PDF Oxu

Heydər Əliyev-100

  • 9 115

Ulu öndərin dövlətçilik fəlsəfəsi TƏHLİL

image

Azərbaycan tarixinin Heydər Əliyev epoxası ilə bağlı gəldiyimiz qənaətin formalaşması yalnız onun Azərbaycana kifayət qədər uzun müddət rəhbərlik etməsindən daha çox bu rəhbərliyin zəngin məzmuna malik olmasına əsaslanır. Ən yüksək kürsülərdən belə tam qətiyyətlə və əminliklə demək olar ki, Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrlər ölkəmizin tarixinin xüsusi, yüksələn xətlə gedən inkişaf mərhələsini təşkil edir. Həmin dövrləri tam qətiyyətlə tariximizin həm surətli və hərtərəfli yüksəliş illəri, həm də intibahı adlandırmağımız daha dəqiq qiymətləndirmə meyarı olardı. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi otuz ildən yuxarı vaxt kəsiyində Azərbaycan malik olduğu böyük intellektual və insani potensialı, mövcud təbii resursları, bir sözlə, mövcud milli gücü ölkənin qətiyyətli tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı əldə etmiş və bununla da öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur. Qədim və zəngin tariximizə müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi daxil olan bu dövr məhz Ulu öndərin adı ilə bağlıdır.Ümummilli lider öz siyasi və dövlətçilik fəaliyyətində Vətənə, xalqa, torpağa bağlı olmuş, onlara sonsuz məhəbbət hissi ilə yanaşmış, qurub - yaratmaq arzusu ilə yaşamış, milli ideallara sıx bağlı olduğunu nümayiş etdirmişdir. Bu dahi İnsan bütün zəngin və mənalı həyatında həmişə xalqını, Vətənini düşünmüş, ölkəmizin ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. Böyük strateq hələ hakimiyyətinin birinci mərhələsində, imperiyanın güclü olduğu dövrdə xalqın milli təfəkkürünü repressiya xofundan, mövcud təzyiq və təhdidlərdən qorumuş, milli-mənəvi dəyərləri dağılmaqdan xilas etmiş, milli şüurun yüksəlişinə istiqamətlənən ardıcıl tədbirlər həyata keçirə bilmişdir.Məhz Ulu öndərin rəhbərliyi illərində ölkəmiz nəhəng və sürətli inkişaf yolu keçərək fərqli bir durum yaratmağa, yeni cəmiyyət parametrləri qurmağa nail olmuşdur. Həmin illərdə ölkənin inkişafı başqa respublikalardan fərqli olaraq, sadəcə, prosesin adi axarının təzahürü formasında getməmişdir, bütün baş verənlər bir qayda olaraq, əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə kimi özünü göstərmiş, hamıya nümunə olacaq səviyyədə olmuşdur. Ümummilli liderin hakimiyyətinin birinci dövründə cəmiyyətimizin həyatında baş verən sürətli tərəqqi sayəsində ölkənin mahiyyət etibarilə yeni keyfiyyət halının formalaşması, tariximizin isə yeni inkişaf mərhələsinə keçməsi hamı tərəfindən qəbul edilən reallıqdır. 1993-cü ildə Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın ikinci dəfə yeni keyfiyyət halını və deməli, yeni tarixi mərhələni yaşaması başqa siyasi reallıqlar çərçivəsində baş verən hadisə olmuş və bu birbaşa onun adı ilə əlaqədardır. Ölkənin müasir tarixində olan xidmətləri və həyata keçirdiyi nəhəng missiyası ilə Ulu öndər Azərbaycanın intibahının əsasını qoymuşdur-onun müəllifi olduğu nəhəng işlər sadəcə ənənəvi həyat irəliləyişinin ardıcıllığı sistemindən irəli gələn adi inkişaf olmamışdır, bütün bunlar keyfiyyət dəyişikliyinə gətirib çıxarmağa qadir olan sürətli bir yüksəliş olmuşdur. Tariximizin keçən əsrin 70-ci illərindən başlayaraq baş verənlər Ümummilli liderin tarixi missiyasının təntənəsi, müasir Azərbaycanın yaradılmasına hazırlıq və onun reallaşması demək idi-Müstəqil Azərbaycan bu dahi şəxsiyyətin müstəsna tarixi xidməti oldu. Hər bir xalqın tarixində onun müstəqil dövlətini yaratmaq kimi əzəmətli vəzifəni öz üzərinə götürmüş liderlər olmuşdur. XX əsrin əvvəllərində qazandığı dövlət müstəqilliyini uzun illər itirmiş Azərbaycanın məhz XX əsrin sonlarında öz istiqlalına qovuşmuş, milli dövlətçiliyini bərpa edərək müstəqil dövlətini yaratmaq missiyasını şərəflə yerinə yetirmişdir-tarixin hökmü ilə bu möhtəşəm missiyanı türk dünyasının nəhəng şəxsiyyəti olan Heydər Əliyev yerinə yetirmişdir. Hər birimiz müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlara görə məhz xalqın böyük oğluna minnətdar olduğumuzu qürurla bildiririk.Tarixin gedişinə təsir göstərən dahi şəxsiyyətlər, böyük siyasi liderlər öz mütərəqqi ideyaları ilə xalqı ətraflarında birləşdirməyə çalışmış, hər bir addımda ictimai inam qazanmağa cəhd etmiş, məhz bu siyasəti ilə böyük uğurlara imza atmışlar. Bütün işlərində daim ictimai mənafeni üstün tutan, xalqın dəstəyinə daha çox arxalanan siyasi lider istənilən siyasi mərhələdə xalqın sabit inkişaf yolunu düzgün müəyyənləşdirə bilmiş, milli maraqları qoruması ilə seçilmişdir. Siyasətdə ictimai inam qazanmaq məramı bu gün də öz aktuallığım itirmir-hakimiyyəti millətə layiqli xidmət vasitəsi hesab edən və bunu əməli fəaliyyəti ilə göstərən liderlər məhz milyonların iradəsi hesabına dövlətə rəhbərlik etimadı qazanırlar. Tarixin bütün mərhələlərində üzləşdiyi sınaqlarından şərəflə çıxan xalqımız XX əsrin son otuz illik taleyini hər zaman qəlbən inandığı, etimad göstərdiyi böyük siyasi liderlə bağlamışdır.Azərbaycan xalqının öz qəlbində əsrlər boyu yaşatdığı müstəqillik ideyaları uzun və əhəmiyyətli təkamül yolu keçmiş, XX əsrin 70-ci illərindən başlayaraq bu arzuların həyata keçməsinə ciddi hazırlıq işləri görülmüş, əsrin son onilliyində ölkənin milli yüksəlişinin məfkurə əsası kimi reallaşmışdır. İmperiya ambisiyasının tüğyan etdiyi dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin milli ruhun inkişafına təkan verən cəsarətli addımları, ölkəni İttifaq miqyasında tanıtmaq yolundakı gördüyü böyük tədbirlər, bütün sahələrdə həyata keçirilən titanik işlər müstəqilliyə gedən yoldakı uğurlardandır. Ulu öndər özünə xas olan müdrikliklə dərk edirdi ki, siyasi müstəqillikdən məhrum olmuş xalqın milli ruhunu dirçəltməyin ən etibarlı yolu məhz iqtisadiyyatın inkişafı ilə bağlıdır. Güclü iqtisayyat xalqın özünə inamını artırmağın mühüm vasitəsidir, bu da öz növbəsində milli ruhu yüksəltmək, milli oyanışı gücləndirmək və millətin özünü ifadə etmək arzusunu daha dərindən alovlandırmaq qüdrətinə malikdir. Ümummilli liderin hakimiyyətinin birinci mərhələsində respublikanın sıçrayışlı iqtisadi yüksəlişinin xalqımızın müstəqillik məfkurəsinin möhkəmlənməsində əvəzsiz rol oynadığını qeyd etmək lazımdır. Xüsusi ilə vurğulamaq lazımdır ki, məhz bu illərdə respublikanın inkişafı universal səciyyə daşımış, hərtərəfli yüksəliş həyatın hər sahəsini əhstə etmişdir. İqtisadi inkişafla yanaşı, milli ruhu yüksəltməyə birbaşa təkan verən mədəni və mənəvi intibah meyilləri də aydınca müşahidə edilmişdir-bütün bunlar atılan addımların milli – məfkurə məna tutumuna malik olduğuna göstərmişdir. İqtisadi inkişafın formalaşdırdığı milli özünəinam hissləri mədəni-mənəvi yüksəlişin yaratdığı milli özünüdərk və özünüifadə istəkləri ilə tamamlanaraq əslində müstəqillik məfkurəsinin gündən-günə möhkəmlənən nüvəsini əmələ gətirirdi. 1977-ci ilin Konstitusiyasında SSRİ - nin əyalətlərindən biri olan respublikamızda Azərbaycan dilinin dövlət dili elan edilməsi yuxarıda irəli sürülən tezisi təsdiqləmək gücündə ola biləcək çoxsaylı dəlillərin ən bariz nümunəsi sayıla bilər. Ulu öndərin 80-ci illərdə nəhəng bir dövlətin ali rəhbərliyində təmsil olunması milli qürur və iftixar hissi yaradan amil olmuş, milli məfkurəvi rol oynamışdır.

Ümummilli liderin hakimiyyətinin birinci dövründə böyük məharətlə öz həllini tapmış məsələlərdən biri də Bakıya qarşı onilliklər ərzində aparılan məkrli niyyətlərə son qoyulması olmuşdur-Mərkəz ermənilərin fitvası ilə Bakıya qarşı nə İttifaqda, nə də dünyada analoqu olmayan tələ hazırlamışdır:Bakıda yaşayan əhalinin xeyli hissəsinin qeyri-azərbaycanlı olmasını əldə bəhanə tutaraq “Bakı beynəlmiləl şəhərdir” kompaniyası aparır, Bakını Azərbaycandan ayırmaq, “xüsusi statusla” birbaşa Mərkəzə tabe etməyə can atırdı. Bu məsələ dəfələrlə yüksək səviyyələrdə qaldırılmış və təkidlə onu həll etməyə çalışan qüvvələr 70-ci illərdən yenidən fəallaşmışdırlar. Məhz Ulu öndərin uzaqgörən siyasəti nəticəsində xalqımıza qarşı yönələn bu düşmənçiliyin də qarşısı alınmışdır-sürətlə istifadəyə verilən fabrik və zavodların işçi qüvvəsinə olan ehtiyacı rayonlardan gələnlər hesabına təmin olunmağa başlandı, çox tezliklə 8-ci kilometr və Əhmədli qəsəbələri salındı-beləcə Bakının demoqrafik problemi həll olundu.Ulu öndərin təşəbbüsü ilə 70-ci illərdə Xarkovda tikilməsi nəzərdə tutulan və bütün hazırliq işləri görülən kondisioner zavodunun Moskvanın razılığı ilə Bakıya köçürülməsi o dövrdə digər respublika rəhbərləri arasında qısqanclıqla qarşılanmışdır-zavod vaxtından iki il əvvəl istifadəyə verildi, yeni iş yerləri açıldı, respublikamız Yaxın Şərq ölkələrində tanındı və Bakı kondisionerləri tezliklə təkcə Azərbaycanın deyil, həm də İttifaqın brendinə çevrildi.Hər bir xalq üçün qürurverici hal onun liderinin ölkənin hüdudlarından kənarda tanınması və onun dahi şəxsiyyət olmasının etiraf olunmasıdır-bu məfkurəyə və milli düşüncəyə yüksək səviyyədə təsir göstərən amildir. Ümummilli liderin dünyanın iki super dövlətlərindən birinin rəhbərlərindən olması gerçəkliyini düşünmək özü belə hər kəsdə sevinc dolu həyacan yaşadır-onun hakimiyyətə gəlişinə qədər dünyada və hətta İttifaqda belə Azərbaycanı tanıyanlar çox az idi, qonşularımızdan fərqli olaraq bizə qarşı ögey münasibət hökm sürürdü-məhz 70-ci illərdən Azərbaycan sürətlə tanınmağa başlandı, hər il Ümumittifaq sosializm yarışlarının qalibi olan respublikamızda Mərkəzdən ayrılan vəsait hesabına böyük quruculuq işləri aparılmağa başlandı. Azərbaycan məhz onun sayəsində XX əsrin son onilliklərində öz intibahını yaşamış, bütün sahələr üzrə böyük uğurlara imza atılmışdır. Ulu öndərin milli lider kimi birmənalı olaraq bütün xalq tərəfindən qəbul edilməsi milli azadlıq məfkurəsinin yeni mərhələdə formalaşmasında həlledici rol oynamışdır.Məhz bunun sayəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda azadlıq hərəkatı SSRİ-nin digər respublikaları ilə müqayisədə daha böyük vüsət ala bilmişdir. Heydər Əliyev fenomeni geniş vüsət almış azadlıq hərəkatı ilə sıx bağlı olmuşdur, məhz onun adı və şəxsiyyəti azadlıq hərəkatını daha da gücləndirmiş və ona əlavə güc verən fenomen olmuşdur-bu fenomenə olan ehtiyac Azərbaycanın öz müstəqilliyini elan etdikdən sonra ilk aylarda daha aydın hiss olunmuşdur.Müstəqilliyin ilk dövrlərində yaşanan siyasi qeyri-sabitlik, tez-tez təkrarlanan hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün daha da dərinləşməsi, mövcud xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, yaranmış daxili böhrandan faydalanan erməni təcavüzünün getdikcə genişlənməsi, daha çox Azərbaycan torpaqlarının işğal edilməsi, ölkənin dünyadan təcrid olunmasına aparılan siyasət, əslində respublikamızın tam təklənməsi Heydər Əliyev fenomeninə yenidən qayıdışı labüd etdi. Artıq hamı bu ideyanı qəbul edir və anlayırdı ki, vaxtında müstəqillik məfkurəsinin möhkəmlənməsində böyük rolu olan Heydər Əliyev əldə olunan müstəqilliyin müstəqil dövlətə çevrilməsinin yeganə təminatı ola bilər-məhz onun sayəsində müstəqillik ideyaları həqiqi gerçəkliyə çevrilə, qazanılmış dövlət müstəqilliyi geriyədönməz ola bilərdi.Azərbaycanın müstəqilliyin bərpası ərəfəsində və suverenliyin bərpasının ilk illərində ciddi təhlükələr məngənəsində yaşaması, siyasi qeyri - sabitlik, iqtisadi tənəzzül, erməni təcavüzünün coğrafiyasının genişlənməsi, adamlarda yaranan bədbinlik hissləri, ictimai ovqatın dövlət qurucusu olan lider ideyası üzərində köklənməsi güclü şəxsiyyətə ehtiyac yaratmışdır. Hamı əmin idi ki, yalnız müdrik, təcrübəli və qüdrətli şəxsiyyət ölkəni əhatə etmiş total böhranı aradan qaldıra bilər-bir növ, güclü şəxsiyyət Azərbaycanın nicatı kimi qavranılırdı və bu mənada qüdrətli lider ideyası o dövrün siyasi gerçəkliyinin əsas aparıcı qüvvəsinə çevrilmişdir.Azərbaycan tarixinin ən böhranlı mərhələlərindən olan XX əsrin 90-cı illərinin əvvəllərində ictimai düşüncə səviyyəsində güclü lider ideyasının məhz Heydər Əliyev şəxsiyyəti ilə əlaqələndirilməsi o dövrün gerçəkliyinin əsas ideyası olaraq qavranılırdı. Etiraf etmək lazımdır ki, güclü şəxsiyyət ideyası əslində ümidlərin Heydər Əliyevlə bağlanmasına ideoloji baza yaratmaq məqsədi güdür, bütünlüklə cəmiyyəti, onun hər bir təbəqəsini əhatə edən, həm də onu birləşdirən məfkurə rolunu oynayırdı. Heydər Əliyevin xilaskarlıq missiyası dedikdə elə genişmiqyaslı, sistemli və ardıcıl həyata keçirilən islahatları başa düşülür ki, bunların həyata keçirilməsi Azərbaycanın müstəqilliyini əbədi, sarsılmaz və dönməz edir, müstəqil Azərbaycan dövlətinin qurulduğunu bəyan etmək mümkün olurdu. Bu gün müstəqil dövləti quruculuğunun əsasını təşkil edən çoxsahəli və ardıcıl layihələrin uğurla həyata keçirilməsi həm də Heydər Əliyevin xilaskarlıq missiyasının gerçəkləşməsi kimi qəbul edilir. İlk illərdə nail olunan dayanıqlı siyasi sabitlik, iqtisadiyyatda gedən tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların uğurla həyata keçirilməsi, günün tələb etdiyi yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması artıq müstəqil dövlətçiliyi möhkəmləndirən əsasların yaradılması idi. Ölkəmizə yönəlmiş müxtəlif təzyiq və təhlükələrin dəf edilərək birdəfəlik neytrallaşmasında bu dahi şəxsiyyətin dühasının məhsulu olan neft strategiyasının müstəsna rolu olmuşdur. Məhz neft strategiyası hesabına Azərbaycan uğurlu tarazlaşmış xarici siyasət yeritmək manevri qazandı, iqtisadiyyatını dirçəltdi, genişmiqyaslı sosial layihələri həyata keçirmək üçün güclü dəstək əldə edə bildi, ölkəmiz regionda lider dövlətə çevrildi, dünyanın ən dinamik iqtisadiyyatına malik olan ölkə adını şərəflə daşıdı, ölkənin beynəlxalq aləmdə rolu və əhəmiyyəti hissolunan dərəcədə artdı, həm də digər çoxsaylı uğurlarımıza imza atıldı. Neft strategiyasının icrası nəticəsində ölkəmizə milyardlarla dollar xarici sərmayə gətirildi-əgər “Əsrin müqaviləsi” imzalanmasaydı, ondan sonrakı dövr ərzində bütün infrastruktur layihələri həyata keçirilməsəydi, Bakı – Tbilisi - Ceyhan neft kəmərinin tikintisinə başlanmasaydı, bu gün Azərbaycanda iqtisadi inkişafdan söhbət gedə bilməzdi. Məhz “Əsrin müqaviləsi”ndən sonra bütün sahələrdə böyük inkişaf başladı, bir növ bütün iqtisadi inkişaf üçün möhkəm təkan yarandı, Azərbaycanın qarşısında duran sosial məsələlər daha da uğurla həll olunmağa başladı.Bəşəriyyətin yaşadığı tarixi sübut edir ki, qazandıqları milli dövlətçiliyi itirmək və dünya xəritəsindən az qala tamamilə silinmək təhlükəsi ilə üzləşən xalqlar belə taleyüklü sınaq anında bütün məsuliyyəti öz üzərinə götürməyi bacaran qətiyyətli liderlərin müdrikliyi, fenomenal idarəçilik keyfiyyətləri hesabına öz mövcudluqlarını qorumuş, çətinlikləri dəf edə bilmişlər. Qeyri-adi rəhbərlik keyfiyyətlərinə malik olan bu şəxsiyyətlər yaranan sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni böhran dövründə xalqa düzgün yol göstərən, onu fəlakətlərdən qurtaran xilaskar missiyasında çıxış edərək ümummilli liderlik zirvəsinə yüksələ bilmişlər. Siyasi intuisiya və uzaqgörənlik, hadisələrin gedişinə təsir göstərmək və ya onu qabaqlamaq bacarığı böyük liderlər üçün səciyyəvi cəhətlərdən biri hesab oluna bilər-bu elə vacib keyfiyyətdir ki, yalnız bütöv bir xalqa deyil, həm də kiçik partiyaya, qrupa rəhbərlik edən şəxs də siyasi proseslərin gedişini fəhmlə duymalı, gözlənilən uğur və uğursuzluqları əvvəlcədən hesablamağı bacarmalıdır. Məhz iti fəhm və uzaqgörənliyin nəticəsində tarixən bir çox nüfuzlu liderlər siyasətdə qarşıya qoyduqları məqsədlərə yetişərək uğur qazanmış, təmsil etdikləri xalqı böyük fəlakət və faciələrdən qoruya bilmişdirlər.Deyilənlərə rəğmən qətiyyətlə demək olar ki, məhz ümummilli lider Heydər Əliyev belə uzaqgörən, siyasi proseslərin inkişaf gedişini əvvəlcədən duyan, çoxgedişli şahmat kombinasiyalar qurmağı bacaran, hadisələrin gedişinə pozitiv təsir göstərən böyük şəxsiyyət kimi xalqın qəlbində daim yaşayır, onun nurlu xatirəsi hər vaxt dərin ehtiramla yad edilir. Ümummilli liderin hələ sağlığında əfsanəvi, xarizmatik liderə çevrilməsində onun həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü vaxtında və yerində deməyi bacarması, milli ideallar uğrunda mübarizədə sarsılmaz qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Bu keyfiyyətləri hesabına Ulu öndər harada olmasından asılı olmayaraq hadisələrin fövqündə dayanmış, idarəçilik qabiliyyətini tam reallaşdıra bilən siyasi lider imicini qoruya bilmişdir. Liderlik onun xarakterindən, dünyagörüşündən, yaradıcılıq enerjisindən, qurub - yaratmaq həvəsindən irəli gəlmişdir. Böyük siyasətdə öz qarşısına qoyduğu məqsədlərə çatmasında uğur qazanması, rəhbərliyi dövründə xalqı dəhşətli fəlakət və böyük faciələrdən qoruması dahi strateqin iti fəhminin, müdrikliyinin və uzaqgörənliyinin nəticəsi olmuşdur. Böyük siyasi lider öz cəsarəti, çevik və rasional qərarları ilə, ən çətin vəziyyətlərdən düzgün çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətlərdə olmuşdur. Ulu öndər enerjisi, natiqlik məharəti, çevrəsində olan insanların tələbat və ehtiyaclarını ifadə etmək bacarığı ilə fərqlənmiş, cəmiyyətdə ayrı - seçkiliyə yol verməmiş, hər zaman haqqı, ədaləti qorumuşdur. Zamanın nəbzini tutmağı, hadisələrə real qiymət verməyi, siyasi potensialını düzgün dəyərləndirməyi bacaran lider cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, milli inkişafın əsasına çevrilən cəlbedici proqram və konsepsiyaların müəllifinə çevrilir.Ulu öndər özünün siyasi və dövlətçilik fəaliyyətinin bütün mərhələlərində, zəngin və mənalı həyatı yolunda hər an xalqı ilə olmuş, onu düşünmüş, Azərbaycanın ən çətin məqamlarında ölkəni üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. Vətənini və millətini ürəkdən sevən, bütün ömrünü onun tərəqqisinə həsr edən Heydər Əliyevin həyat fəlsəfəsi onun bu sözlərində çox gözəl ifadə edilmişdir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə vermiş və bütün uğurlarımı təmin etmişdir”.Hələ Azərbaycana ilk rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşməsinə baxmayaraq, Heydər Əliyev dühası heç bir çətinlikdən qorxmayaraq xalqda tarixi keçmişi, dili, mədəniyyəti, milli adət- ənənələri haqqında əsaslı təsəvvürlər formalaşdırmağa nail olmuşdur. Həmin vaxtlar İttifaq miqyaslı mətbu orqan olan “Ədəbiyyat qəzetində” böyük həcmli “Qoy ədalət zəfər çalsın” müsahibəsi aydın səmada çaxılan ildırım effekti vermişdir-siyasi lider həmin dövr və oturduğu siyasi kürsü üçün təhlükəli ola biləcək ruhda siyasi vəziyyəti təhlil etmiş, Mərkəzin yerlərdə milli azlıqlara qarşı siyasətindəki çatışmazlığı tənqid etmiş, ilk dəfə olaraq mövcud rüşvətxorluqdan, korrupsiyadan danışmış, görülən işləri təhlil edərək gələcəklə bağlı planları açıqlamışdır. Bu müsahibə Heydər Əliyev fenomeninin böyüklüyünün göstəricisi oldu. Ulu öndərin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricilərindən biri də onun azərbaycançılıq ideyasına, milli özünüdərkin inkişafına, xalqın tarixi yaddaşının özünə qaytarılması prinsipləri əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinə bağlılığı olmuşdur. Tarixi təcrübə ulu öndərin böyük uzaqgörənliklə söylədiyi “hüquqi cəhətdən müstəqil olmaqla real müstəqillik arasında çox böyük məsafə və olduqca ciddi maneələr var”-fikrini təsdiq etmişdir.Tam məsuliyyətlə demək olar ki, elan olunmuş dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək, ona dönməz və əbədi xarakter vermək üçün olduqca böyük işlərin görülməsi tələb olunur. Müstəqilliyin siyasi - iqtisadi, mənəvi-psixoloji, hərbi-hüquqi, ictimai-siyasi təməli qoyulan ilk illərdə Azərbaycanda hakimiyyətdə olan səriştəsizlər mövcud imkanlardan düzgün yararlana bilmədilər-bir çox mütəxəssislərin apardığı təhlillər göstərirdi ki, İttifaqın dağılması ərəfəsində keçmiş SSRİ-də bir neçə respublika, o cümlədən Azərbaycan tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilərdi. Hələ sovet dövründə, Ulu öndərin rəhbər olduğu dövrdə respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaranmışdır. Çox təəssüf ki, dövlət müstəqilliyinin ilk dövrlərində hakimiyyətdə olan şəxslər dünyanın çox sürətlə dəyişən siyasi mənzərəsini nəzərə almağı bacarmadılar və siyasi liderin sonralar qeyd etdiyi kimi, mövcud geosiyasi vəziyyət yeni strategiyanın formalaşmasını tələb edirdi.Müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev siyasətinə istinad edərək qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, dahi şəxsiyyətə məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir. Yeni mərhələdə Heydər Əliyev ideyaları özünün birmənalı təsdiqini tapdı, onun şəxsiyyətin böyüklük parametrləri içərisində həlledici əhəmiyyət kəsb edən cəhətlərdən biri kimi nəinki öz dövrünün ictimai - siyasi proseslərinə təsir etmək imkanı, habelə sonrakı proseslərə də təsir göstərmək qüdrəti özünü açıq göstərdi. Bu baxımdan Heydər Əliyevin şəxsiyyəti, onun əzəməti zaman məfhumu prizmasından yanaşıldıqda daha nəhəng görünür. Azərbaycan xalqının Heydər Əliyev irsinə sadiq olması, onun həyata keçirdiyi siyasətin alternativsizliyini birmənalı şəkildə qəbul etməsi dahi şəxsiyyətin ideyalarının əbədiyaşarlığının göstəricisidir. Bu gün həm daxili və xarici siyasətdə, həm də bütün digər sahələrdə əldə olunan nailiyyətlər, ölkəmizin son illərdə Ulu öndərin müəyyənləşdirdiyi yolla gedərək fövqəladə uğurlar qazanması onun şəxsiyyətinin nəhəngliyini əyani şəkildə təsdiq edir.Bütün bunlar Heydər Əliyev irsinin, onun ideyalarının ölkəmizin müasir inkişafının ideya əsasları rolunu uğurla oynamasının meyarıdır. Heydər Əliyev strategiyası müasir inkişafın ideya əsası olmaqla yanaşı, həm də ölkəmizdə tarixən formalaşmış dəyərlər sisteminə söykəndiyindən böyük perspektiv üçün nəzərdə tutulmuşdur. Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası insanların davranışını stimullaşdırmaq qüdrətinə malik olan dəyərlərin tam dəstini özündə ifadə edir-bu dəyərlər sistemi ümummilli ideyanın təmin edilməsi və hər bir fərdin şəxsi idealının həyata keçirilməsini ehtiva edən prinsip və vəzifələri özündə göstərir. İnkaredilməz həqiqətdir ki, ictimai ideya fərdi qavranma və qəbuledilmə mexanizmi vasitəsilə ictimai və ya ümummilli davranış faktoruna çevrilir. Tarixi təcrübə fərdi maraqlar yükünü daşımaq imkanından məhrum edilmiş ideya sisteminin uğursuzluğa məhkum edildiyini dəfələrlə sübuta yetirmişdir. Bu baxımdan, Azərbaycanın davamlı inkişaf strategiyasının əsasını təşkil edən Heydər Əliyevin baxışları sisteminin gücü milli ideyanın kifayət qədər fərdi maraq ünsürləri ilə yüklənməsindədir. Heydər Əliyevin zəngin irsinə əsaslanan inkişaf strategiyasının təhlili onun üç fundamental başlanğıca-güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan-istinad etdiyini göstərir. Hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyəti ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitədir. Ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində və rifah halında yaşaması sosial - siyasi və milli-əxlaqi mühitin, birgə yaşayış norma və qaydalarının mövcüdluğunu özündə ehtiva edir, bu da özü - özlüyündə güclü dövlət anlamını verir.Ümummilli lider hakimiyyətdə olduğu müddətdə Azərbaycan cəmiyyətinin vahidliyini, bütövlüyünün təmin olunmasını özünün strateji vəzifəsi saymış, cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər-sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Bu yanaşma Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından ən düzgün seçim idi və ötən illərin reallıqları da bunu təsdiqləmişdir. 90-cı illərdə SSRİ adlı imperiyanı sakitcə dağıdan qüvvələr eyni ssenari ilə Azərbaycanı da parçalamağa can atırdılar-cənubda Muğan-Talış hökümətini, şimalda Sadvalın hakimiyyətini, Qarabağda erməni dövlətini, qərbdə ruspərəst qüvvələrin qurumunu yaratmaqla ölkəni parçalamağa çalışırdılar-bütün bu bədnam niyyətin qarşısını məhz Heydər Əliyev qüdrəti ala bilmişdir.Heydər Əliyev şəxsiyyəti bütün sistem və ölçülərin, ictimailəşmiş qəliblərin fövqündə dayansa da, bu ucalıq onun böyük dövlət xadimi, görkəmli ictimai-siyasi xadim və bunlardan da əvvəl – Böyük Azərbaycanlı olması faktını qətiyyən istisna etmir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” – deyən böyük strateq azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz parlaq simasında bir araya gətirmişdir. Şəxsiyyətinin böyüklüyü və miqyası kimi daha iri ölkələrə rəhbərlik etmək imkanında olan Heydər Əliyev Azərbaycan adlı qədim diyarı az qala qarış - qarış gəzərək, rəhbər kimi onun hər bölgəsinə silinməz izlər salmış, sağlığında xalq üçün gördüyü nəhəng işlərlə özü - özünü əbədiləşdirmişdir.Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə bütün incəliklərinə qədər qiymətləndirmək çox çətindir-belə ki, Ulu öndər kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, məmləkətin, ölkənin ən çətin, ağır dövründə böyük xilaskar rolunu oynayır. Bu dahi insanın ictimai-siyasi fəaliyyətinə, keçdiyi çətin ömür yoluna nəzər salanda aydın görünür ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüş, onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmış böyük siyasi xadimdir.Ümummilli liderin memarı olduğu və onun layiqli davamçısı Prezident İlham Əliyevin daha da kamilləşməsi üçün yorulmadan fəaliyyət göstərdiyi müstəqil, demokratik, hüquqi, dünyəvi Azərbaycan dövləti beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur. Ölkədə sabitliyi, əmin-amanlığı, dövlət intizamını təmin etmək, qanunçuluğu və hüququn aliliyini gözləmək sahəsində atılan addımlar, zəngin irsin, hərtərəfli düşünülmüş strategiyanın həyatın gerçəkliyinə çevrilməsi heç şübhəsiz, lider faktoru ilə sıx bağlıdır. Məhz yeni dövrün yetişdirdiyi lider ideyanın bütün əzəmətini dərk etmək və onu yeni şəraitə maksimum uyğun olaraq gerçəyə çevrilmək qüdrətinə sahib olur. Heydər Əliyevdən sonrakı dövrün belə bir fenomenal liderinin İlham Əliyev olduğu artıq özünü qəti şəkildə təsdiqləyə bilmişdir. İlham Əliyevin müasir Azərbaycan siyasətində qüdrətli bir fenomen olaraq meydana çıxması mahiyyət etibarı ilə Heydər Əliyev siyasətinin məntiqi davamı və yeni keyfiyyət halında inkişaf etdirilməsidir.Heydər Əliyevin müstəqil Azərbaycan quruculuğunda əks olunan strategiyası müasir şəraitdə Prezident İlham Əliyevin fəaliyyətində zəngin və qüdrətli Azərbaycanın yaradılması vəzifəsi kimi qarşıda dayanır. Zəngin və qüdrətli Azərbaycan ölkənin tarixinin nəinki yeni mərhələsi, bəlkə daha çox cəmiyyətin tamamilə fərqli keyfiyyət halı kimi qəbul olunur. Bu özünə daha çox inanan, potensialına daha çox güvənən, nəinki öz hüdudları daxilində, habelə regionda və beynəlxalq aləmdə özünü ifadə etməyi bacaran Azərbaycan deməkdir. Zəngin və qüdrətli Azərbaycan habelə özünü hər cür təhlükələrdən müdafiə etməyə qadir, torpaqlarımıza göz dikənlərə layiqli cavab verməyi bacaran Azərbaycandır. Ölkəmizin bu keyfiyyətləri artıq tarixi gerçəkliyə çevrilmişdir, Azərbaycanın gündən - günə artan iqtisadi qüdrəti siyasi və hərbi gücə transformasiya olmuş, ərazi bütövlüyü bərpa edilmiş, Azərbaycanın iqtisadiyyatı regionun ən güclü iqtisadiyyatına çevrilmişdir. Azərbaycanın büdcəsi region dövlətlərinin üst - üstə büdcələrindən artıqdır. Heç zaman militarizmə meyilli olmayan Azərbaycan indi özünün müstəsna olaraq təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək üçün regionda ən güclü orduya sahibdir. Beləliklə, Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti indi güclü Azərbaycan dövləti kimi tanıtma nişanına sahib ola bilmişdir. Vaxtilə hər birimizin qürur mənbəyi olan müstəqil Azərbaycan indi bütün azərbaycanlıların iftixarına çevrilmiş güclü Azərbaycandır.

Yaşar Əhmədov
Fəlsəfə üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
“Humanitar fənlər” kafedrasının dosenti

Digər xəbərlər