Ulu öndər Heydər Əliyevin anadan olmasının
Dünən Səbail rayonu, Badamdar qəsəbəsindəki T.Məmmədov adına 239 saylı orta məktəbdə Azərbaysan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86 illiyinə və Heydər Əliyev Fondunun yaradılmasının 5 illiyinə həsr olunmuş təntənəli tədbir və Heydər Əliyev açıq dərsləri keçirilib.
Rayon ictimaiyyətinin, Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşlarının iştirakı ilə keçirilən tədbiri 239 saylı məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova açıb.
Toplantıda iştirak edənləri salamlayan Səbail rayon icra hakimiyyətinin başçısı Sahib Ələkbərov ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yenidən qurulmasındakı misilsiz xidmətlərindən danışaraq, Heydər Əliyev irsinin yeniyetmə və gənclər tərəfindən dərindən öyrənilməsinin vacibliyini xüsusi vurğulayıb.
Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil Azərbaycanımızın inkişafı istiqamətində apardığı işlərdən söhbət açan S.Ələkbərov son illər ərzində əldə olunmuş uğurları, o cümlədən, təhsil sahəsindəki uğurları tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra o, bu günlərdə yaradılmasının 5 illiyini qeyd edən, Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirdiyi konkret layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Qeyd olunub ki, bu layihələr çərçivəsində 239 saylı orta məktəbin həyətində 880 şagird yerlik yeni məktəb binası tikilib, məktəbin köhnə binası isə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub. Məktəbin həyətində hər cür şəraiti olan süni yaşıl örtüklü stadion da tikilib istifadəyə verilib.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Məhəbbət Qarabağlı ulu öndər Heydər Əliyevin təhsilin inkişafındakı rolundan danışıb, şagirdlərə bilik və savadlarının artırılmasında uğurlar arzulayıb.
Tədbirdə məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Rəsmi hissədən sonra qonaqlar müxtəlif mövzulu 19 açıq dərsdə və "Azərbaycan-dünyam mənim" mövzusunda dəyirmi masada iştirak ediblər.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət qəbul olunub.