Böyük Britaniyanın dünya şöhrətli dəniz ətraf mühitinin mühafizəsi təşkilatı olan "Mavi Dəniz Fondu"nun ("Blue Marine Foundation") sədri Çarlz Kloverin rəhbərlik etdiyi nümayəndə heyəti IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın dəvəti əsasında Azərbaycana səfər edib.
AzərTAc xəbər verir ki, səfər çərçivəsində IDEA İctimai Birliyinin Resurs Mərkəzində müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin iştirakı ilə "Mavi Dəniz Fondu" tərəfindən çəkilmiş və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan "Bir cinsin sonu" filminin ilk nümayişi keçirilib.
Qeyd edək ki, IDEA İctimai Birliyi sözügedən filmin geniş ictimaiyyət üçün nümayişini də təşkil etməyi planlaşdırır. Bu barədə müvafiq elan mətbuatda dərc olunacaqdır. Nümayişdən sonra Çarlz Klover və "Mavi Dəniz Fondu"nun digər əməkdaşları təmsil etdikləri təşkilatın fəaliyyəti barədə geniş məlumat verib, həmçinin tələbələri maraqlandıran sualları cavablandırıblar.
Səfər zamanı Ç.Klover Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva və ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşüb. Görüş zamanı Xəzər dənizində ekoloji vəziyyət və onun faunasının mühafizə və bərpası məsələləri müzakirə edilib. Tərəflər əməkdaşlığın və qarşılıqlı faydalı dialoqun davam etdirilməsinə razılıqlarını bildiriblər. Məlumat üçün deyək ki, "Mavi Dəniz Fondu" 2010-cu ildə dəniz ətraf mühitinin mühafizəsi və okeanların üzləşdiyi təhlükələrin qarşısını almaq məqsədilə təsis edilib. Fondun məqsədi 2020-dək qoruqlar yaratmaqla, okeanların 10 faizinin səmərəli mühafizəsinə nail olmaqdır.