"ABŞ Azərbaycanın strateji müttəfiqidir. Bu strateji müttəfiqlik Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən başlayıb və bu günə qədər də davam edir". SİA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda keçirilən dinləmələrdə çıxış edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan neft, enerji sektoru ilə əlaqədar ABŞ-ın dəstəyini hər zaman hiss edib: "Bizi əhatə edən dövlətlərə nəzər salsaq görərik ki, neft və qaz sektorunda onlar bizə rəqib olan dövlətlərdir. Bu baxımdan onların şəxsi maraqları ilə yanaşı beynəlxalq maraqları da var. Hesab edirəm ki, böyük dövlətlərin dəstəyi və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi olmasaydı neft müqavilələri imzalana bilməzdi. Çəkilən kəmərlərə nəzər salsaq görərik ki, onların çəkilməsində ABŞ-ın xüsusi strateji dəstəyi olub. Azərbaycanın hərbi sahədə ABŞ-la strateji əməkdaşlığı var: "Azərbaycan hər zaman ABŞ-la strateji müttəfiqliyinə sadiq qalıb." S. Novruzov qeyd edib ki, biz hərdən ABŞ-dakı qeyri-hökumət təşkilatlarının fəaliyyətini ABŞ-ın adına yazırıq: "ABŞ-ın Azərbaycanla bağlı mövqeyi bəllidir. Ancaq, ABŞ Konqresinin fəaliyyəti tam başqadır. ABŞ az ölkələrdəndir ki, lobbiçilik fəaliyyəti qanunla təsbit olunub. Azərbaycan bir tərəfdən ABŞ-la strateji müttəfiqlik edir, hava məkanın onun üzünə açır, anti-terror əməliyyatına qoşulur, digər tərəfdən isə 907-ci düzəlişi aradan qaldıra bilmirik. Bu düzəliş ABŞ maraqlarına xidmət etmir. Amma, erməni lobbisi imkan vermir ki, bu məsələlər həllini tapsın". Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın ABŞ-la strateji tərəfdaş olmamasını arzulayan dövlətlər var və onların Azərbaycandakı siyasi partiyalarda, QHT-lərdə nümayəndələri var. "Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşüm oldu. Görüşdə qərara gəldik ki, məsələlərə bəyanatlarla deyil, müzakirələrlə, dialoqla aydınlaşdırmaq lazımdır. Kimsə gedir Kozlariçdən həftədə bir dəfə müsahibə alır "Azadlıq" qəzetində dəsr edirsə, bu ABŞ-ın maraqları deyil. Lakin ABŞ-la Azərbaycan arasında münasibətləri qızışdırmaq istəyən dövlətlər bunu fakt kimi ortaya atır. Hesab edirəm ki, bu məsələlər bizim strateji müttəfiqliyimizə heç bir xələl gətirə bilməz".