ABŞ Konqresinin Dağlıq Qarabağa 8 milyon dollar yardım ayırması Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, separatçılığa dəstək, haqsızlıq və ədalətsizlikdir. Bütün dünyada terrorla mübarizəni prioritet vəzifə elan etmiş ABŞ-ın işğal altındakı nəzarətsiz ərazilərə maliyyə yardımı hərbi xuntalara və separatçı rejimlərə dəstək kimi qəbul edilir.
Bu addım ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın neytral status saxlamadığını, bu ölkənin xarici siyasətində ziddiyyətlərin və tərəfkeşliyin olduğunu göstərir. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini, münaqişənin ədalətli həllinə çalışdığını dəfələrlə ən yüksək səviyyələrdə bəyan etmiş ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə dəstəyi beynəlxalq aləmdə onun demokratik imicinə ciddi zərbə vurur və rəsmi Vaşinqtona qarşı inamsızlığı gücləndirir.
ABŞ səfiri: "Birləşmiş Ştatlar "Dağlıq Qarabağ Respublikası" adlanan hökuməti tanımır"
Bu arada ABŞ-ın Azərbaycandakı səfirliyi Birləşmiş Ştatlar Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar yardım ayırması faktını APA-ya şərh edib. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib ki, Vaşinqtonun Dağlıq Qarabağla bağlı rəsmi mövqeyi dəyişməyib: "Birləşmiş Ştatlar Dağlıq Qarabağ Respublikası adlanan hökuməti tanımır. Bu, bizim siyasətimizdir və dəyişməz olaraq qalır.
ABŞ Konqresi tərəfindən müəyyən olunmuş yardıma gəldikdə, ABŞ-ın bu yardımı hökumət üçün deyil, insanlar üçün ayrılır. Bu xalis humanitar yardımdır, minalardan təmizləmə kimi layihələr üçün nəzərdə tutulur. Bu layihələr QHT-lər tərəfindən həyata keçirilir. Əlbəttə ki, Birləşmiş Ştatlar, eyni zamanda, Azərbaycanda məcburi köçkün əhali üçün də yardım ayırır.
Bir daha vurğulamaq istəyirik ki, biz son illər irimiqyaslı minalardan təmizləmə layihələrinə, bu istiqamətdə səylərə dəstək vermişik, məcburi köçkün əhali üçün yeni məktəblər tikmişik və bir sıra çeşidli layihələr vasitəsilə onların həyat şəraitinin yaxşılaşdırılmasına çalışmışıq".
"Separatçı rejimlərə yardım dolayısı yolla həmin rejimlərin dəstəklənməsi anlamına gəlir"
"ABŞ Konqresinin separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı ayırması haqsızlıq və ədalətsizlikdir. Biz hansısa dövlətin digər ölkələrə yardım etməsinə qarışmaq istəmirik. Amma separatçı rejimlərə yardım göstərilməsi dolayısı yolla həmin rejimlərin dəstəklənməsi anlamına gəlir". Bu sözləri Yeni Azərbaycan Partiyasının Sədr müavini və İcra katibi Əli Əhmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı ayrılması haqqında verdiyi qərara münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, ABŞ hökuməti ayrı-ayrı yerlərdə demokratiyanın, insan hüquqlarının qorunması haqqında mövqe bildirib, bu məsələyə həssaslıqla yanaşdığını bəyan edirsə, digər tərəfdən, separatçı rejimlərə maliyyə dəstəyi göstərir. Beləliklə də həmin rejimlərin ömrünün uzadılmasına şərait yaratmış olur: "Biz bu hadisəni qətiyyətlə pisləyirik. Bu cür dəstəklər və yanaşmalar olanda münaqişənin ədalətli şəkildə həll olunması prosesi ciddi şəkildə çətinləşir. ABŞ Minsk Qrupunun həmsədri kimi bir tərəfdən münaqişənin ədalətli şəkildə həll olunmasına çalışdığını bəyan edir, amma separatçı rejimləri dəstəkləyəndə isə belə bəyanatların üzərinə əhəmiyyətli dərəcədə kölgə düşür".
"Ermənistan yardım adı altında aldığı maliyyə vəsaitlərini silah almağa, silahlanmaya sərf edir"
"Özünü demokratiyanın, hüququn aliliyinin beşiyi adlandıran bir dövlətin belə bir addımına, sözsüz ki, heç bir halda haqq qazandırmaq mümkün deyil. Azərbaycanın işğal altında olan ərazilərində "müstəqil"liyini elan etmiş separatçı bir rejimə "yardım" adı altında dəstək verilməsi dolayısı ilə separatçılara hamilik etməkdir". Bu fikirləri isə jurnalistlərlə söhbətində millət vəkili Aynur Quliyeva ABŞ-ın növbəti dəfə Dağlıq Qarabağ separatçılarına 8 milyon dollarlıq yardım ayırmasına münasibətini bildirərkən dilə gətirib.
"Əgər bu, doğrudan da, humanitar yardım aksiyasıdırsa, niyə ermənilər tərəfindən ev-eşiyindən, yurd-yuvasından didərgin salınmış azərbaycanlı məcburi köçkünlərə də bu "xeyirxahlıq"dan pay düşmür? Məgər Dağlıq Qarabağın azərbaycanlı icmasının dəstəyə, yardıma ehtiyacı yoxdur? Heç kəsə sirr deyil ki, Ermənistan yardım adı altında aldığı maliyyə vəsaitlərini silah almağa, silahlanmaya sərf edir. Amerika bunun qarşısını almaq imkanlarına malikdirmi?
Separatçı rejimin səkkiz milyon dolları hansı məqsədlərə xərcləyəcəyinə nəzarət edə biləcəkmi? Əlində belə bir mexanizm varmı? Ümumiyyətlə, Azərbaycan dövlətini məlumatlandırmadan, belə bir qərarın qəbul edilməsi yolverilməzdir" - deyə qeyd edən millət vəkilinin qənaətincə, bu, bir strateji müttəfiq olaraq, ABŞ-ın Azərbaycana olan səmimiyyətini gölgə altına salır: "Ən pis olanı isə odur ki, bu addım ABŞ-ın Qarabağ danışıqları prosesində bir vasitəçi olaraq, tərəfsizliyinə və ədalətliliyinə olan şübhələri birmənalı olaraq, təsdiqləyir. ABŞ ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsindən biri olaraq işğala məruz qalanın yox, işğalçının yanında olduğunu sübut etdi".
Millət vəkilinin bildirdiyinə görə, Azərbaycan hökuməti bu qərarı haqlı olaraq pisləyir: "Amma məncə, biz öz kəskin reaksiyamızı rəsmi şəkildə ortaya qoymalıyıq. Xarici İşlər Nazirliyi etirazını bildirməlidir. Azərbaycan parlamenti adından ABŞ Senatına və Konqresə, o cümlədən, bütün beynəlxalq təşkilatlara, Avropa ölkələrinin parlamentlərinə müraciət edilməli, Azərbaycan xalqının bu məsələyə olan ciddi etirazları beynəlxalq aləmin diqqətinə çatdırılmalıdır.
Bu ədalətsizliyin və ikili yanaşmanın bir milyondan artıq qaçqını və məcburi köçkünü mənəvi və psixoloji baxımdan necə zədələməsi bəyan olunmalıdır. Təcavüzə məruz qalan Azərbaycandır, Ermənistan yox! Amerika bu həqiqətə necə görməzlikdən gələ bilər? Biz daha nə etməliyik ki, dünya Azərbaycanı işğala məruz qalan ölkə olaraq tanısın? Mənə elə gəlir ki, buna nail olunmayınca, Qarabağ məsələsində işğalçı ilə işğala məruz qalana fərq qoyulmayınca, danışıqlar prosesində problemimizin ədalətli çözümünü tapmaq çətin olacaq".
"ABŞ-ın separatçı rejimə yardım etməsi Azərbaycanın ərazi bütövlüyünün kobud pozulmasına gətirib çıxarır"
Ölkədəki siyasi partiyalar və ictimai təşkilatlar da ABŞ-ın Konqresinin qərarını tənqid etməkdədirlər. Dağlıq Qarabağın azərbaycanlı icması da ABŞ-ın separatçı rejimə yardım ayırmasını haqsızlıq hesab edir. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov bildirib ki, ABŞ əgər ayrı-seçkilik etmirsə, onda Dağlıq Qarabağın azərbaycanlı icmasına da yardım ayırsın: "Dağlıq Qarabağın azərbaycanlı sakinləri də var. Ermənilərdən fərqli olaraq yurd-yuvalarından didərgin düşüblər, evlərini, əmlaklarını, normal yaşayışlarını itiriblər. Münaqişə zamanı heç nəyini itirməyən ermənilərə yardım olunmasını, itkiylə üzləşənlərin isə bu yardımdan kənarda qalmasını necə yaxşı qiymətləndirmək olar?
Əgər ABŞ-ın məqsədi kömək etməkdirsə, bunu həm azərbaycanlılara, həm də ermənilərə ünvanlasın. Amerika nəyə görə bu məsələdə ayrı-seçkilik yaradır, işğalçıya, separatçıya, erməni millətçilərinə, faşistlərə yardım edir? ABŞ dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və bu, münaqişənin həllində onun obyektiv olacağına ümidlər yaradır. Amma Dağlıq Qarabağa yardım edilməsi bu ümidləri azaldır".
Etiraz bəyanatlarında Azərbaycanın milli maraqlarına zidd olan Azadlığa Dəstək Aktına "907-ci düzəliş"in ləğv olunmadığını, əvəzində isə Azərbaycanın 20 faiz torpaqlarını işğal etmiş Ermənistana və Dağlıq Qarabağdakı separatçı ermənilərə hər il milyonlarla dollar yardım ayrılması beynəlxalq hüquqa sayğısızlıq və ikiüzlü siyasət kimi qiymətləndirilir.
"İrəli" İctimai Birliyi də ABŞ Senatı və Nümayəndələr Palatasının qərarı ilə bağlı etiraz bəyanatı yayıb. Təşkilatdan SİA-ya daxil olan bəyanatda Konqresin Dağlıq Qarabağ separatçılarına iqtisadi yardım paketini qəbul etməsi qəti şəkildə pislənir: "Bu qərarın qəbulu beynəlxalq hüquqa ziddir və ABŞ-Azərbaycan münasibətlərinə, ölkələrarası strateji müttəfiqliyə ciddi şəkildə mane ola bilər. Hər şeydən əvvəl, qeyd olunmalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və ABŞ da, öz növbəsində, Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Ermənistanın işğalçı fəaliyyətinin nəticəsi olan saxta "Dağlıq Qarabağ Respublikası" isə heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb, buna görə də müstəqil dövlət kimi heç bir qanuni fəaliyyət göstərə bilməz. Belə bir halda ABŞ-ın separatçı rejimə açıq-aşkar yardım etməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin kobud şəkildə pozulmasına gətirib çıxarır".
Azay Quliyev: "ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ götürdüyü öhdəliyə zidd addım atmamalıdır"
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ABŞ Konqresinin belə bir təşəbbüsünü qanunsuz hesab etdiyini deyib: "Bu, ABŞ-Azərbaycan münasibətlərinə ziddir. ABŞ Azərbaycan ərazi bütövlüyünü tanığını, Dağlıq Qarabağdakı rejimin separatçı bir rejim olduğunu dəfələrlə bəyan edib".
Millət vəkilinin fikrincə, ABŞ Dövlət Departamentinin yaydığı hesabatlarda Dağlıq Qarabağ nəzarətsiz bir zona kimi təsvir olunur və haqlı olaraq, həmin zonadan istifadə edərək, bir çox çirkli biznes nümayəndələrinin narkotik ticarət ilə məşğul olduğu qeyd olunur. Belə olan halda ABŞ Konqresi bu cür təşəbbüsdə çıxış edən zaman özlərinin əvvəlki siyasətlərinə istinad etməlidirlər.
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsinin açıqlamasına toxunan Azay Quliyev "Biz Dağlıq Qarabağı tanımırıq. Biz bu vəsaiti Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsinə kömək üçün veririk" fikri ilə bağlı əks-tərəfə sual ünvanlayır: "Mən sual edirəm: Dağlıq Qarabağda minaları kim basdırıb? Ermənistanın nəzarəti altında olan əraziyə, yəni işğal altında olan ərazilərdə minaları kim basdırıb? Ona görə də bu izahat məqbul sayıla bilməz".
Azay Quliyev hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, ABŞ götürdüyü öhdəliyə zidd addım atmamalıdır. "Bu addım ondan ibarətdir ki, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və hər hansı separatçılığa, bölücülüyə yol verilməməlidir"-deyən Azay Quliyev hesab edir ki, əgər onlar doğurdan da, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağa hansısa humanitar yardım etmək istəyirlərsə, bunu balanslı şəkildə etməlidirlər və bu, Azərbaycan vasitəsilə olmalıdır.
Sənədlərdə məhz bu qrafada belə göstərilməlidir: "Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində olan insanlara müəyyən yardımların edilməsi". Bu da Dağlıq Qarabağın həm erməni icmasına, həm də azərbaycanlı icmasına bərabər şəkildə edilməlidir. Onda biz ABŞ-ın tərəfsiz və ədalətli mövqeyi haqqında qəti fikir söyləyə bilərik"- Azay Quliyev bildirib.
Millət vəkili əlavə edib ki, QHT-lər çoxsaylı müraciətər qəbul edib, onlar ABŞ Konqresinə göndərilib: "QHT-lərə Dövlət Dəstəyi Şurası olaraq bizə də müraciətlər olub ki, bir qrup nümayəndə heyətilə ABŞ-a gedək. Orada mətbuat və digər vastələrə öz etirazımızı bildirək.
Hesab edirəm ki, etirazlar ən müxtəlif formalarda olmalıdır. Hələ ki, şans var. İmkan var ki, qanun layihəsi Konqresdən keçməsin. Bu, hələlik, Konqresdə müzakirə üçün təqdim olunan bir layihədir. Dünya azərbaycanlıları və Türkiyə diasporası tərəfindən lazımi təpki olarsa, inanıram ki, bu qanun layihəsi konqresmenlərin müzakirəsindən keçməz".