sovet Hökumətinə qarşı belə danışmaqdansa, ağıllı-başlı təşkilatlanmış elə hərakat yaratmaq tövsiyə etməsidir ki, həmin təşkilatla xalqın milli ruhunu qaldırmaq mümkün olsun. Xudu Məmmədova müraciətlə, onun elmi sahəsi olan kristalloqrafiya qanunlarına uyğun, bölünərək çoxalan, lakin bunu görməyin mümkün olmadığı bir texnologiya ilə fəaliyyət göstərməyin gərəkli olduğu mesajını verir. İkinci, ən maraqlı məqam isə odur ki, həmin görüşdə Heydər Əliyev deyir: Siz elə hərəkət edin ki, bunun milli ruhun qaldırılmasına xeyri dəysin və mən sizləri qoruya bilim. Çünki yaxın gələcəkdə bu xalqın həm milli ruha, millətçi əhval-ruhiyyəyə, həm də onun sizlər kimi milli ruhlu aparıcı simalarına ehtiyacı olacaq. Daha, ən inanılmaz məqam isə ondan ibarətdir ki, Heydər Əliyev həmin görüşdə SSRİ-nin çökəcəyi dövrü də qeyd edib:1985-1990-cı illər!
Bu tarixi görüşdən bir gün sonra - 27 oktyabr 1969-cu ildə Xudu Məmmədovun evində Bəxtiyar Vahabzadə və həmin dövrdə gənc şərqşünas kimi tanınan, millətçi çıxışları ilə diqqət mərkəzində olan, Azərbaycan Dövlət Universitetinin müəllimi, Xudu Məmmədovun qonşusu Əbülfəz Əliyev gorüşürlər. Bu görüşdə Azərbaycanın müstəqilliyə doğru addımlarını qətiləşdirən, təşkilatlanmış gizli fəaliyyət göstərən qurum kimi xalqı milli mücadiləyə səfərbər edən “ÜÇLƏR HƏRƏKATI” yaradılır və Azərbaycanın müqtədir tarixi simaları bu hərəkat ətrafında birləşirlər.Heydər Əliyevin tarixi xidmətləri sırasında Xəzərdəki karbohidrogen ehtiyatlarının və əlvan metallurgiya yataqlarının qorunması ilə bağlı atdığı cəsarətli addımlar da diqqəti çəkir. Neftin, qazın, eləcə də əlvan metallurgiyanın istehsalı və satışı birbaşa ittifaq tabeliyində olduğuna görə məhz Heydər Əliyev 1970-ci illərdə bu xəzinənin tükənməməsi, Müstəqil Azərbaycan üçün qorunub-saxlanması yollarını axtarır və tapır. Bu barədə əfsanəvi neft- qaz kəşfiyyatı mütəxəssisi Xoşbəxt Yusifzadənin çıxışlarını xatırlamaq kifayətdir.
(Ardı növbəti sayda)
Təhmasib Novruzov,
Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri, yazıçı-publisist