"Əli Kərimli AXCP üzvlərinə qul kimi yanaşır". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov açıqlamasında deyib. YAP rəsmisi Razi Nurullayevin AXCP-dən istefa verməsinə, onun hakimiyyətə işləməsi haqda iradlara münasibət bildirib. S.Novruzov qeyd edib ki, hakimiyyətə, iqtidara işləmək xalqına, millətinə işləməkdir:`Hakimiyyətə işləmək erməni lobbisinə, erməni lobbisi tərəfindən maliyyələşən qeyri-hökumət təşkilatlarına, Azərbaycanı istəməyən, onun inkişafını gözü götürməyən qüvvələrə işləməkdən qat-qat üstündür. İkincisi isə, Razi Nurullayevin özünün bəyanatında hansı səbəblər üzündən partiyanı, daha doğrusu o dərnəyi tərk etməsi qeyd edilib. Partiyadaxili demokratiyanın olmaması, bütün partiyanın ancaq bir adam üçün işləməsi, insanlara qul yanaşmasının olması və hər bir insanın Əli Kərimlinin gözündə ya tərcüməçi, ya blogger, ya da internetdə onu "like" edən şəxs kimi baxması günün reallığıdır". S.Novruzov AXCP-ni sıxılmış limona bənzədib: "Ümumiyyətlə, Xalq Cəbhəsi dərnəyi sıxılmış bir limondur. Lazımsız bir şeydir. Gördüyünüz kimi Nulland da səfəri zamanı vaxt itkisi olmasın deyə, ümumiyyətlə, onlarla görüşmədi".