Türkçülük ideologiyasının bərpası
Bütün bunlardan imperiyanın mərkəzində, Kremldə xəbərdar olmaya bilməzdilər. Üstəgəl, o dövrdə ittifaqda çox geniş yayılmış “TT-KAR”, sonradan Sovet DTK- nın “TT-RAK” adlandırdığı müəmmalı söz-söhbət! Bu gün SSRİ DTK-nın və Sov.İKP MK-nın arxivlərinə əlimiz çatmasa da, hələ o dövrdə ittifaqı bürümüş bu söz-söhbət haqqında bəzi məlumatlar əldə etmək mümkün oldu. TT- rus dilində olub “TÜRK ÜÇLÜYÜ” mənasını verən “Turetskaya Troyka”, KAR (sonradan RAK) isə Kunayev, Aliyev, Raşidov soyadlarının baş hərfləri idi. SSRİ-də bir vaxtlar haqqında danışılması belə qadağan olunan türkçülük ideologiyasının, türk tarixinin 70-ci illərdə ittifaqda açıq ideoloji xəttə çevrilməsi, Türkologiya institutunun, “Sovetskaya Turkologiya” jurnalının yaradılması, Olcas Süleymanovun “AZ İ YA” kitabının işıq üzü görməsi, bir sıra tarixçi alimlərin on illər boyu qadağan olunmuş Türk tarixinə obyektiv baxışla müraciət etməsi türk dirçəlişinə gətirib çıxarmalı idi ki, bu da ən ciddi siyasi məqsədlərin reallaşmasına yönəlik uğurlu tarixi missiya idi. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilən Heydər Əliyevin ittifaq rəhbərlərindən biri kimi həyata keçirdiyi ən möhtəşəm fəaliyyətlərindən biri, yenə türk xalqlarına tarixi xidməti ilə yaddaşlara həkk olunmuşdur. 1948-ci ildən tikilməyə başlamış “Əsrin Tikintisi” adlandırılan Baykal-Amur Magistralının 1982-87-ci illərdə uğurla başa çatdırılmasını təmin edən Heydər Əliyev bununla türk xalqlarının birliyinin reallaşması yolunda ən ciddi tarixi addımlardan daha birinin müəllifi oldu. Bu magistralın keçdiyi bütün ərazilərin sakinlərinin türk mənşəli xalqalar olduğunu xatırlatmaqla, dediklərimizin təkzibolunmaz fakt olduğuna əmin olmaq mümkündür.
Mixail Qorbaçovun anti-türk siyasətində Heydər Əliyev nişangahı
Qəribədir ki, Mixail Qorbaçov imperiyanın başına keçdikdən sonra bütün hücumlar Kunayev-Əliyev-Raşidov üçlüyünə və onların təmsil etdikləri xalqlara qarşı yönəlmişdi. 1983-cü ildə Şərəf Rəşidovun müəmmalı şəkildə vəfat etməsindən sonra, əvvəl Dinməhəmməd Kunayevi, sonra Heydər Əliyevi vəzifələrindən uzaqlaşdırmaqla kifayətlənməyən M.Qorbaçov hakimiyyəti, ilk qanlı hücumlarını da müxtəlif formalarda bu üç qüdrətli şəxsiyyətin mənsub olduqları xalqlara qarşı yönləndirdi. İlk dəfə Qazaxıstanda qeyri millətin nümayəndəsinin respublikaya rəhbər təyin edilməsinə etiraz edən xalqın qanı axıdıldı. Ardınca Azərbaycanda Qarabağ, Özbəkistanda Oş problemləri süni şəkildə yaradıldı və idarə olunaraq qanlı qırğınlara gətirilib çıxarıldı. Azərbaycanda gedən milli azadlıq mücadiləsindən xəbərdar olan Moskva bu xalqı yenidən yerində oturtmağın ssenarisini hazırladı. Ən yaxşı ssenari də, 1923-cü ildə gələcəyə hesablanaraq Azərbaycanın bətnində yaratdıqları Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni qul-beçələrini hərəkətə gətirməkdən ibarət ola bilərdi. Lakin bunun üçün ilk növbədə Heydər Əliyev fenomeni zərərsizləşdirilməli idi.Ulu Öndər Heydər Əliyevi kənarlaşdırmaq Kreml üçün bir neçə baxımdan vacib idi. Birincisi, SSRİ-nin ali milləti olan rus xalqı ilə müqayisədə türklərin artmaqda olan fəallığının və türkçülüyün getdikcə daha geniş vüsət almasının qarşısı alınmalı idi. Bu ideologiyanın əsas müəlliflərindən olan Heydər Əliyev ölkə rəhbərliyində qaldıqca buna imkan olmayacaqdı. İkinci və başlıca səbəblərdən biri isə M.Qorbaçovun erməni lobbisi ilə məlum işbirliyində olması idi. SSRİ-nin sütunlarının laxladığını yaxşı başa düşən və bunda türk xalqlarının yetişdirdiyi liderlərin tarixi rollarını yaxşı anlayan Qorbaçov və yaxın ətrafı imperiyanı qoruyub saxlamaq üçün millətlər arasında ədavətin sınanmış üsul olduğunu bilirdilər. Azərbaycanda ən münbit şərait olmasına baxmayaraq Heydər Əliyevin Sovet rəhbərliyində olması müqabilində bu şəraitdən də yararlanmaq mümkün deyildi. Bunu yaxşı anlayan sovet rəhbərliyi Heydər Əliyevə qarşı fəaliiyəti məhz onun əleyhinə kütləvi teleqramlarla, məktublarla, eyni zamanda Azərbaycana rəhbərliyi dövründə guya “perepiska” işlərinə rəhbərlik etməsini bəhanə gətirərək onun rəhbərliyi dövrü Azərbaycanın əsas iqtisadi rıçaqlarında ittifaq əhəmiyyətli yoxlamalarla gerçəkləşdirməyə başladı. Nəticə isə birmənalı idi: Heydər Əliyevi təqsirləndirmək üçün bir fakt belə əldə edilmədi və edilə də bilməzdi...
Kremlin Qarabağ ssenarisi və kükrəyən Milli Azadlıq Hərəkatı
Mənbələrdən əldə etdiyimiz faktlar sübut edir ki, məhz Heydər Əliyevin sovet rəhbərliyindən kənarlaşdırılmasından bir neçə həftə sonra M.Qorbaçovun müşaviri Ağambekyanın Parisdə, Daşnaksutyun partiyasının fəalları qarşısında Qarabağın Azərbaycan tərkibindən alınıb Ermənistana ilhaq edilməsi haqqında məşhur çıxışına ilk reaksiya da yenə Heydər Əliyevdən gəldi. Siyasi büronun bir neçə üzvü ilə telefonla əlaqə yaradan Heydər Əliyev bu siyasətin yanlış olması, nəticənin çox ağrılı olacağı haqqında etirazlarını çatdırır. Eyni zamanda tamamilə məxvi şəkildə Moskvada yaşayan, Əlibaba kimi tanınan, əslən Yevlax rayonundan olan Asif adlı şəxs vasitəsilə Bakıya, o zaman ADU-nun rektoru işləyən, Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırovun qardaşı Faiq Bağırzadəyə və akademik Xudu Məmmədova müqavimət hərəkatı yaratmaq haqqında tövsiyə göndərir. Kreml erməni lobbisi ilə razılaşdırılmış bu siyasətindən imtina etmək fikrində deyildi. Lakin bu bir faktdır ki, 1988-ci il fevral ayının 21-də Sov.İKP MK Siyasi Bürosunda Qarabağ ermənilərinin iddiasına, “Dağlıq Qarabağ Muxtar Vilayəti” Xalq Deputatları Sovetinin əsassız və Azərbaycan SSR-in Konstitusiyasına zidd Qərarına baxılarkən, yenə məhz Heydər Əliyev tərəfdarları olan siyasi büro üzvləri bu iddianın qəbuledilməz olduğunu bildirmiş, nəticədə iddia rədd edilmişdir. Bununla belə, Moskva istəyini reallaşdıra bilmişdi. Kremlə lazım olan münaqişənin yaradılması, qan tökülməsi idi ki, bu da Ağdamda və Sumqayıtda baş vermişdi. Ulu Öndər Heydər Əliyev bütün bunların Azərbaycan xalqının azadlıq savaşına qarşı açılmış cəbhə olduğunu yaxşı bilirdi. Elə buna görə də Azərbaycanda müstəqillik uğrunda savaşa qalxmanın vaxtının yetişdiyinə qərar verdi. Bütün xalqın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şüarları altında ayağa qalxması ilə bağlı lazımi adamlara göstərişlərini çatdırdı. Artıq Bakıda, eləcə də respublikanın digər şəhər və rayonlarında xalq Azərbaycanın azadlığı uğrunda ayağa qalxmağa başlamışdı. Lakin Qorbaçov hakimiyyəti nəyin bahasına olursa-olsun Azərbaycan xalqını mütiliyə vadar etmək, əgər tabesizlik etsələr Qarabağın Ermənistana verilməsini təmin edəcəkləri fikri ilə qorxutmaq məqsədi güdürdü. Vəziyyəti nəzarətə almağın mümkünsüzlüyünü görən Azərbaycan KP MK-nın o zamankı birinci katibi Kamran Bağırov istefa verməyə məcbur oldu və Moskva dilini, adət-ənənəsini unutmuş, xalqın psixologiyasından xəbərsiz, yüngül təbiətli Əbdürrəhman Vəzirovu respublika rəhbərliyinə gətirdi. Cəmi bir neçə aydan sonra Vəzirovun bacarıqsızlığını və xəyanətini görən xalq yenidən meydanlara axışmağa başladı. Bütün baş verən hadisələrin xronoloji ardıcıllığını təqdim etmək fikrində olmasaq da, bir sıra mühüm məqamlara toxunmağı zəruri sayırıq. Maraqlı burasıdır ki, 1988-ci ilin noyabr-dekabr meydan hərəkatı amansızlıqla yatırıldıqdan sonra Moskvadan gələn istintaq qrupunun üzvləri bütün sorğu-suallarını Heydər Əliyevlə bağlı qururdular. Bu fakt onu deməyə tam əsas verir ki, Kreml Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizənin baş memarı və hərəkətverici qüvvəsinin məhz Heydər Əliyev olduğunu bilirdi. Sadəcə, bu yöndəki fəaliyyətini o qədər müdrikliklə, məxviliyin tam qorunması ilə qurmuşdu ki, SSRİ-nin hüquq-mühafizə və Xüsusi Xidmət orqanları bunu sübut edəcək heç bir konkret fakt əldə edə bilmirdilər. Bakıdakı Milli Azadlıq Hərəkatı fəalları həbs edildikdə, məhz onları Heydər Əliyevlə bağlı danışmağa vadar etmək istəyirdilər. Qürurverici tarixi faktdır ki, cildlərlə hazırlanan cinayət işlərində, bütün çabalarına rəğmən Moskvadan idarə olunan bəzi ünsürləri nəzərə almasaq, bir nəfər də olsun Heydər Əliyevin əleyhinə ifadə verməmişdir. Bütün bunlar Azərbaycan xalqının yenilmədiyi, azadlıq iddiasından vaz keçmədiyi anlamına gəlirdi. Ermənilərin iddiasından vaz keçməməsi, Ermənistanda yaşayan azərbaycanlıların son nəfərinə qədər bu ölkədən deportasiya edilməsi, Qarabağda Volskinin rəhbərliyi altında, birbaşa Moskvaya tabe olan Xüsusi İdarəetmə Komitəsinin yaradılması, Qarabağda və onunla həmsərhəd Ağdam rayonunda Xüsusi Vəziyyət elan edilməsi, komendant saatının tətbiq olunması, 1988-ci ilin noyabr-dekabr aylarında 17 sutkalıq fasiləsiz mitinq və tətil hərəkatının amansızlıqla yatırılması və digər təzyiqlərdən dırnaqarası “dərs almayan”, azadlıq uğrunda savaşdan geri çəkilməyən Azərbaycan xalqına növbəti gözdağı vermək qərara alındı. 1989-cu ilin yayında Sovet İttifaqı rəhbərliyi SSRİ Ali Sovetinin Qarabağ problemi üzrə komissiyasını yaratdı. Komissiyanın sədri, ukraynalı yazıçı, ictimai xadim Boris İliç Oleynik komissiya üzvləri ilə birgə Qarabağa gələrkən burda bir qrup Azərbaycanlı ilə digər komissiya üzvlərindən kənar, təkbətək görüş keçirir və bu görüşdə Moskvada Heydər Əliyevlə gizli görüşdüyünü, ondan lazımi təlimatlar aldığını, problemin tarixi kökləri haqqında hər şeyi öyrəndiyini bildirir. Həmçinin B.İ.Oleynik M.Qorbaçovun ondan Qarabağın Ermənistanın tərkibinə verilməsini məqsədəuyğun hesab edən rəy hazırlamağı tapşırdığını, ancaq Heydər Əliyevlə görüşdən sonra həqiqətin harda olduğunu anladığını, belə bir rəyin yazılmasının tarixi ədalətsizlik olduğunu deyir və buna getməyəcəyinə hər kəsin əmin olmasını istədiyini bildirir. B.İ. Oleynik onu da qeyd edir ki, Heydər Əliyevlə görüşdən sonra komissiya sədrliyindən imtina etmək istəmiş, lakin yenə Heydər Əliyevin tövsiyəsi ilə imtina fikrindən vaz keçmişdir. Belə ki, o, vaz keçdiyi təqdirdə kimisə təyin edə və o da M.Qorbaçovun istədiyi rəyi yaza, imzalaya bilərdi. Ona görə də Heydər Əliyevin tövsiyəsi ilə bu missiyanı sonadək üzərinə götürməyə qərar verir. Beləliklə, 1989-cu il iyul ayının sonlarında araşdırmanı başa vurub Moskvaya qayıdan komissiya, başda B.İ.Oleynik olmaqla, Heydər Əliyevin müdrikliyi sayəsində, M.Qorbaçovun bu istəyini də ürəyində qoymuş oldu. Bundan az sonra, 1989-cu ilin avqust ayından etibarən paytaxt Bakıda və regionlarda yeni mitinq və tətil hərəkatı vüsət almağa başladı. Xüsusi vəziyyət və komendantlıq rejimi şəraitində kükrəyən bu hərəkatın nəticəsi olaraq artıq suverenliyini rəsmən elan etmiş və Qarabağda Kremlin təyin etdiyi Xüsusi İdarəetmə Komitəsinin ləğv edilməsini parlament səviyyəsində tələb edən Azərbaycan xalqına daha ağır “dərs” verilməli idi. Hadisələrin bu yöndə inkişaf etdiyini görən Heydər Əliyev nələr baş verəcəyini əvvəlcədən proqnazlaşdıraraq, bu ağır günlərdə xalqının yanında olmaq istəyi ilə ittifaq rəhbərliyinə müraciət edərək onun zorla saxlanıldığı Moskvanı tərk edib Vətənə, Azərbaycana gəlməsinə şərait yaradılmasını təkidlə tələb edir. Lakin bütün tələblər cavabsız qalırdı. Nəhayət azadlıq uğrunda kükrəyən xalqın səsini batırmaq üçün xüsusi ssenari ilə hazırlanmış 1990-cı il 20 Yanvar qırğını törədildi. Özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq, bu qanlı hadisəyə etiraz səsini qaldırması isə Ulu Öndərin millətinə, xalqına nə qədər bağlı olduğunu göstərən tarixi məqamlardandır.
Vətənə dönüş...
20 Yanvar qırğınından sonra artıq Heydər Əliyevin dözümü tükənmişdi. Sovet İttifaqının dağılması zamanı yetişirdi və bu tarixi şəraitdən xalqın azadlığı naminə planlı, müdrik addımlarla maksimum yararlanması lazım idi. Kremlin ssenarisi ilə Azərbaycanın o dövrki hakimiyyəti, onunla bərabər Milli Azadlıq Hərəkatına salınmış bir qrupun məhz imperiya maraqlarına xidmət etməsi, sonda xalqın istiqlal arzularının puç olmasına gətirib çıxara bilərdi. Məhz Heydər Əliyevin rəhbərliyi altında 70-ci illərdə formalaşmış, müstəqillik savaşına hazır vəziyyətə gətirilmiş xalq yanlış yollarla növbəti uğursuzluğa düçar edilə bilərdi. Sovet İttifaqında vəzifədən kənarlaşmış, ittifaq rəhbərliyində təmsil olunmuş dövlət xadimlərinin müxtəlif yollarla zərərsizləşdirmə metodları mövcud idi. Demək olar ki, 70 il ərzində Sovet İttifaqında yüksək vəzifələr tutmuş heç bir dövlət xadimi vəzifəsindən kənarlaşdırıldıqdan sonra müstəqil həyat yaşaya bilməmiş, daim ciddi nəzarət altında, xüsusi rejimdə saxlanılmış, imkan düşən kimi həyatına son qoyuimuşdu. Heydər Əliyevə qarşı da bütün vasitələrdən istifadə edilməsinə baxmayaraq, yaradanın köməyi və özünün müdrik, düşünülmüş addımları ilə həm özünü, həm də yaxınlarını, ailə üzvlərini bu repressiv addımlardan qoruya bilirdi.Beləliklə, bütün təqiblərə, təzyiqlərə, ciddi nəzarətə baxmayaraq özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq Moskvanı tərk etməyə, canından da çox sevdiyi Azərbaycana dönməyə qərar verir. Bu dönüşdə özünü və ailə üzvlərini hansı təhlükələrin, hansı hücumların gözlədiyini əvvəlcədən hesablayan Heydər Əliyev, xalqının dar günlərində yanında olmaq, yaradanın onun canına, qanına əta etdiyi tarixi xilaskarlıq missiyasını sona qədər yerinə yetirmək üçün bütün bunları qəbul etdi. Fəqət onun Azərbaycana, Bakıya gələ bilməməsi üçün həm ittifaq rəhbərliyi, həm də ittifaqın istəklərindən çıxmağa özündə güc tapa bilməyən o zamankı Azərbaycan rəhbərliyi hər cür üsullara əl atırdı. Heydər Əliyevin Bakıya gəlməsinə çalışanlar təqib edilir, onun yaxın qohumlarının və əlaqə saxladığı dostlarının telefonları dinlənilir, bütün planlar öyrənilir və bu planların qarşısı hər vasitə ilə alınırdı. Azərnəşrin direktoru, görkəmli ziyalı Əjdər Xanbabayevin qətli, saysız-hesabsız insanların orqanlara çağırılaraq hədə-qorxu ilə Heydər Əliyevin gəlişinə yardım etməkdən uzaqlaşdırılması kmi repressiv addımlar atılmasına baxmayaraq, nəhayət bu tarixi dönüş baş verdi.Moskvada xüsusi nəzarət altında olmasına rəğmən Azərbaycanda baş verən proseslərə ən kritik məqamlarda belə müdaxilə etməyi və Kremlin planlarını pozmağı bacaran Heydər Əliyevin Azərbaycana dönüşü təkcə Kremli narahat etmirdi. Şəxsi ambisiyalarını ümummilli mənafelərdən üstün tutan o zamankı hakimiyyət yetkililəri və İttifaqın başbilənlərinin əli ilə Azərbaycan Xalq Cəbhəsinə salınmış qrupun üzvləri də bu dönüşdən narahatlıq keçirməyə başladılar. Xüsusilə, gələcəkdə, dağıdılaraq yenidən qurulması planlaşdırılan SSRİ-nin rəhbərliyinə gətirilməsi nəzərdə tutulan, bu məqsədlə bütün respublikalarda olduğu kimi Azərbaycanda da qurduğu şəbəkənin üzvləri olan, hərəkatın içərisinə salınmış adamlar, məhz yuxarıdan verilən göstərişlə Heydər Əliyevə qarşı gizli cəbhə açmışdılar. SSRİ-nin yeni kadrlarla yenidən qurulmasını planlaşdıram Kremlin bu siyasətini də pozacaq ən ciddi maneə məhz Heydər Əliyevin olduğunu yaxşı bilirdilər və bütün qüvvələri ona qarşı səfərbər etmişdilər. Bir tərəfdən M.Qorbaçovun rəhbərliyi altında ittifaq rəhbərliyinin, ittifaqın xüsusi xidmət orqanlarının, digər tərəfdən dünya erməni lobbisinin məhv etməyə çalışdıqları Heydər Əliyevə qarşı canından çox sevdiyi doğma Vətəndə üçüncü cəbhə açılmışdı. Yaranmış vəziyyətdə Bakıda onun əl-qolunu bağlayacaqlarını, xüsusilə, onu sevən insanların da əziyyət çəkəcəklərini görən Heydər Əliyev Azərbaycanın bir parçası olan Naxçıvana yola düşməyə məcbur oldu. Bu gün hər kəsi ciddi düşündürən bir sual var: Məhz Heydər Əliyevin sayəsində vəzifə pillələri ilə irəliləmiş o dövrün hakimiyyət yetkililəri nədən ittifaqın ən qətiyyətli və ən müdrik dövlət xadimi olmuş bu fövqəladə qüdrət sahibinə qarşı idilər? Təkcə vəzifələrini itirmək qorxusumu onları buna vadar edirdi?. Bütün təqiblərə, təzyiqlərə, haqsız hücumlara rəğmən tarixi xilaskarlıq missiyasını sona çatdırmaq, azad, müstəqil Azərbaycan arzularını reallaşdırmaq duyğuları ilə mənən silahlanmış Heydər Əliyev artıq dönmüşdü. Artıq müqəddəs arzularını yerinə yetirmək üçün Vətənində idi. Və canından çox sevdiyi bu Vətən onu sevə-sevə ağuşuna almışdı, bu millət onun dönüşünün ilahi dönüş olduğuna inanmışdı. İnanmışdı və inamında yanılmamışdı. Hələ çox çətinliklər, ağır mübarizə dövrü gözləyirdi Onu. Bunu bilirdi və bilərəkdən özünü bu çətinliklərin qoynuna atdı. Həm də sevə-sevə!..
Sonda
Ulu Öndərin Vətənə dönüşündən sonrakı fenomenal fəaliyyəti indiki nəslin şahidliyi ilə reallaşdığından, yazının bu hissəsini burda tamamlamağa qərar verdim. Əminəm ki, tanrının Azərbaycana və ümumən türk dünyasına bəxş etdiyi bu ilahi qüdrət sahibinin fəaliyyətinin cildlərlə kitablara sığışmayan bu dövrü haqqında xüsusi araşdırmalara və analitik təhlillərə əsaslanan saysız-hesabsız əsərlər yazılacaq. Və bu əsərlər HEYDƏR ƏLİYEVİN xalqı və türk dünyası qarşısındakı fenomenal xidmətlərinin bütün məqamları haqqında geniş təsəvvürə malik olmaqda sadə insanlara yaxından kömək edəcəklər. İndilikdə isə HEYDƏR ƏLİYEVin xalqı və türk dünyası qarşısındakı xidmətlərinin ən qısa xarakteristikası ilə yazıya yekun vurmaq istərdik. HEYDƏR ƏLİYEV:
- Yüz illər boyu Azadlıq uğrunda mübarizə aparan, on minlərlə şəhid verən bir xalqın azadlığa gedən ən mükəmməl yolunun xəritəsini çəkdi;
- Müəllifi olduğu bu xəritə üzərində xalqının addım-addım irəliləməsini təmin etdi;
-Yetişmiş tarixi şəraitdən müdrikliklə bəhrələnərək xalqının istiqlala qovuşmasını reallaşdırdı;
-Azadlığın qorunub saxlanmasının, onun əldə edilməsindən daha çətin olmasını bilərək, bu azadlığı əbədiləşdirmək missiyasını da üzərinə götürdü və uğurla sona çatdırdı;
-Türk dünyasının əzəmətini və birliyini özünə qaytarmaq üçün Böyük Turana gedən yolun da xəritəsini yaratdı;
- Azad Azərbaycanın qüdrətli, dünya dövlətləri sırasında söz sahibi olan regional mərkəzə çevrilməsi, türk dünyasının özünə dönüşü yolunun əzəmətli davamının təmin edilməsi üçün gələcək naminə özü qədər Vətənə və xalqa bağlı, müdrik, qətiyyətli bir sərkərdəni – MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİ yetişdirib özündən sonrakı inkişafın davamını təmin etdi;
- Nəhayət, HEYDƏR ƏLİYEV bir bəşər övladı olaraq bütün insanlığa etalon olacaq bir dünya qoyub getdi: bu, Vətənə, xalqa, millətə, ailəyə, dosta, sivil bəşəri dəyərlərə sevgi və bu sevgisinə bir ömür boyu sədaqət, düşmənə barışmazlıq, qətiyyət və müdriklik dünyasıdır. Bir insanın bütün bunları gerçəkləşdirməsi, sadəcə, inanılmazdır. Lakin həqiqətdir. Və bu həqiqətin nuru bizləri hələ çox zəfərlərə, qələbələrə daşıyacaq. Çünki HEYDƏR ƏLİYEVİN yaratmış olduğu AZƏRBAYCAN adlanan “gəmi”nin sükanı arxasında məhz HEYDƏR ƏLİYEV ilahi ruhundan qidalanmış MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV dayanmışdır. Labirintləşmiş indiki dünyanın bütün anti-Azərbaycan qüvvələrinə qarşı fenomenal savaşlardan qələbələrlə çıxan xalqımızın bundan sonrakı dönəmlərdə daha möhtəşəm uğurlarının şahidi olacağımıza əminik!
Təhmasib Novruzov,
Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri, yazıçı-publisist